AZƏRBAYCANDA VİRTUAL QUMARXANALAR VÜSƏT ALIB - Cəmiyyəti sarsıdan bu cinayəti kimlər təşviq edir?


Sosial şəbəkələrin və müxtəlif internet portallarının Azərbaycan seqmentində qanunsuz mərc oyunlarının geniş təbliğatı aparılır. "İndi qeydiyyatdan keç, varlan", "oyna və qazan", "milyonçu olmaq istəyirsən?" kimi təşviqedici reklamlarla insanları bu saytlara dəvət edirlər. 
Son vaxlar reklam kampaniyalarının əhatə dairəsi daha da genişlənib. İnternet fenomenlərinin və bəzi müğənnilərin şəxsi profillərində sözügedən qumar oyunlarının reklamı yerləşdirilir.
İnternetdə daha çox "1xBet", "MotsBet", "Vulkanbet", "22bet", "PinUpbet" oyunlarının reklamları ilə qarşılaşırıq. Bu səhifələrin əksər istifadfəçiləri gənclərdir. İstifadəçilər belə elanlara daha tez aldanır və bu platformalara pul köçürərək, mərc etməyə başlayırlar. Son günlər "Telegram" sosial şəbəkəsində də müxtəlif səhifələr qumar reklamında fəallıq göstərirlər. Əldə etdiyimiz məlumata görə, belə saytlar 1 aylıq reklam müqabilində səhifələrə müəyyəm məbləğdə ödəniş edirlər.

Xatırladaq ki, Azərbaycanda 13 illik fasilədən sonra, 2011-ci ildə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu və “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” fəaliyyətə başlayıb. Bu portal təhlükəsiz, dövlət təminatlı və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanunsuzdur.
Azərbaycanda qumar oyunlarında külli miqdarda pul itirənlərin sayı kifayət qədər çoxdur. Bu kimi saytlar müxtəlif fırıldaqlıqlarla, güzəştlərlə insanların diqqətini cəlb etməyə çalışırlar. Maraqlı şəxslər bu oyunlara pul yatıraraq, müəyyən uduşlar əldə etsələr də, balanslarındakı məbləği kartdan çıxara bilmirlər. Bu zaman qazanc əldə edən şəxslərin hesabları dondurulur və balansdakı məbləğləri sıfırlanır. Bu sadə üsulla vətəndaşlar aldadılır və külli miqdarda maddi ziyana düşürlər.
Son günlər bu portallardakı dələduzluqlarla bağlı şikayətlərin sayı artıb. Məsələn, Arif Ağalarov adlı sosial şəbəkə istifadəçisi yazır ki, dostunun dəvəti ilə "Mostbet" səhifəsinə qoşularaq, oyunlarda iştirak etməyə başlayıb. Onun sözlərinə görə, qısa müddət ərzində bu səhifəyə 300 manatdan çox yatırım edib. Daha sonra qazanaraq hesabındakı məbləği 400 manata qədər artırsa da, bu pulu əldə edə bilməyib. Həmin saytdan ona bildirilib ki, təhlükəsizlk səbəbindən hesabı dondurulub və hər hansı əməliyyat apara bilməz. Zərərçəkmiş qeyd edir ki, itirdiyi mələği geri ala bilməyib.
Bir sıra mütəxəssislər bildirirlər ki, ümumiyyətlə son illər mərc saytlarında pul itirdiyinə görə intihar edənlərin sayı xeyli artıb. Əslində, qanunsuz mərclə məşğul olanlarla yanaşı, belə saytları reklam edənlər də məsuliyyət daşıyırlar və müvafiq qurumlar belə şəxslər barəsində ciddi tədbirlər görməlidir.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bu barədə mətbuata açıqlamasında bildirib ki, qanunvericiliyə görə ölkədə bu tip fəaliyyətlər qadağandır: "Kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunlarıyla bağlı reklam yayır və təbliğat aparır. İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən, internet azyaşlılar üçün əlçatan olduğuna görə, belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır".
Osman Gündüz qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparmalıdırlar. Xüsusilə, Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə belə fəaliyyətlərin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil və açıq-aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyatı orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqindədirlər".
Ekspert həmçinin, bu məsələdə ictimai qınağın formalaşdırlmasının vacib olduğu qənaətindədir: "Təbii ki, bu, xoşagələn hal deyil. Xüsusən də azyaşlılar və yeniyetmələr üçün ciddi təhlükə mənbəyidir. Onların bilərəkdən və ya bilməyərəkdən bu cür oyunların təsiri altına düşmə ehtimalı var. Buna görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ciddi narahatlıq hiss etməlidir. Eyni zamanda internetdə olan tanınmış blogerlər və tanınmış şəxslər bu məsələyə ictimai təsir göstərməlidir".
Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov "AzPolitika.info"nun bu problemlə bağlı sorğusuna cavab olaraq bildirib ki, Prezidentin 25 oktyabr 2016-cı il tarixli 1086 saylı Fərmanının icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər ətrafında tədbirlər həyata keçirilir: "Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində internet şəbəkəsində akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 192-1.2-ci maddəsi ilə cinayət işi başlanıb. Onu da nəzərinizə çatdıraq ki, həmin saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Buna baxmayaraq bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklanıb və girişi məhdudlaşdırılıb. Amma "MostBet" və "1xBet" kimi böyük istifadəçi kütləsi olan saytların həm reklamına, həm də girişinə heç bir məhdudiyyət qoyulmayıb.
Tarix: 25-10-2021, 10:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}