ABŞ Konqresi ermənilərin əlində alətə çevrilir



İşğalı və terroru stimullaşdıran qərar; Bayden erməni lobbistlərinin masaya qoyduğu mənfur qanunu imzalayacaqmı...

Bugünlərdə ermənipərəst konqresmen Adam Şifin və dostlarının təşəbbüsü ilə ABŞ Konqresinin Nümayəndələr Palatası Birləşmiş Ştatların Azərbaycana hərbi yardımını qadağan edən qanun layihəsini qəbul edib. Bu, bir daha Konqresin erməni diasporu və lobbisinin əlində oyuncağa çevrildiyini təsdiqləyən fakt oldu.
Təəssüf doğuran budur ki, 2020-ci ilin iyulunda, Ermənistanın Tovuz rayonuna təcavüzünün və Azərbaycanın neft kəmərlərini hədəfə almasının ardınca ABŞ Konqresi Ermənistanı təcavüzkar ölkə adlandırmışdı və bununla əlaqədar sənəd qəbul etmişdi. Ancaq qəribəsi budur ki, Konqresin qəbul etdiyi sənəd də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi kağız üzərində qaldı və işğalçı, terrorçu Ermənistana qarşı hər hansı tədbirlərin şahidi olmadıq. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra isə dünyadakı ermənipərəst dairələr açıq şəkildə hərəkətə keçdilər və saxta göz yaşı tökən canilərin müdafiəsinə qalxdılar.
Məntiqlə və beynəlxalq hüququn diktə etdiyi kimi, Ermənistan Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə, Gəncənin, Tərtərin, Naftalanın, Bərdənin dinc sakinlərinə qarşı terror törətdiyinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ancaq bu, nəinki baş vermir, üstəlik, erməni ordusuna yenidən toparlanmaq imkanı yaradan yardım qərarları qəbul olunur.
Avropa İttifaqı və Fransanın ayrı-ayrılıqda İrəvana 2 milyard avrodan artıq yardım ayıracağını bəyan etməsindən sonra Ermənistanda revanşist meyllər açıq şəkildə baş qaldırıb, Kəlbəcər və Naxçıvan istiqamətindən təxribatlara ara verilmir, üstəlik, erməni ordusunun modernləşdirilməsi istiqamətində cəhdlər göstərilir. Heç şübhəsiz ki, bütün bunlar arvadı erməni olan Adam Şif kimi konqresmenlərin səylərinin nəticəsi deyil. Azərbaycana qarşı “907-ci düzəliş” adlı sanksiya qərarı 1992-ci ildən ləğv edilmədiyi halda, növbəti dəfə ölkəmizə qarşı mənfur sənəd layihəsinin masaya qoyulması hiddət doğurur. Heç şübhəsiz ki, bu kimi addımlar Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirir və Ağ Ev bunu nəzərə almalıdır.
Düzdür, təqdim olunan qanun hələ yuxarı palatadan - Senatdan keçməli və sonda prezident Co Bayden onu imzalamalıdır. Ondan sonra isə bir neçə il qüvvədə qala bilər. Bu da var ki, ABŞ-ın ölkəmizə hərbi yardımı əslində simvolik idi, əsasən İranla sərhədlərin təhlükəsizliyi üçün ayrılırdı və daha çox siyasi anlam kəsb edirdi. Yəni Azərbaycan bunsuz da keçinə bilər. Lakin qat-qat önəmli olan ölkəmizin adının neqativ planda hallanması, ABŞ ictimai fikrində onun davakar, sülhpərvər olmayan, ermənilərin “haqqına girən” dövlət imicini yaratmaq cəhdidir.
Bəs indiki halda bu layihə Senatdan da keçə biləcəkmi? Azərbaycanın bölgədəki rolunu qiymətləndirməyi bacaran prezident Bayden necə, erməni lobbisinin masaya qoyduğu mənfur layihəni imzalayacaqmı? Azərbaycan və Türkiyə lobbisi, səfirliyimiz sənədin yekun təsdiqlənməsini önləyə biləcəkmi?
Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq" - İlham İsmayıl  (AÇIQLAMA) .
