MEDİANIN İNKİŞAFSIZ AGENTLİYİ HÜCUMA KEÇİR: HƏDƏFİ - MƏTBUATI ŞİMALİ KOREYAYA BƏNZƏTMƏK...


Əvvəlcə elan etdilər ki, media reyestrindən keçmək məcburi deyil. Yəni kim istəməsə, keçməyə bilər.
Ötən həftə isə məlum oldu ki, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov başqa söz danışıb. İsmayılovun sözlərinə görə, reyestrdən keçməyənləri məhkəməyə verəcəyik, fəaliyyəti haqqında məhkəmə qərar verəcək. İndi biz müasir dünyada Azərbaycanı söz azadlığının məhdudlaşdırılmadığı ölkə kimi necə tanıdacağıq?! Yaradıcılıq peşəsini mürtəce qanunla sıradan çıxarmaq absurd yanaşmadır. Bəs, dünyanı necə inandıraq ki, Azərbaycanda mətbuat azaddır? Bizim belə borcumuz və öhdəliyimiz də yoxdur, amma Medianın İnkişafı Agentliyi görünür ki, qarşısında məqsəd qoyub - illah da ölkə mediasını Türkmənistan, Şimali Koreya mətbuatına bənzətmək...
Anaxeber.info sual edir ki, hansı qanuni əsasla, qanunvericilikdə göstərilən hansı maddə ilə reysterdən keçməyən sayt məhkəməyə veriləcək... Harada göstərilib ki, internetdə yayımlanan kütləvi informasiya vasitəsi bir agentliyin "kupçası"nı alıb " birka"lı media olmaq istəmədiyi üçün məhkəməyə verilərək fəaliyyəti araşdırılmalıdır? Tutaq ki, araşdırıldı, məhkəmə hansı əsasları təsbit edib qərar çıxaracaq? Qərar nə olacaq - saytı bloklamaq, yaxud nə... Yəni suallar çoxdur, bəsitlik dibə qədərdir, Əhməd İsmayılov isə bütün bunlara aydınlıq gətirməyib. İstənilən KİV o zaman məhkəməyə verilə bilər ki, yaydığı informasiyaya görə barəsində şikayət var, dərc etdiyi materialda təhqirə yol verib, şantaj xarakterli məlumat yayıb, böhtan atıb, kiminsə işgüzar nüfuzuna xələl gətirib, yaxud dövlətin təhlükəsizliyi baxımdan iğtişaşlara çağırış məzmunlu məqalə işıqlandırıb, (bura terrora, separatizmə, bölücülüyə çağırış, təhdid, əhali arasında panika yaratmaq və s daxildir) o cümlədən ordu, dövlət haqda hansısa sirri yayıb, hərçənd jurnalistdə dövlətin sirri nə gəzir, bundan başqa istənilən vətəndaşın konkret həmin media orqanından şikayəti ola bilər. Bu hallarda isə KİV əgər yanlış edibsə, təkzib verir, üzrxahlıq edir, yaxud tərəflər barışıq əldə edir, bu da olmursa, məhkəmə cərimə cəzası çıxarır, xüsusi ittiham qaydasında şikayət veriləndə isə məhkəmə həbs qərarı verə bilər. Lakin bu halların heç birinin Medianın İnkişafsızlığı Agentliyinə aidiyyatı yoxdur, qurum məhkəməyə üz tutub deyə bilməz ki, reyestrdən keçməyən saytın işi yoxlanılmalıdır. Məhkəmə yoxlayıb həmin onlayn medianın gündəlik digər portallar kimi xəbərlər yaydığını, qanunsuz bir fakt olmadığını gördükdə hansı qərarı verəcək? Üstəlik, MEDİA reyestrdən keçməyən keçməyən jurnalisti də jurnalist saydıqlarını açıqlamışdı, o zaman bu nə mənasız metoddur? Ümumiyyətlə, mətbuatla mübarizə aparmağı kim sizə öyrədir? Kim başa salır ki, medianın fəaliyyətini məhdudlaşdırmaq çıxış yoludur? Dərs olmadı? Bu qədər qəzetlər, saytlar bağlandı, xaricdə daha sərt tənqid edənlər meydana çıxıblar; jurnalistlər həbs olunur, digərləri susdurulur, daha ağır şəkildə danışanlar sosial şəbəkələrdə aktivləşirlər. 20 ildir davam edən sıxma-boğma addımları heç bir nəticə vermir, bu da effektsiz olacaq. İndiyə qədər mətbuatla bağlı çıxarılan qaydaların hansı praktik olaraq reallaşıb? Niyə Əhməd İsmayılovun və komandasının, hakimiyyətin media siyasəti üzrə ideoloqlarının ağlına yaxşı təkliflər, təşəbbüslər gəlmir? Nə üçün reklam bazarı, jurnalistlərin əmək haqlarının artırılması, onların güzəştli şərtlərlə  mənzil sahibi olmaq imkanları, mətbuatın daha liberal, müstəqil olması haqda beyinlərə ideya gəlmir? Sizin ağlınız yalnız "olmaz", "qadağandır", "icazə yoxdur" kimi geriləyici, məhdudlaşdırıcı təklifləri irəli sürməyə yaxşı işləyir. Yəni necə edək ki, mətbuat bir az da bizdən asılı olsun, necə edək ki, media bir az da boğulsun, necə edək ki, ifadə və söz azadlığının meydanın bundan da pis şəkildə daralsın...Bax, beyin ancaq buna işləyir. Çünki siyasi idarəetmə belə istəyir. Amma olmazlar üzərində qurulan siyasət uğur qazana bilməz. Mətbuatı nə qədər oksigensiz qoysan, o qədər özünə nəfəsliklər tapacaq. Siz sağlam ideyalar fikirləşin!
Üstəgəl, sizə kim ixtiyar verib ki, saytı reyestrdən keçmədiyi üçün məhkəməyə verəsiniz? Bu nə despotik yanaşmadır? Hətta qanunsuz şəkildə, sifarişlə məhkəmə qərarı çıxarıb 3-5 saytı blokladınız, nə dəyişəcək? Elə həmin saytlar sosial şəbəkələrdə öz səhifələrini açaraq məqalələri yerləşdirəcəklər. Onsuz da insanlar maraqlı və fərqli məqalələri, xəbərləri Facebook - dan oxuyur, o zaman Əhməd İsmayılov hakimiyyət qarşısında hansı "xidməti" göstərmiş olacaq?
Anaxeber.info
Tarix: 21-01-2023, 15:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}