Milli Şura- REAL qarşıdurması qızışır: qorxaqlıq, satqınlıq... – Skandal

Milli Şura- REAL qarşıdurması qızışır: qorxaqlıq, satqınlıq... – Skandal 10 mart mitinqində iştirakdan imtina edən REAL ilə Milli Şura arasında qarşıdurma dərinləşir

FİA.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, ittihamlar səngimir.

Hər iki tərəf bir-birini günahlandırır. Milli Şura tərəfdarları REAL-ın bu qərarını hakimiyyətə işləməklə əlaqələndirirlər. REAL isə mitinqin faydasız olduğunu hesab edir.

“Əminliklə bildirirəm ki, "ümumxalq" adlanan mitinqin belə olmayacağına elə mitinqə qərar verənlərin özləri də bilirlər”.

bunu ReAL idarə heyəti üzvü Xalid Bağırov deyib. Onun sözlərinə görə, REAL-ın mitinqə qatılmaqdan imtina etdiyi üçün mitinq təşkilatçılarının hücumlarına məruz qalıblar.

“Adamlar yenə 2013-də "Milli Şura" təsis ediləndə ReAl-ın verdiyi qərardan sonra yaratdıqları havaya girirlər.

Hətta, eyni arqumentlər, eyni ittihamlar (parlamentdə yer danışığı, İlqar Məmmədovu buraxmaq alveri və sairə) təkrar olunur. Nə oldu bəs? Hələ də parlamentdə yoxuq, hələ də İlqar Məmmədov içəridədir?

Hətta, o vaxt müxalifət liderlərindən biri bizi "ReAl Milli Şuraya getməsə, ictimai rəy onu məhv edəcək", deyə xəbərdarlıq etmişdi. Bəs niyə ReAl dağılmadı?

Əksinə, etiraf edə bilərsiniz ki, böyüməyə davam etdi. Bəs o zaman o nə "ictimai rəydir" ki, sizdə belə yalnış fikir formalaşdırır?

Ola bilsin ki, həmin "ictimai rəy" digər müxalifətdə olan təşkilatları üçün vacibdir. Digər tərəfdən də bu "ictimai rəy"in onlara qazandırdıqları da ortadadır”,-deyə X.Bağırov bildirib.

Xalid Bağırov qeyd edib ki, vaxtilə ReAL-ı Milli Şuraya getməməkdə qınayanlar sonradan bu təşkilatda baş verənləri görüb ora getməmək qərarını təqdir etdilər:

“Axı bu qədər qısa yaddaşlı olmaq olmaz. Hiss edirsinizmi eyni qapalı çevrənin içində dövr edirsiniz.

Əminliklə bildirirəm ki, "ümumxalq" adlanan mitinqin belə olmayacağına elə mitinqə qərar verənlərin özləri də bilirlər.

Çünki şəxsən mən onları bu qədər sadəlövh hesab etmirəm. Bilmirlərsə, o zaman 10 martdan sonra, yəqin izah etməli olacaqlar ki, niyə bunu bilmirdilər”.

FİA.Az xəbər verir ki, qərarın elan olunmasından sonra Əli Kərimli və Arif Hacılının sosial şəbəkə “cəngavərləri” REAL əleyhinə kampaniyaya başlayıb.

Radikallar İlqar Məmmədovun rəhbəri olduğu hərəkatı qorxaqlıqda, satqınlıqda ittiham ediblər. Hazırda qarşıdurma sosial şəbəkələrdə davam edir.

REAL “tərəfdarları” isə təşkilatın mitinq qərarını dəstəkləyirlər. Onlar mitinq keçirənləri məntiqsizlikdə, səviyyəsiz qərar verməkdə suçlayırlar.

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, Milli Şuranın martın 10-a təyin etdiyi mitinq seçki qanunvericiliyinin pozulmasıdır. O, xatırladıb ki, seçkiqabağı təşviqat martın 19-da başlayır və bu tarixdən sonra nə qədər istəsələr mitinq keçirə bilərlər.

“Bakı şəhər İcra Hakimiyyəti isə Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir. Əks təqdirdə bu qanun pozuntusu ola bilər”.

“Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin edilən mitinqinə münasibət bildirərkən deyib.

M.Pənahov bildirib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır:

“Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir.

Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır.

Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur”.

MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır: “İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun”.
Tarix: 8-03-2018, 09:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}