Putin ölkəni niyə müharibə moduluna keçirdi?



6 aydır rusların əksəriyyəti bu müharibədə tamaşaçı idi, indi isə cəmi üç günə vəziyyət dəyişdi; bir tərəfdə qan axanda, bir tərəfdə eyş-işrət varsa...

Əgər doğurdanda, Putinin son iki gedişi-işğal etdiyi regionlarda “referendum” keçirməyi və qismən səbərbərlik qərarı Qərb üçün gözlənilməz olubsa, demək, bunların başı “qarpıza işləyir”. Görünən mənzərə odur ki, bu qərarlar Rusiyaya qalib gəlmək niyyətində olan Qərb koalisiya üçün həqiqətən də gözlənilməz olub. Bunlar xəyal dünyasında yaşayırmışlar...  
Arsenalında nüvə silahı olan ölkə “mən məğlub oldum, geri çəkilirəm” deməkdənsə, o silahı öz başında partladar. Şimali Koreyanın atom silahı var, ya yox, bilinmir, amma balaca diktator özünə orada qara dünya qurub, heç onun kürəyini yerə vura bilmirlər...

Putin hələ illər öncə demişdi ki, Rusiyanın olmadığı dünya bizə gərək deyil. Yəni Rusiyanı məhv etmək istəyirsinsə, biz də son addım kimi dünyanı dağıdacağıq. İllər keçib, Putin Rusiyası isə həmin hədəsində qalır.
Referendum əlbəttə ki, qondarmadır, heç bir hüquqi əsası yoxdur. Referendum keçirmək üçün Ukrayna qərar verə bilərdi, həm də o şərtlə ki, orada yaşayan ukraynalılar da geri qayıda, səsvermədə iştirak edərdi. Referendumun “nəticəsi” əvvəldən bəllidir və şübhə yoxdur ki, həmin bölgələr Rusiyaya “birləşməyə” səs verəcəklər. Ukrayna əlbəttə ki, o bölgəni 2014-cü ildən gözdən çıxarmışdı, etnik ruslarla müharibə vəziyyətində idi. Minsk razılaşması Kiyevə o şansı verirdi ki, bu bölgə Ukraynanın ərazisi kimi qala bilərdi. Bu razılaşmanın icrasına imkan vermədilər ki, Ukraynada müharibə başlasın. Rusiya isə indi Luqansk və Donetsikdən başqa daha iki vilayəti də (Xerson və Zaparojye) tutdu, Xarkov da son əks-hücumda əllərindən çıxmasaydı, qondarma referendumu o vilayətdə də keçirəcəkdilər.

