Qaravəlli əhvalatlar



Papaqdan təzə üzrxahlıq qafiyəsi çıxıb, ünlü prodüserimiz Tolik müəllim müddətdən artıq xidmət edən hərbçiləri (MAXE) təhqir etmişdir. İndi uca millət öz gündəlik vətənpərvərlik atəşini Tolikin üzərində söndürməyə borcludur. Mən bu cızmaqaranı eləyən anlarda Tolik hələ üzr istəməmişdi. Bəlkə idarəyə aparılması lazım idi, çünki bizdə bəzən vətənpərvərliyin təsdiqi üçün məlum və məlun günahkarın idarədə şapalaq yeməsi vacib olur. Ümid edirəm ən azı sabaha qalmadı. O lətifədə deyilən kimi, “indiyə ana qalmasın” gərək.
Hərçənd biz burada tarixi ironiya ilə üzbəüzük, çünki prodüser Tolikin əsl adının Tarix olmasını məktəbin 10-cu sinif şagirdləri də əzbərdən bilir. Yəni belə çıxır bizi təhqir eləyən Tarixin özüdür. Üzr istəyən də Tarix olacaqdır. Tarix şəxsən bir millətdən üzr istəyərsə, o millət tarix yazmışdır! (Təklif edirəm bu müdrik fikri, afyorizmi ADPU-nun tarix fakültəsinin dəhlizinə yapışdırsınlar, Nizami Gəncəvinin adından. Mənim adımdan yazsalar heç kim oxumayacaq).
Ümumiyyətlə, biz hadisə və faktları analiz edərkən onların adına ciddi fikir verməliyik. Bunun tipik örnəyi Ağcabədidə yaşanmışdır. Deyir orada Qaravəlli kəndinin qəbiristanlığında bir sürü vicdansız qəbirlər üzərində əxlaqsız hərəkətlər törətmişdir. Yeni il gecəsi qəbirlər üzərində araq içiblər, gülləri, ağacları dağıdıb, qırıblar, necə deyərlər, vandalizm hərəkətlərinə yol vermişlər. Hərçənd hüquq-mühafizə orqanlarımız nəinki dirilərin, ölülərin də hüquqlarının keşiyində ayıq-sayıq dayanır: vələdüznaları tutub cəzalandırıblar. 3 nəfər 10 gün həbs, 1 nəfər isə cərimə cəzası almışdır. Ancaq kütləvi informasiya vasitələrimizin bu əhvalata “Azərbaycanda ağlasığmaz hadisə” başlığı qoyması çox şişirtmədir. Çünki Ağcabədidən bir az o yana getsək yüzlərlə kvadrat kilometr ərazidə bir salamat qəbir daşı tapanda sevinirik. Hamısını erməni işğalçıları dağıdıblar. Yəni Azərbaycanda qəbir dağıtmaq artıq ağlasığmaz hadisə deyil. Bəlkə “ağılsız hadisə” başlığı qoyulsa uyğun olardı.
İkincisi, hiss olunur ki, nə sakinlər, nə xəbəri hazırlayan jurnalistlər folklorumuzdan, milli sözlərimizdən bilgilidir. Kəndin adını yada salın: Qaravəlli. Bu nə deməkdir? Qaravəlli bizdə folklor janrıdır, nağılların, dastanların əvvəlində söylənən kiçik, satirik, adətən qafiyəli giriş hissədir. Örnək üçün, “Hamam hamam içində, Xəlbir saman içində, Dəvə dəlləklik edər, Köhnə hamam içində” qaravəllidir. Sözgəlişi, folklorumuzu unutmamaq üçün o qaravəllinin ardını da burda yazıram, gözəl söhbətlər var, uşaqlara verin əzbərləsin:
“Qarışqa şıllaq atdı,
Dəvənin budu batdı.
Xanın yarıtmaz oğlu
Elin varını satdı.
Puluna doşab aldı,
İçdi yıxıldı-yatdı..."
Uzun sözün qısası, nə başınızı ağrıdım, nağıl dili yüyrək olar, qaravəlli əhvalata satirik girişdirsə, qəbristanlıqda gülünc vəziyyətə düşən alkoqoliklər hardasa nağıl qəhrəmanları kimi bir tiplərdir. Sadəcə, indi çalışmaq lazımdır həbs müddətində onların kamerasına tez-tez yeddi qardaş div, saçı uzun ifritə, halarvadı və qulyabanı, cürbəcür əcinnələr baş çəksin. Bununla milli dəyərlərimizə hörmətimizi göstərərik. 
Bircə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli müəllimin dünən 5 aylıq həbs cəzası alması dəyərlərimizə, milli toponimika qaydalarına uyğun olmadı. Onu hansısa sözlərə görə tutmuşlar. Vətəndaşlar ağıllarına və ağızlarına gələni danışmasa, necə inkişaf edərik? Sözə görə adam tutmaq pis hərəkətdir, uzağı cərimə yazılmalıdır. Heç “VİP” hərəkət deyil, dövlətimiz tərəfindən. Tələb edirəm tezliklə azad olunsun.

Zamin HACI
Tarix: 14-01-2022, 09:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}