Yola təkəri itələyən, qatar daşlayan... Tərbiyədən məhrum uşaqlar gələcəyə də ümidi "kəsir"

Yola təkəri itələyən, qatar daşlayan... Tərbiyədən məhrum uşaqlar gələcəyə də ümidi "kəsir"

Deyirlər uşaq ailənin güzgüsüdür. Yəni evində ailəsindən, ata-anasından necə tərbiyə və davranış görürüsə, o da cəmiyyətə qarşı eyni davranışı sərgiləyir. Məsələn, evdə ömrü boyu əzilmiş və alçaldılmış bir fərd cəmiyyət arasında olduğu zaman bu əzilmişliyin əvəzini hamıdan çıxmağa çalışacaq. Kişinin kişi, qadının qadın olmadığı ailələrin uşaqları da cəmiyyətimizin gələcəyi üçün təhlükəlidir...

Təkrar eyni məsələlərə qayıtmaq istəməzdim amma, bir müddət əvvəl baş vermiş “baltalı Əhməd” cinayəti, ötən günlərdə Sumqayıtda gəncin ata-anasını qətlə yetirməsi cəmiyyətin fərdlərinin gündən günə deqradasiyaya uğramasının bir sübutudur.
Çox vaxt ekspertlər, psixoloqlar eyni fikriləri təkrar edirlər, maarifləndirməyə ehtiyac var, psixoloji yardımlara ehtiyac var. Hətta psixoloqlar dönə-dönə təkrar edirlər ki, “uşaqlarınızı evdə əzməyin, aşağılamayın ki, sabah cəmiyyət üçün yararsız, zərərli və xəstə fərdə çevriilməsinlər”. Amma əksər valideynlər bu xəbərdarlıqlara, sözün əsl mənasında heç fikir də vermir. “Uşaq mənimdir, istədiyimi edərəm” fikri valideynlərin uşaqları üzərində hökmranlıq qurma istəyi də əslində əzilmişliyin bir nümunəsidir.
Yadınıza gəlirsə, əvvəllər deyirdik ki, böyüyə hörmət vardı, böyük yanında siqaret çəkilməzdi. Böyük yanında uşaq sığallanmazdı, kişilər həyat yoldaşları ilə mehriban davranmazdı. Qısacası, hörmət və "qorxu" vardı. Qorxu mühitində böyümüş fərdlər valideyn olduğu zaman onların uşaqları da əzilmiş, alçaldılmış, sevgisiz böyüyür. Bu uşaqların cinayətlərə əl atması, qadağan edilmiş vasitələrdən istifadəsi, əxlaqsızlığı təbliğ etməsi və s. əslində normal hal kimi qarşılanmalıdır. Bu problemin aradan qaldırılmasının isə bircə yolu var. Və bu da nə maarifləndirmədən, nə də psixoloji yardımdan keçmir. Bu həll yolu hər bir cinayətkarın layiqincə cəzalandırılmasıdır. Çünki cinayətkar cəzasız qaldığı zaman, daha ağır cinayətlərə əl atır. Düşünür ki, hər zaman cəzasız qalacaq. Azərbaycanda isə, bu nə qədər mümkündür? Bunu siz də yaxşı bilirsiniz...
Ötən gün, 3 azyaşlı Bakı-Sumqayıt qatarını daşa basıb. Azyaşlılar müəyyən edilib, valideynləri ilə profilaktik söhbətlər aparılıb. Bu profilaktik söhbətlərə müəyyən məbləğdə cərimənin də əlavə edilməsi daha yaxşı olmazdımı? Və bu profilaktik söhbətlə yanaşı, xəbərdə “filan məbləğ də cərimə edilib” fikrinin yazılması düzgün olmazdımı? Bu zaman hər kəs bilərdi ki, hansı addımı atdığı zaman hansı məbləğdə cərimə ödəmək məcburiyyətində qalacaq.
Bir müddət əvvəl bir neçə gənc yüksəklikdən avtomobil yoluna təkər fırladıb, əylənirdi. Halbuki, atılan hər bir təkər ağır qəzaya, insanların ölməsinə səbəb ola bilərdi.
Başa düşdük ki, bu uşaqlar ailə tərbiyəsi almamış fərdlərdir. Amma cəmiyyətin tərbiyəsi və hüquq mühafizə orqanlarının təsiri önəmlidir. Valideyninin sahib çıxa bilmədiyi və tərbiyə verə bilmədiyi şəxsləri cəmiyyətdən təcrid etmək mümkün olmadığı üçün tərbiyələndirilməsi şərtdir. Əks halda, bu uşaqlar da gələcəkdə cinayətkar da ola bilər.
Hüquq mühafizə orqanlarının nəzərinə! Gələn dəfə bu kimi hadisələr baş verdiyi zaman “filan məbləğdə cərimə də olundu” xəbərini oxumaq və ya yazmaq istəyirik.
İradə Cəlil, Bizimyol.info
Tarix: 21-04-2024, 23:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}