Artur Rasi-zadə axır ki yola salınır
Seçkidən sonra baş nazir Artur Rasi-zadənin vəzifəsindən gedəcəyi anons edilib

Bu barədə FİA.Az-ın verdiyi xəbərə görə, 
millət vəkili Vahid Əhmədov müsahibəsində deyib.

Eyham xarakterli müsahibədə deputat bildirib ki, baş nazir yaşı ilə əlaqədar istefaya göndərilə bilər.

“Birincisi, Artur Rasizadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var.

Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var.

Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik.

Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər”.

V.Əhmədovun sözlərinə görə, bu iş prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır: 

“Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var.

Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir.

Artur Rasi-zadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub”.

Deputat hakimiyyətin daxilindəki proseslərdən məlumatlı adamdır.

Artur Rəsizadənin gedişi məsələsi ən yüksək səviyyədə, eləcə də mətbuat səhifələrində dəfələrlə müzakirə mövzusu olsa da vəziyyət bu dəfə tamam fərqlidir.

Belə ki, baş nazirin israrlı xahişləri artıq öz bəhrəsini verir: “Məlumat belədir ki, Artur müəllim vəzifəsindən getmək məsələsində bu dəfə lap ciddi təkid edib.

Baş nazir yaşını və səhhətini əsas gətirərək məsələni bu dəfə birmənalı şəkildə qoyub: ”Daha işləyə bilmirəm, gedirəm. Bu iş artıq mənə görə deyil".

Sarayda da bununla razılaşıblar. Çünki cənab Rəsizadənin üzərinə qoyulan işin həcmi və ağırlığı onun yaşı və səhhəti ilə doğrudan da uyuşmur.

Baş nazir 1996-cı ilin noyabrından bəri daşıdığı bu vəzifəsindən həm də ona görə belə israrla getmək istəyir ki, bu post siyasi əhəmiyyətinə görə prezident vəzifəsindən sonra ikinci post olsa da Artur müəllim onun verdiyi imtiyaz və imkanlardan öz şəxsi-korporativ maraqları üçün yararlanmaq barədə heç vaxt düşünməyib.

Heç bir korrupsiya əməlinə bulaşmayan, hakimiyyət daxilində mənafe qrupu yaratmayan, ümumiyyətlə, heç bir qruplaşmaya daxil olmayan Rəsizadə baş nazir kimi çalışdığı bütün bu illərdir yalnız rəsmi və qeyri-rəsmi məvacibə (ayda 20 min manatlıq zərflə) kifayətlənib. O, vəzifədən getsə də bu pulu alacaq.

Qeyd edək ki, Nazirlər Kabineti uzun illər boyu Azərbaycanda tənzimləyici qaydaları, müxtəlif qanun layihələrini işləyib hazırlayan əsas mərkəz rolunu oynayıb.

Verilən məlumata görə, Nazirlər Kabinetinə 1996-cı ildən rəhbərlik edən A.Rəsizadə yaşlı olmasına rəğmən, hakimiyyətin iqtisadi blokunda aparılan bir çox islahatların, dəyişikliklərin əsas ideya müəlliflərindən biridir.

Cənab Rəsizadənin həmçinin dövlət-hakimiyyət orqanlarındakı uzunmüddətli iş təcrübəsi, həmçinin yüksək savadı və bacarığı ilə yanaşı, iddiasızlığı və subordinasiya qaydalarına ən ciddi şəkildə əməl etdiyi üçün daim hörmətinin saxlandığı, ölkə rəhbərliyinin onun əksər hallarda uğurlu nəticə verən təkliflərinə sıcaq yanaşaraq çoxunu qəbul etdiyi bildirilir.