Kriminal aləmin üzvü kimi sahibkardan pul tələb edən şəxs hakim qarşısında...

Kriminal aləmin üzvü kimi sahibkardan pul tələb edən şəxs hakim qarşısında... Özünü kriminal aləmin üzvü kimi təqdim edərək restoran sahibindən pul tələb edən şəxsin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Hüseyn Mövlanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. İttihama görə, H.Mövlanov özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının sonlarında Xaçmaz rayonu, Çarxı kəndindəki “Ailəvi Bulaq” restoranına bir neçə dəfə gələrək, həmin restoranı icarə əsasında işlədən Ramin Namazova özünü kriminal aləmin nümayəndəsi kimi təqdim edib.

Daha sonra isə ondan aylıq 400 manat pul verməsini tələb edib. Pulu ödəmədiyi təqdirdə o, R.Məmmədovu öldürəcəyini və icarəyə götürüb işlətdiyi restoranı partladacağını bildirərək, onu hədələyib.

Sahibkar R.Namazov ölümlə hədələnməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Onun müraciəti əsasında əməliyyat qrupu yaradılıb. Həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində H.Mövlanov hədə-qorxu ilə tələb etdiyi məbləğdə seriya və nömərələri qabaqcadan protokolda qeyd olunan 400 manat pulu “Ailəvi Bulaq” restoranın həyətində R.Namazovdan aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cibindən R.Namazovdan hədə-qorxu ilə tələb etdiyi 400 manat pul əskinasları və çəkisi 3,225 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin götürülüb.

Xaçmaz Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə əvvəllər məhkum olunmuş H.Mövlanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə tərəfləri dindlədikdən sonra qərarı elan edib. Qərara əsasən, H.Mövlanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İ.Muradov,
Tarix: 13-10-2017, 17:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}