Azərbaycanda son bir ildə xalqa dəhşətli çətinliklər yaradılıb


İctimai fəal Bəxtiyar Hacıyev
 Vətəndaşların xaricdən ölkəyə aylıq 1000 dollara qədər rüsumsuz mal gətirməsi limiti 300 dollara endirildi. Amma məmurlar özlərinə məxsus şirkətlərlə milyonlarla dəyəri olan malları rüsumsuz keçirə bildilər ölkəyə. Vətəndaş xaricdən ucuz paltar, telefon, kompüter, digər əşyalar ala bilirdi, artıq onu aşağı saldılar ki, olmaz, qudurmayın, yerdə qalanı bizim Mallardan, butiklərdən alın, biz də qazanaq.
 Vətəndaşlara 500 dollar almaq üçün blank doldurtdururlar, illik 20 000 manatlıq valyuta alanda dərhal hesabat istəyirlər. Ancaq məmurlar ölkədən milyardlar çıxarır, hesab soruşan yoxdur.
 Vətəndaşa pandemiya dövründə “evdə otur, evdə qal” deyəndə işsizlərə 190 manatlıq müavinətləri verməmək üçün 190 bəhanə uydurdular, sistem işləmədi, yüz minlərlə insana imtina cavabı verdilər. Amma vətəndaş açıq havada maskasını bir az aşağı salan kimi 100-200 AZN cəriməni tap deyə yapışdırdılar.
 Vətəndaşlarına geniş sosial yardım paketi təqdim etmiş Gürcüstan pandemiya cərimələrinin ləğv olunması barədə qərar qəbul etdi, Azərbaycan vətəndaşlarını polis bölməsinə apararaq orada tərtib edilən cəriməni yerində ödətdirdi.
 Vətəndaşların vergiləri və haqları olan neft pullarından yüz milyonlarla manat dotasiya alan AZAL nə vətəndaşların ucuz hava yolları ilə uçması üçün ucuz hava yolu şirkətlərini ölkəyə endirmədi, nə qiymətləri endirmədi. Bununla bağlı illərdir hamı şikayət, narazılıq etsə də, heç nə dəyişmədi.
 Koronavirus pandemiyası yarandı, vətəndaşlardan pul istədilər ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürün, mübarizə aparaq.
 Müharibə oldu, şəhid və qazi ailələrinə yardım üçün YAŞAT Fondu yaradıb, onların müdafiəsini də vətəndaşa yükləməyə çalışdılar, “hərə 10 manat versin” deyib, minnət etdilər. Halbuki orada biznes quracaq məmurlar xalqdan oğurladıqlarının 2-cə faizini versələr, bütün ölkə əhalisinin ianələrindən çox vəsait toplanardı.
 Qarabağın dirçəldilməsi üçün Qarabağ Dirçəliş Fondu yaradıb, ona da yardım istədilər vətəndaşdan. Halbuki işğaldan azad edilmiş torpaqlarda dərhal on minlərlə hektarı əkən məmur şirkətləri ianələr etsələr, bütün ölkə vətəndaşlarından daha çox vəsait toplanar.
 Nazirlərin, komitə və agentlik sədrlərinin milyonluq villaları, avtomobil kolleksiyaları barədə onlarla araşdırma videosu çıxdı, birini yerindən tərpətmədilər, birinə cinayət işi açmadılar. Bununla da vətəndaşların milyardlarının mənimsənməsinə ən yuxarı səviyyədə yaşıl işıq yandırıldığını göstərdilər.
 Dünyada neft qiymətləri ən aşağı həddə olanda nə Aİ92, nə premium benzin qiymətləri enmədi. Ancaq neft qiymətləri bir balaca qalxan kimi Azərbaycandan qeydiyyatsız Ruminiyaya daşınan və orada məlum şəxsə məxsus neftayırma zavodunda istehsal olunan premium benzin qiymətlərini qaldırdılar.
 Vətəndaşın ucuz aldığı təbii qazın limitini 2500 kubmetrdən 1200 kubmetrə endirərək qazın qiymətini qaldırdılar. Amma “kənd təsərrüfatının inkişafı” bəhanəsi ilə özlərinin hektarlarla əkdikləri pomidor və digər tərəvəz istixanalarında istifadə olunan qaz qiymətini dəyişmədilər.
 Yanvar ayında Aİ92 qiymətlərini 10 qəpik, dizelin qiymətini 20 qəpik qaldırdılar.
 Dərmanların qiymətlərini Tarif Şurası qərarı ilə qaldırdılar, ərzaq qiymətləri yavaş-yavaş, sakitcə qalxdı.
 Pensiya yaşını aşağı salmaq, məhkəmələrə müraciətlər üçün rüsumları artırmaq təklif olunur. Məhkəmələrdə vətəndaşların hüquqlarını qoruyan vəkillərin verdikləri vəsatətlər “əsassız” hesab olunacağı təqdirdə 500 AZN cərimə tətbiq edilməsi təklif olunur.
Bu siyahını uzatmaq olar. Ancaq bu qədəri kifayətdir ki, ölkədə qəbul olunan son qərarların dövlət xərclərinin onsuz da maddi vəziyyəti ağır olan vətəndaşların belinə yüklənməsinə hesablandığı görünsün.
Ölkədə bu sistemdən bəhrələnən 1000-5000 ailə var gücü ilə milyonlarla ailənin haqqını yemək istiqamətində qərarlar qəbul edir, yaxud bu qərarları əsaslandırıb, müdafiə edib, bu sistemin davamlı olmasını təmin edirlər.
Bəs biz nə vaxt anlayacağıq ki, biz 10 milyonuq, bu sistemi ayaqda tutanlar isə on minlərlə insandan daha çox deyil. Nə vaxt bunu anlayıb, ayağa qalxsaq, o zaman da bizim xeyrimizə qərarlar qəbul edən hakimiyyətimiz olacaq. Əks halda dəmir yumruğu bizə dürtməyə davam edəcəklər. Bir gün avtobus qiymətlərini qaldıracaqlar, bir gecə metro qiymətlərini.
Düşünək, özümüzə inamı bərpa edək. Biz istəyəndə birləşən və dünyaya gücümüzü göstərən xalqıq. Hər bir vətəndaş “mən bu ölkənin sahibiyəm, heç kim məndən artıq deyil” desə və hamı buna özünü inandırsa, qarşımızda hakimiyyəti ayaqda saxlayan və bu sistemdən bəhrələnən 10-20 minlik qrup heç nə edə bilməz. #EtirazEdirəm
Tarix: 2-07-2021, 00:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}