Deputat vətəndaşları “Poz, qazan”, “Misli” oyunlarını boykot etməyə səslədi


“Çox təəssüflər olsun ki, son zamanlar Azərbaycanda “Poz, qazan”, “Misli” adlı lotereyalar geniş yayılıb. Bu lotereyalarla bizim vətəndaşlarımız çox sayda vəsaitlər itirirlər. Mində bir, on mində bir kimsə burada uduş əldə edir, ancaq minlərlə insan vəsait xərcləyir və heçnə əldə etmir. Nəticə etibarilə ailələr dağılır və onların büdcəsinə çox böyük ziyanlar dəyir. Tez bir zamanda varlanmaq istəyən insanlar isə əksinə daha da müflisləşir”.
 
Siam.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Naqif Həmzəyev deyib. Deputat vurğulayıb ki, bu lotereya oyunlarına görə, evlərini, maşınlarını, biznesini satan insanlar da var:
 
“Mütləq bu cür keçirilən lotereyalara qarşı dövlət təşkilatları tərəfindən tədbirlər görülməlidir. Və insanlar arasında maarifləndirmə aparılmalıdır ki, burada udan ancaq bu yarışı təşkil edən təşkilatlardır. Bütün bunlarla yanaşı digər qanunsuz mərc oyunları keçirdən təşkilatlarda var ki, onlar ümumiyyətlə dövlətə vergi ödəmirlər və vergidən yayınırlar. Ancaq vətəndaşlarımız təəssüflər olsun ki, çoxlu miqdarda vəsaitlər itirirlər.
 

 
Ona görə də, mən şəxsən bu cür yarışları, lotereya oyunlarını pisləyirəm və vətəndaşlarımızı sağlam həyat tərzinə uyğunlaşmağa çağırıram. İnsanlarımızı əməyə alışmağa, işləməyə, alın təri ilə vəsait qazanmağa səsləyirəm. Bu cür yarışların, lotereya oyunların heç cür faydası yoxdur. Yalnız və yalnız insanların cibinə girməkdir, onları müflis vəziyyətə salmaqdır”.
 
“Dövlət qurumlarından xahiş edirəm ki, bu yarışları, lotereya oyunları təşkil edənlər ciddi nəzarətə götürülsün. Onların fəaliyyətlərinə müəyyən məhdudiyyətlər qoyulsun. Onların təşkil etdikləri lotereya oyunlarının nə dərəcədə ədalətli təşkil edilib-edilməməsi audit edilsin. Çünki burada çox böyük şübhələr var və böyük ehtimalla manipulyasiyalar var. Çünki udan az sayda insandır, uduzan isə minlərlədir. Nəticədə isə olan bizim vətəndaşlarımıza olur. Mən bütün vətəndaşlarımızı bu cür oyunları boykot etməyə çağırıram. Xahiş edirəm, bu lotereya oyunlarını almayaq. Belə olacağı təqdirdə bu mərc oyunlarını təşkil edən şəxslər də daha ədalətli olmağa çalışacaqlar və yaxud bunlar tamamilə bazardan çıxacaq”- deyə, deputat fikirlərini yekunlaşdırıb.
 
Demokrat.az
Tarix: 18-05-2022, 21:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}