İlham İsmayıl 
Sabiq təhlükəsizlik xidməti zabiti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Konqresdə baş verənlər təəccüb doğurmur: “Frenk Pallone, Adam Şif kimi ABŞ konqresmenləri ilk dəfə deyil ki, Azərbaycan və Türkiyə əleyhinə Senatda sənədlərin qəbul edilməsinə çalışırlar. Amerika erməniləri konqresi bu və başqa konqresmenlərlə ciddi iş aparırlar. Bütün bu baş verənlər yalnız ABŞ ictimai fikrində deyil, bütün dünyada bizim mənfi obrazımızın yaradılmasına xidmət edir və indiki ərəfədə bu fəallığın səbəbi kiçik maliyyə yardımının dayandırılması ilə deyil, Qarabağa status verilməsi ilə əlaqəlidir. Minsk Qrupunun yenidən dövrəyə girib maksimum statusa nail olması üçün təzyiq vasitəsidir. Aydın məsələdir ki, ABŞ siyasətini erməni lobbisinin təsiri ilə qurmur və daha geniş planda, aldığı kəşfiyyat, diplomatik informasiyaların əsasında görür və ermənilərin istəyindən asılı olmayaraq bütün Cənubi Qafqaz bölgəsində maraqlarının hansı şəkildə təmin olunacağına üstünlük verirlər.
Ona görə də bizim səfirliyin və lobbi təşkilatlarının çalışmaları müəyyən fikir oyada bilər, amma həlledici təsir yarada bilməz. Bu, o demək deyil ki, diplomatlarımız, lobbi təşkilatları, Diaspora Komitəsi hər şeyi öz axarına buraxmalıdır. Bu ərəfədə adlarını çəkdiyimiz qurumların məqsədyönlü və təsiredici fəaliyyətinə ehtiyac var və ümumiyyətlə, lobbi, diaspora işinin məhz ABŞ-da fəallaşdırılması üçün ciddi proqram fəaliyyətinin yaradılmasına ehtiyac duyulur".
Bu, peşəkar jurnalistləri çətin duruma salır - Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Nümayəndələr Palatasının Azərbaycana hərbi yardımı qadağan edən qanun layihəsini qəbul etməsi, mahiyyət etibarilə ölkəmizə hər hansı bir formada təsir etmək gücündə deyil: “Bu, siyasi təxribat xarakterli addımdır və nəticə etibarilə ABŞ-Azərbaycan münasibətlərində müəyyən neqativ çalarların yaradılması məqsədilə atılıb. Qeyd edim ki, ABŞ Azərbaycan torpaqlarının işğal edildiyi bir zamanda ölkəmizə qarşı hər cür yardımı qadağan edən ”Azadlığı müdafiə Aktı"na 907-ci düzəlişi qəbul edib. Sonradan ABŞ prezidentləri tərəfindən bu düzəlişin tətbiqi hər il təxirə salınsa da reallıq ortalıqdadır. Biz həm işğala, həm də de-fakto sanksiyaya məruz qalmışdıq. Bu baxımdan, torpaqlarımızı işğaldan azad etdikdən sonra bizə qarşı hansısa qanunların qəbul edilməsinə təəccüblənməməliyik. Belə məsələlərdə geosiyasi maraqlarından daha çox uzun illərdən bəri Azərbaycan torpaqlarının işğalı və erməni məsələsi üzərindən özlərinə biznes quran konqresmen və senatorların maraqlarının da rol oynadığını nəzərə almaq lazımdır".
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı, kommunikasiyaların açılacağı təqdirdə, bu adamların erməni məsələsi üzərindən maddi və siyasi dividentlər əldə etmək imkanları da sıfırlanacaq: “Məsələn, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdikdən və tərəflər arasında diplomatik əlaqələr qurulduqdan sonra təbii ki, adam şiflərin xidmətlərindən heç kim istifadə etməyəcək. Bölgə dövlətləri öz aralarında olan ziddiyyətləri üçüncü tərəflərin iştirakı olmadan müzakirə edəcək və həlli yollarını tapacaqlar. Bu baxımdan, ABŞ Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Azərbaycana hərbi yardımların qadağan edilməsindən daha çox, bölgədəki sülh prosesinə maneə yaratmaq xarakteri daşıyır. Bayden Administrasiyasının məsələyə münasibəti, düşünürəm ki, ABŞ-ın bir dövlət olaraq, Cənubi Qafqaz siyasətinin mahiyyətini də ortaya qoyacaq. Əgər qanun imzalanarsa, bu, Birləşmiş Ştatların sülh prosesinə mane olmaq niyyətindən xəbər verəcək”.
