Ürəklərdə daim yaşayan Xudayar




O, dünyaya gələndən tale onu ağır sınağa çəkib. Anadan olandan iyirmi dörd gün sonra atası Müslüm vəfat edib. Anası Radə dörd uşaqla Bərdənin Qazıqurdalı kəndində ata ocağına qayıtmalı olub. Xudayar bir bacısı və iki qardaşı ilə birlikdə babası Şümşadın, nənəsi Tovuzun himayəsində böyüyüb.

Birinci sinfə Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına məktəbdə gedib. Xudayar ikinci sinifdə oxuyanda ailə vəziyyətləri ilə əlaqədar Ağdam rayonun Baharlı qəsəbəsinə köçüblər və ibtidai təhsilini orada başa vurub. Beşinci sinifdən sonra isə Bərdəyə köçdüklərinə görə həmin rayonda şəhər 1 saylı tam orta məktəbdə oxuyub.

Hərbçi olmağı lap uşaqlıqdan arzu edib. Hətta birinci sinifdə oxuyanda "Əlifba" bayramı keçiriləndə təkidlə özünə hərbi geyim aldırıb.

Lakin onun musiqiyə də böyük həvəsi olub. Bərdə şəhər 1 nömrəli musiqi məktəbində də muğam sinfində təhsil alıb. Onun atası, əmisi və babası musiqiçi olublar. Xudayar musiqi məktəbində oxuduğu illərdə dəfələrlə məktəbdə keçirilən müsabiqələrdə iştirakçı və qalib olub. Musiqiyə çox marağı olsa da, hərbçi olmaq həvəsi onu üstələyib.

Hərbi akademiyaya imtahan versə də qəbul imtahanlarından keçə bilməyib. Vətən qarşısındakı əsgəri borcunu yerinə yetirməyə gedib. Dövlət Təhlükəsizlik Xidmətində nümunəvi qulluq edib, dəfələrlə fəxri fərmanla təltif olunub. Tərxis olunandan sonra 4-5 ay mühafizəçi işləyib, sonra Dövlət Sərhəd Xidmətinin kurslarına daxil olub. Həmin kursu bitirəndən sonra onu Dövlət Sərhəd Xidmətinin Astara nəzarət buraxılış məntəqəsinə göndəriblər. Döyüşlər baş verən günə qədər sərhədçi kimi xidmət göstərib. Ötən il Tovuz rayonu sərhəddində ermənilərin təxribatçılıq hərəkətlərindən sonra ordu sıralarına daxil olmaq üçün könüllü olaraq hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Müraciətinə əsasən onu Murovdağ yüksəkliyinə göndəriblər.

Xudayar Yusifzadənin anası Radə Qurbanova AZƏRTAC-ın müxbiri ilə söhbətində oğlunun döyüş günlərini xatırlayıb: "Zəng edəndə deyirdi ki, burada sərhəd zastavasında xidmət edirəm. Sentyabrın 27-də səhər tezdən duran kimi zəng elədim. Mənim toxtaq olmağım üçün dedı ki, burada heç nə yoxdur, sərhəddə dayanmışıq. Döyüşə getdiyini boynuna almırdı. Deyirdi ki, biz sərhədi qoruyuruq, sən niyə narahat olursan? Bəs qabaqda gedən uşaqların anaları neyləsin? Heç onların anası bəlkə də sən qədər narahat deyil, sən təkcə məni fikirləşirsən!"...

Xudayar Cəbrayıl, Zəngilan və ətraf kəndlərin azad edilməsi uğrunda döyüşlərdə fədakarlıqla iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə, həmin günlərdə Azərbaycan Milli Ordusu çox böyük sürətlə irəliləyirdi. Hətta o qədər sürətlə ki, arxa cəbhədən göndərilən ərzaq da gecikirdi. Lakin heç kəs aclıq-susuzluq hiss etmirdi. Xudayarın ifa etdiyi "Vətən yaxşıdır" təsnifi məhz həmin günlərin yadigarıdır. O, təsnifi oxuyarkən yoldaşları onu telefonla çəkiblər. Xudayar musiqi məktəbində oxuyanda həmin təsnifi ifa edərək "əla" qiymət almışdı.

Bundan sonra isə son döyüş...

Kapitan Aşur Cəmiyev, döyüşçülərdən Xudayar, Soltan və başqaları düşmənlə üzbəüz vuruşublar, demək olar ki, əlbəyaxa olublar. Onlar həmin döyüşdə də şəhidlik zirvəsinə ucalıblar.

22 yaşlı gizir Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

İndi onun əziz və unudulmaz xatirəsi təkcə Bərdədə Şəhidlər xiyabanında, Bərdə-Ağcabədi yolunun üzərində tikilən "Şəhid Xudayar bulağı"ndakı mərmər lövhələrdən, hər dəfə ifa olunanda onu yada salan və adı ilə əbədiləşən "Xudayar təsnifi"ndə deyil, həm də milyon-milyon ürəkdə yaşayır.../Bakupost.az/
Siam.az
Tarix: 5-07-2021, 23:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}