İran-Ermənistan münasibətləri qırıla bilər


İrəvanın Qərbə istiqamətlənməsi Tehranı narazı salmaqdadır

Ermənistanda Qərbə inteqrasiya tərəfdarlarının çoxluq təşkil etdiyi hakimiyyətin iş başına gəlməsi bu ölkənin İranla münasibətlərinə soyuqluq gətirir. Artıq məlumatlar yayılmaqdadır ki, Ermənistanın xarici siyasətinin daha çox Qərblə əməkdaşlığa yönəlməsi Tehranda narahatlıqla izlənir. Çünki bu İranın maraqlarına cavab vermir.

İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü zamanı İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalamasının İrəvana narahatlıqdan dolayı verilmiş mesaj olduğu bildirilir. Qeyd edək ki, 30 oktyabrda İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.

Ermənistan KİV-ləri isə İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atmasının böyük narahatlığa səbəb olduğunu yazır. Ermənistan mediası İranın Ermənistana dəstəyini kəsə biləcəyindən təşvişə düşdüyünü açıq büruzə verməkdədir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlandığı barədə açıqlamasından xeyli vaxt keçsə də səfər hələ də baş tutmayıb. Paşinyanın İrana səfərinin daşa dirənməsi də iki ölkə arasında soyuq küləklər əsməyə başladığının simptomları kimi şərh edilir.

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran ətrafında baş verənlər barədə iki gün öncə dedikləri isə işğalçı ölkədə təşviş doğurub. Respublika Partiyasından olan deputat Armen Aşotyan özünün feysbuk səhifəsində yazıb ki, Paşinyanın Ermənistan-İran sərhədinin de-fakto bağlanmasının mümkünlüyü barədə dedikləri qəbulolunmazdır və təhlükəlidir. Aşotyan bildirib ki, geopolitik inkişafa baxmayaraq və hətta ən gərgin situasiyalarda bu sərhəd həmişə açıq olub, 1990-cı illərdə bu sərhəd döyüşən və blokadada olan Ermənistan üçün “həyat yolu” idi. O əlavə edib ki, ABŞ və ya başqa ölkəyə görə Ermənistanın xarici siyasətinin prioritetlərini müəyyənləşdirmək qəbulolunmazdır. Deputat bildirib ki, ABŞ və İran arasındakı mümkün hərbi qarşıdurma Ermənistan və region üçün fəlakətlər vəd edir.

Qeyd edək ki, Ermənistan parlamentinin 1 noyabr tarixli iclasında N.Paşinyan Ermənistan-İran sərhədi barədə bəyanat verib. O deyib ki, ABŞ və İran arasındakı gərginliyə və geopolitik situasiyaya görə Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər.

Beləliklə, get-gedə məlum olur ki, Nikol Paşinyan hökumətinin daha çox qərbyönümlü olması, Qərbə istiqamətlənməsi İranda narahatlıq və narazılıqla qarşılanmaqdadır. Bu proses dərinləşərsə İranla Ermənistan arasında problemlər meydana gələ bilərmi? İranın Ermənistana dəstəyini çəkməsi bu ölkəni hansı sıxıntılarla üz-üzə qoyar?

Politoloq ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, bugünkü durumda sərhədlərində Qərb meyilli dövlətlərin olması İran üçün arzuolunan deyil və Tehranın İrəvanın Qərbyönümlü olmasından narahatlıq keçirməsini normal qəbul etmək lazımdır: “Bu günə qədər olan İran-Ermənistan münasibətlərindən həmişə qazanan Ermənistan olub. İranın isə bəzi strateji maraqları istisna olmaqla qazandığı bir şey yoxdur. Odur ki, arada soyuqlauq yaranan zaman bundan itirən Ermənistan olacaq. Çünki illərdir ki, Tehrandan iqtisadi dəstəklər, yatırımlar alırlar. İranla əlaqələr Ermənistan iqtisadiyyatının tamamilə çökməməsində xüsusi rol oynayır. Ermənistanın İran nəfəsliyindən məhrum olması onun üçün fəlakətə bərabər olar”.

Politoloq onu da dedi ki, Tehranın narahatçılığına səbəb olan məsələ gələcəkdə İrana qarşı formalaşan koalisiya tərəfindən Ermənistanın plasdarm kimi istifadəsidirsə, bu, reallaşması elə də asan olan məsələ deyil. Çünki Ermənistanda Rusiyanın hərbi və iqtisadi mövcudluğu varkən və Rusiyanın oradan çəkilməsi perspektivi yoxkən belə planların həyata keçməsi imkansızdır. Bunu rəsmi İrəvan da yaxşı anlayır, İran da. Ona görə də Ermənistan maksimim səviyyədə İranla münasibətlərin pozulmasına gətirib çıxardacaq addımlar atmaqdan çəkinəcək: “Hətta onun qərbmeylliliyi davamlı olcağı halda belə, hesab edirəm ki, regionda Rusiya faktoruna xüsusi önəm verən Qərb Ermənistanda strateji planlarını həyata keçirtməklə bağlı addımlar atmayacaq ki, bu da İranı hələlik bir növ sakitləşdirir. Ən azı Gürcüstan təcrübəsi göz önündədir. Ərazisində bir nəfər də olsun Rusiya əsgəri olmayan , diplomatik münasibətləri sıfir səviyyəsində olan, uzun illərdir ki, siyasətini birmənalı Qərblə uyğunlaşdıran Gürcüstanın illərdir ki, NATO-ya üzvlük məsələsi həllini tapmır. Çünki dediyim kimi regionda Rusiya hələlik ən böyük güc olaraq mövcuddur. Eyni yanaşmanı daha artığı ilə Ermənistan haqqında söyləmək olar”.


 

Tarix: 3-11-2018, 09:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}