Faktiki hazırkı mərhələdə “kim nə qədər ölüb, kim nə qədər qalıb” hesabı gözə görünmür. Gözə görünən Ukraynanın itirdiyidir. Rusiyanın strateji məğlubiyyəti haqda çox danışırlar. Strateji məğlubiyyət nə deməkdir? Rusiyanın nə mal olduğu, siyasətində qaba gücə üstünlük verdiyi, imperialist arzularla yaşadığı guya bilinmirdi, indi Ukraynaya hücum etdi, ifşa olundu? Sanksiyalara məruz qaldı, iqtisadiyyatı zəiflədi və sairə də var, amma bunlar o halda strateji iflas olardı ki, qarşı tərəf bunun əksinə, güclənərdi. Bəs nə görürük? Rusiyanı zəiflədib dağıtmaq istəyənlər özləri pis gündədirlər. Avropa Birliyində parçalanma, fikir ayrılıqları artır, üzv ölkələrin iqtisadiyyatı zəifləyir, əhalinin güzəranı pisləşir. Bəs bunun adı nədir? Ukrayna müharibəsinə görə ukraynalının əziyyət çəkməsi anlaşılandır. Amma almanın, ingilisin, fransızın qaranlıq və soyuq otaqda oturması, bahalıqdan əziyyət çəkməsi, hamamda istiliyə qənaət üçün sabunsuz çimməsinin məntiqi izahı yoxdur. Almaniya kimi nəhəng sənaye ölkəsi çökməyə doğru gedir. Alman fermer meşədən odun tapıb yandıra bilər, amma ölkənin nəhəng sənayesini ayaqda saxlamaq üçün odun bəs etmir. Strateji səhv budur...
Bu müharibənin sonunda nə olacaq görərək yəqin, amma strateji qalib artıq var. Bu, ABŞ-dır. Bütün bu oyunlar təkcə Rusiyanın zəiflədilməsi üçün deyildi, həm də Avropa Birliyini zəiflətmək, özündən asılı vəziyyətə salmaq kimi düşünülmüş strateji plandır. Okeanın o tayında hegemon Amerikadırsa, Asiyada  o güc Çindirsə, Avropanın nəhəngi Almaniyadır. Əgər qışı çıxa bilməzlərsə, artıq keçmiş zamanda yazmaq lazım gələcək: “Almaniya idi...”  Almaniya  ABŞ-ın məkrli planından bir az gec duyuq düşdü, Merkel olsaydı, bəlkə də Amerika Avropa Birliyinin də qoşulduğu bu xaosu yarada bilməyəcəkdi. Şoltz indi ara-sıra müqavimət göstərir, amma daha gecdir, oyundan çıxa bilməzsən. Macarlar ağıllı tərpəndi, qanlarında bir az türk qarışığı var, ona görə harada vuruşmağı, harada dayanmağı bilirlər. Ukrayna müharibəsinin əgər üç səbəbkarı varsa, onun birincisi Amerikadır. Digər ikisi də məlum: Zelenski və Putin...
Rusiyanın səfərbərlik qərarına əlbəttə ki, müxtəlif reaksiyalar doğuracaqdı. Kimi bunu ordusunun qırılması, kimi acizlik kimi izah edir. 6 ay davam gətirdilər daxili resurslar hesabına. Buna etiraz edənlər də, “əvvəl Peskovun, deputatların oğlu getsin” deyən də, hərbi komissarlığı yandıran da, fərarilik edən də olacaq. Bütün müharibələrdə belə hallar olub və olacaq. Ermənistan sərhədində baş verənlər zamanı bizim “baltalar” demədimi ki, Azərbaycan özgə torpağa təcavüz edib. Dedilər. Rusiyada da deyirlər, deyəcəklər. Amma dövlət də üzərinə düşəni edəcək.
Putinin bu qərarlarda iki mühüm hədəfi var. Birincisi, onu göstərmək istədi ki, Qərb kəşfiyyatının iddia etdiyi kimi, Kreml panikada deyil, əksinə hadisələrə yön verməkdə davam edir. İkincisi, Putin bu səfərbərliyi elan edəndə aydın şəkildə işarə etdi ki, bu, Ukrayna torpaqlarında vuruşmaq məsələsi deyil, Rusiyanın özü təhlükədədir.

6 aydır rusların əksəriyyəti bu müharibədə tamaşaçıdır, indi cəmi üç günə ölkə psixoloji olaraq müharibə moduluna keçirildi. Müharibə edən ölkə üçün bu çox vacibdir. Söhbət ədalətli, ədalətsiz müharibədən getmir, ölkənin bu müharibəyə psixoloji hazırlığından gedir. Biz belə “müharibə”ni 1992-94 illərdə görümüşük. Ölkənin bir tərəfində qan axanda, bir tərəfində eyş-işrət olub, ona görə məğlub olmuşuq. Amma 44 günlük müharibədə bütün ölkə müharibəyə kökləndi, cəbhə xəbərləri ilə nəfəs aldı, nəticədə qalib gəldik...Əfqanlara niyə qalib gəlmək mümkün olmur? Çünki bu ölkə əhalisi illərdir ki, psixoloji olaraq müharibə şəraitində yaşayırlar.   
Rusiya həqiqətən də bu müharibəni tezliklə başa çatdırmaq istəyir. Müharibə asan iş deyil, nə qədər güclü, soyuqqanlı lider, sərgərdə olsan da ağır siyasi və mənəvi yükdür, məsuliyyətdir. Zelenski də yəqin ki, bunun fərqindədir. Rusiya tezliklə o əraziləri özünə “birləşdirəcək”. Bundan sonra isə Qərbin atacağı cavab addımları maraqlıdır. Bütün mümkün sanksiyalar tətbiq edilib, hətta Putinin idmandakı “qara kəməri”ni də alıblar. Atom bombasını isə ala bilməyiblər. Qərbin Ukraynanı silahlandırması davam edəcək, müharibə uzanacaq. Amma bir qırılma, bir uzlaşma nöqtəsi mütləq olacaq.
Nə vaxt? Onu Allah bilir...
Nazim SABİROĞLU,
Musavat.com    
Tarix: 23-09-2022, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}