İslam Dövləti-Xorasan Moskvadakı hücumu qınadığına görə Talibanı tənqid edib



İslam Dövləti-Xorasan (IS-K) terror qruplaşması bazar ertəsi puştu dilində bəyanat yayaraq, cümə günü Moskvada konsert zalına edilən hücumu tərifləyib və Əfqanıstanda hakim Talibanı ABŞ, Rusiya, Çin və digər ölkələrlə əlaqələr qurmaqda ittiham edib.

30 səhifəlik bəyanat sosial media platformalarında dərc edilib və bazar ertəsi jurnalistlərə göndərilib, lakin qruplaşma Moskva hücumuna görə məsuliyyəti öz üzərinə götürməyib. Əvəzində diqqəti Əfqanıstanda uzun müddətdir İslam Dövləti-Xorasan qrupunun düşməni olan Talibanın tənqidi və məxərəyə qoyulmasına yönəldib.

Bəzən İS-Xorasan və ya ISKP də adlandırılan İslam Dövləti-Xorasan cümə günü Moakva yaxınlığında 137 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini öz üzərinə götürən daha böyük İslam Dövləti militant qrupunun regional qoludur.

Bazar ertəsi açıqlanan bəyanat "Moskva hücumundan sonra: militantların kədəri və qorxusu" adlanıb. Belə görünür "militantlar" deyərkən onlar Əfqanıstan Talibanını nəzərdə tutub.

Bəyanatın mətni Əfqanıstanda Talibana qarşı güclü polemikadır. Burada həmçinin Taliban ABŞ, Rusiya, Çin, Pakistan və Tacikistanın müttəfiqləri kimi qələmə verilib.

Taliban cümə günü baş verən hücumu pisləyərək, bunu terror hücumu və insanlıq meyarlarının pozulması adlandırıb.

İS-K-nın bəyanatında Taliban "kafir" ölkələrin dəyərlərini mənimsəməkdə ittiham edilib.

"Taliban militantları indi kafir millətin bir hissəsidir. Buna görə də onların kafirlərə rəğbət bəsləmələri və onlarla dərdlərini bölüşmələri təbiidir" - deyə, bəyanatda Əfqanıstan Talibanının Moskva hücumunu qınamasına işarə edilib.

30 səhifəlik bəyanata konsert zalına hücum etdiyi iddia edilən şəxslərin fotoşəkilləri, İslam Dövləti-Xorasanın Əfqanıstanda həyata keçirdiyi digər hücumları və Taliban liderləri və nazirlərinin ABŞ, Çin, İran və Pakistan rəsmiləri ilə birlikdə fotoşəkilləri də əlavə edilib.

Talibana qarşı polemika həmçinin Rusiyanın Suriyadakı İslam Dövləti hədəflərinə hücumları da xatırlanır və Talibanın niyə Moskvaya rəğbət bəslədiyi soruşulur.

"Rusiyanın ümmətimizin (müsəlmanlarımızın) məscidlərini, seminariyalarını, evlərini və şəhərlərini kor-koranə bombardmanlarla məhv etməyə haqqı varmı?" - deyə, bəyanatda sual edilir.

İSKP Pakistan Talibanı tərəfindən 2015-ci ildə Əfqanıstana yaxın bir bölgədə yaradılıb. Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin iyun ayına olan məlumata görə, İD-K döyüşçüləri və ailə üzvlərinin sayı 4 minlə 6 min arasındadır.
amerikaninsesi
Tarix: 27-03-2024, 10:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}