Ermənilər Yuxarı Qarabağda terror dəstələri yaradırlar – Akif Nağı |  Hafta.az
 Akif Nağı 
QAT sədri Akif Nağı isə bildirdi ki, erməni lobbisi bu məsələdə də operativ işlədi: “Dərhal ermənipərəst konqresmen Frenk Pallone tərəfindən qanun layihəsi hazırlandı, Adam Şiff və digər erməni muzdlularının dəstəyi ilə nümayəndələr palatasında qəbul edildi. Şiff açıqlamalarında bu qanunun qəbulunu ”fəxr ediləcək qələbə" adlandırır və daim ermənilərin mövqeyini müdafiə edəcəklərini bildirir. Nümayəndələr Palatasında Nensi Palosi faktoru ilə birlikdə ermənipərəst konqresmenlərin mövqeyi güclüdür, ona görə də qanunu qəbul etmək çətin olmayacaq. Senatda onlar o qədər də güclü deyillər, amma ermənilərin “pul kisəsi” və hay-küyləri böyük ehtimalla orada da təsirini göstərəcək, asan olmasa da, istəklərinə nail olacaqlar".
A.Nağının fikrincə, prezident Baydenin bu qanun layihəsini təsdiq etmək ehtimalı azdır: “O, daha çox siyasi amillərlə bağlı qərar verəcək. İndiki şəraitdə, Rusiyanın regionda ciddi üstünlüyə malik olduğu bir vaxtda Azərbaycan və Türkiyənin incik salınması onların maraqlarına cavab vermir. Bunu həm də ona görə deyə bilərik ki, ABŞ administrasiyası hətta sərhəddəki gərginliklə bağlı loyal mövqe tutur, açıqlamalarda Azərbaycanı narahat edəcək açıqlamalardan çəkinir. Bu qanun layihəsi o qədər də real əhəmiyyətə malik deyil, ötən il bu çərçivədə ABŞ Azərbaycana 1,6 milyon dollar həcmində yardım etmişdi, bu isə Azərbaycan üçün əhəmiyyətli bir şey deyil. Burada mənəvi-siyasi amillər ortaya çıxır. Bu da az əhəmiyyətli məsələ deyil. Ona görə də Azərbaycan diplomatiyası bu məsələdə çevik hərəkət etməli, həqiqətin yanında olan konqresmenlərin fəal mövqe tutmasına, digər təsir imkanlarının işə salınmasına nail olmalıdır”.
QAT sədrinin sözlərinə görə, Azərbaycandakı QHT-lər ictimai xətlə təsir etməyə başlamalı, ABŞ rəhbərliyinə müraciətlər etməli, səfirlikdə görüşlər keçirməlidirlər: “Bunu daha çox Qərb, ABŞyönlü təşkilatlar etməlidir. Biz isə QAT olaraq adətən etiraz aksiyalarına üstünlük veririk. Bu yöndə müzakirə edib qərarımızı verəcəyik. Bir fakt da var ki, ermənilər bu nəticəyə ABŞ-dakı diaspor təşkilatlarının gücü ilə nail olublar. Ona görə də bizim oradakı diaspor təşkilatlarımız fəal olmalıdırlar. Bayram-zad olan kimi TV-lərdən düşmürlər, qotazlı açıqlamalar verirlər. Hansı işləri varsa, çıxsınlar ortaya! Diaspor Komitəsinin də üzərinə böyük məsuliyyət düşür, 30 ildə nə iş görüblərsə, nəticəni ortaya çıxarsınlar. Hər halda, ”güc doğana düşər" deyiblər, dövlət rəhbərliyi hərəkətə keçməlidir".
Ölkə rəhbərinin də dəfələrlə qeyd etdiyi kimi, hərbi müstəvidə döyüşlər başa çatsa da, bizi dünya ermənilərinə və erməniçiliyinə qarşı uzunmüddətli diplomatiya və informasiya savaşı gözləyir. Bu məsələdə Türkiyə və İsraillə əlaqəli təşkilatlar, Türk və yəhudi diaspor qurumları ilə əməkdaşlıqda da fayda var...
Tarix: 3-08-2021, 10:12




Xəbər lenti