40 milyon pu alıblar, düzəltdiklərinə bax… Yaxud, liftlərimiz niyə qırılır?


40 milyon pu alıblar, düzəltdiklərinə bax…
İyunun 18-də Bakıda yeni tikilən binaların birində lift qırılıb, altı nəfər xəsarət alıb.

Ölkədə köhnə və yeni binalarda lift xidməti ilə bağlı tez-tez şikayətlər eşidilir. Halbuki, 2019-cu ildə prezident Bakı daxil olmaqla, bəzi şəhər və rayonlarda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün icra hakimiyyətlərinə 40 milyon manat ayırıb. Vəsait hesabına 266 çoxmənzilli binanın lift problemi həll olunmalı idi.

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyindən (İB) “Turan”a bildirilib ki, 2020-21-ci illərdə istismar müddəti bitmiş 1 min 200-ə yaxın lift yenilənib: “Ölkə başçısının imzaladığı sərəncamın icrası ilə bağlı Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində 2020-ci ildə 581 yeni lift Bakıya gətirilərək quraşdırılıb. 2021-ci ildə daha 625 liftin alınıb quraşdırılması təmin edilib. Bu proses cari ildə də davam edir”.

“İstismara yararsız liftlərin fəaliyyəti dayandırılır”
Fövqəladə Hallar Nazirliyindən (FHN) də mövzu ilə bağlı bunlar deyilib: “Liftlərin dövrü texniki müayinəsi 12 aydan gec olmayaraq keçirilməli və pasportunda növbəti müayinə vaxtına qədər istismara icazə haqqında yazılmalıdır. FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tərkibindəki müfəttişlik ildə bir dəfə bütün liftləri baxışdan keçirir. Bu zaman istismara yararsız liftlərin fəaliyyəti dayandırılır”.

İnşaat mühəndisi Rahab Qaziyev AzadlıqRadiosuna bildirib ki, binada liftlərin yenilənməsi proseduru çox mürəkkəbdir: “Gərək Fövqəladə Hallar Nazirliyi gəlsin, aktlaşdırsın, sonra həmin akt əsasında “Lifttəmir” İstehsalat Birliyi Nazirlər Kabinetinə yazsın. Nazirlər Kabineti isə təsdiqləyəndən sonra lifti dəyişirlər. Bu, uzun zaman aparır”.

Onun deməsinə görə, yenitikili və köhnə binalarda liftlərin texniki vəziyyətinə görə “Lifttəmir” İB cavabdehdir: “Liftləri onlar quraşdırır, elə onlar da rəy verir”.

“Normalda bununla bələdiyyələr məşğul olmalıdır”
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bu sahənin idarəetməsində boşluqlar var: “Mənzil-kommunal istismar sahələri ləğv edilib, amma faktiki fəaliyyət göstərir. Binaların özlərinin idarəetmə sistemi yaradılsa da, onun qeydiyyatdan keçirilməsi proseduru ağır olduğundan problemlər yaranır”.

Onun fikrincə, nəticə etibarilə ayrılmış vəsaitin qeyri-rasional xərclənməsi baş verir: “Paralel olaraq problemlər də olduğu kimi qalır. Normalda bununla bələdiyyələr məşğul olmalıdır. Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır ki, bununla vahid qurum kimi məşğul olsun”.

N.Cəfərli korrupsiya amilini də istisna etmir: “Liftlərlə bağlı mediada dəfələrlə araşdırmalar da dərc olunub. Təəssüf ki, zaman-zaman əməliyyatlar həyata keçirilsə də, kimlərsə cəzalandırılsa da, institusional olaraq məsələ həll olunmur”.
Tarix: 21-06-2022, 09:47




Xəbər lenti

{sape_links}{sape_article}