Laçının qədim Turşsu bulağının ətrafını kimlər dağıdıb və ekosidə məruz qoyub?..

Laçının qədim Turşsu bulağının ətrafını kimlər dağıdıb və ekosidə məruz qoyub?..
“Yəni yol çəkməkdən ötrü bu gözəl məkanın ağaclarını qırıb, həmin dərənin yaşıllığını, sərinliyini yox etməyə nə ehtiyac vardı… Bu, əsil ekosiddir, başqa adı yoxdur… Və bunu orada ermənilər də etməmişdi…”
 

Torpaqlarımızın azad edilməsindən sonra o qədim yurdlarımızda başlanan quruculuq işləri Azərbaycanı sevən hər kəsi sevindirir. Fəqət,  Allah da, qanun da kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq heç kəsə, eləcə də heç bir hökumət və ya qeyri-hökumət qurumuna Yuxarı Qarabağ və ya Şərqi Zəngəzurun şəhid və qazilərimizin qanı-canı hesabına azad edilmiş ərazilərimizdə qanunsuz şəkildə, necə gəldi, harda gəldi, üstəlik, həmin yurdların 30 il həsrət, əzab içində qovrulan əsil sakinlərinə, məcburi köçkün vətəndaşların haqqını gözləmədən, onları icmalarıyla məsləhətləşmədən hansısa obyekt, istirahət mərkəzi otel tikmək haqqı, hüququ vermir… 

Təəssüf ki, son 3 il ərzində işğaldan azad edilmiş torpaqlarımızdakı quruculuq işlərində artıq “n” sayda qanunsuzluq, haqsızlıq, ərazinin ekologiyasına, flora və faunasına, eləcə də tarixi abidələrinə və s. zərər vuran tikinti və abaqlıq faktlarına rast gəlinir…
 
Moderator.az xəbər verir ki, belə olaylardan biri də hazırda Laçın rayonunun Ağayunus kəndində baş verməkdədir. Belə ki, sovet dövründən bəri respublikanın rəhbər məmurları, ziyalıları, incəsənət xadimləri və s. başda olmaqla yazın güllü-çiçəkli, yayın isti günlərində səfər edib istirahət etdikləri məkanlardan biri, öz qeyri-adi dadıyla digər belə mineral su mənbələrindən seçilən qədim Turşsu bulağının ətrafı hansısa naməlum şirkətin, naməlum layihəsi əsasında o dərin, sərin dərələrin meşələri qırılıb, suları batırılıb… Turşsu bulağının ətrafının dağıdılmış görüntülərini tanınmış şair İlham Qəhrəman fotoya alıb və ondan əvvəl 2023-cü ilin mayında  çəkdiyi fotolar və şərhlərlə “Facebook”da paylaşıb…

Və bu ekosid hələ kilometrlərlə uzağadək kəndin ən mənzərəli yerlərinə, insanların, o cümlədən bir şəhid ailəsinin vaxtilə kolxoz-sovxoz t tərəfindən verilmiş otlaq yerlərindən keçərək davam edir.. Bu qanunsuzluq və özbaşınalığı təsvir edən fotolar sosial şəbəkələrdə paylanılıb və nəinki Laçın rayonu, Ağayunus kəndi sakinləri, bütün digər soydaşlarımız tərəfindən də kəskin qınanıb…
Bu sətirlərin müəllifi də həmin kəndin sakini olaraq bilir ki, Turşsu bulağından cəmi 300-400 metr məsafədən Ağayunus kəndinin yuxarı hissəsinə normal yol qalxır. Yəni yol çəkməkdən ötrü bu gözəl məkanın ağaclarını qırıb, həmin dərənin yaşıllığını, sərinliyini yox etməyə nə ehtiyac vardı… Bu, əsil ekosiddir, başqa adı yoxdur… Və bunu orada ermənilər də etməmişdi… Laçın rayonunun azad edilməsində sonra da orada yalnız bir neçə ağac qırılmışdı… Bunun üçün 2021, 2022-ci illərin, həmçinin 2023-cü ilin yaz-yay aylarında çəkilmiş foto və video-görüntülərə baxmaq kifayətdir…
 
Baş verən qanunsuzluğa vətəndaşların etrazları barədə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi xəbərdar edilib. Hadisə haqda rəsmi izahat əldə edildikdən sonra daha geniş material təqdim edəcəyik….
 
Tarix: 11-12-2023, 11:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}