Bura səhiyyə ocağıdır, YOXSA BAZAR? - Vətəndaş CANA DOYUB


Göyçay rayonu Qarabaqqal kənd sakini Çərkəzov Hacıbaba Şəmsəddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığım ünvanda dəm qazınının partlaması nəticəsində həyat yoldaşım Musayeva Tehranə Niyaz qızı ll-lll-lV-cü dərəcəli yanıq xəsarətləri almışdır. İlkin tibbi yardım göstərilməsi üçün həyat yoldaşımı Göyçay RMX-nın Acil şöbəsinə apardıq. Lakin adı çəkilən şöbədə həyat yoldaşıma lazımi tibbi-təlimatlara uyğun yardım göstərilmədi. Belə ki, yanğın dərəcəsini təyin etmək məqsədilə "rentgen" və digər müayinələr edilmədi, müvafiq analizlər götürülmədi, həmin sahə üzrə ixtisaslaşmış həkim dəvət edilmədi, konsilyum keçirilmədi. O gecə növbətçi həkim Mahmud Mustafayev idi. Əksinə, orada yüngül ilkin tibbi yardım göstərildikdən sonra xəstəni evə buraxdılar. Həmin gecə lazımi tədbirlər görülmədiyinə görə gecə yarısı xəstəmin vəziyyəti daha da ağırlaşdı. Biz rayon xəstəxanasındakı həkimlərin xəstəmizə laqeyd yanaşdığını gördükdən sonra təkrarən oraya getməyi lüzumsuz hesab etdik. Əlacsız qalaraq xəstəmizi paytaxt Bakıda yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasına apardıq. Bundan sonra, həyat yoldaşıma bülliten yazılması üçün doktor Vüqar Bəkirova müraciət etdik. Öncə o, bizi get-gələ salmağa başladı. Bildirdi ki, xəstə 5 saylı şəhər Klinik Xəstəxanasından sənəd gətirməlidir. Əslində ortada yeganə məqsəd pul tələsi idi. Nəhayət 50 (əlli) manat pul verdiyimi görüb, "Biz iki nəfərik, 50-də üstünə qoy 100 olsun" deyərək məndən 100 (yüz) manat rüşvət aldı. Lakin adı məlum olmayan ikinci şəxsin kimliyini bəlli etmədi. Fikrimcə, arxayıncasına rüşvət tələb edən həkim aldığı pulu yalnız onu himayə edən rəhbərliyi ilə bölüşə bilərdi.
Buna baxmayaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən "Göndəriş" əsasında 13 dekabr tarixində həyat yoldaşım məcburən 5 saylı şəhər Klinik Xəstəxanasına gedərək tələb olunan sənədləri gətirib doktor Vüqar Bəkirova təqdim etdik. O, 21 dekabrda gəlməli olduğumuzu bildirdi. Deyilən vaxtda onun qəbulunda olduğumuz zaman o, həyat yoldaşımın büllitenin artıq 14 dekabr tarixindən bağlandığını bildirdi. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin (c) bəndinin tələblərini pozmaq deməkdir. Ancaq biz aidiyyəti üzrə çoxsaylı şikayətlər etdiyimizə görə Göyçay RMX tərəfindən dekabr ayının 21-dən 29-a qədər yenidən bülliten açıldı.
Cənab Prezident! Nəzərinə çatdırım ki, yuxarıda qeyd etdiyim kimi, Göyçay RMX-nın Acil şöbəsində xəstəmizə olan qeyri-ciddi davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü "Səhlənkarlıq" maddəsini özündə əks etdirir. Göstərilən tarixdə Göyçay RMX-nın müşahidə kameralarına baxış keçirsəniz, hər şey olduğu kimi ortaya çıxacaqdır. Həmçinin, doktor Vüqar Bəkirovun əməli yuxarıda qeyd etdiyim məcəllənin 311-ci (Rüşvət alma) maddəsinə əsas verir. Göyçay RMX-da baş verən özbaşınalıqların, qanunsuzluqların, korrupsiya və rüşvət hallarının tək və yeganə səbəbi yarıtmaz idarəçilikdən irəli gəlir. Əlbətdə sabiq direktorların zamanında da xeyli problemlər var idi. Lakin o zamanlar dərd var idisə də, dərmanı da vardı. Təəssüflər olsun ki, hazırda şikayətlərimizi dinləyəcək rəhbərlik mövcud deyildir. Yəni, bütün bu hadisələrin kökündə direktorun layiqincə yerində olmaması dayanır.
Sizdən çox xahiş edirəm, müraciətim tərəfinizdən obyektiv araşdırılsın, günahkarların cəzalandırılması istiqamətində təsirli tədbirlər görülsün. Sizə öncədən minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 29-12-2022, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}