Bakıətrafı bağ evləri cazibəsini itirir – Əhalinin seçimi dəyişib


Bakıətrafı bağ evləri cazibəsini itirir –     Əhalinin seçimi dəyişib
Kirayə və satış üçün daşınmaz əmlakın həcmi artıb, tələb isə kəskin azalıb
 
Şəhərətrafı daşınmaz əmlaka tələbat ümumiyyətlə yay tətili mövsümünün başlaması ilə artır. Bu fikir, xüsusilə dəniz sahilindəki evlər üçün keçərlidir. Axı yayın istisində paytaxt sakinlərini və qonaqlarını cəlb edən məhz dənizdir.
 
Keçən il Abşeron çimərliklərinin yaxınlığındakı bağlara tələb dəfələrlə çoxalmışdı. Belə ki, gücləndirilən karantin məhdudiyyətləri insanları şəhər mənzillərindən dənizə  sarı qaçmağa məcbur edirdi. Çimərlik istirahətinə və bağ evlərinin  kirayələrinə olan marağın kəskin şəkildə artması, orada daşınmaz əmlak tikintisində də sürətli artıma səbəb oldu. Bu bazarın mütəxəssislərinin dediklərinə görə, yuxarıda göstərilən meyllər fonunda tikinti üçün torpaq sahələrinə maraq artdı və sahil zonasındakı evlər yağışdan sonrakı göbələk kimi çoxaldı. Bu kimi reallıqlara təklifin artması səbəb olmuşdu, lakin cari mövsümdə vəziyyət ötənilki kimi deyil.
Elnur Fərzəliyev: “Başqa ölkələrdə mənzillərin təmirsiz satılması ...
Əmlak eksperti Elnur Fərzəliyevin AYNA-ya şərhinə görə, şəhərətrafı və bağ evlərinin icarəsinə marağın azalmasının səbəbi karantin məhdudiyyətlərinin yumşalmasıdır: “Axı, keçən mövsüm bölgələrə səyahət etmək qadağan edilmişdi və orta statistik şəhərlilərin yayı şəhərətrafı ərazilərdə keçirməkdən başqa yolu qalmırdı. Varlı insanlar da Abşeron sahilindəki dəbdəbəli evləri seçirdilər, amma bu yay rayonlara səyahət açıqdır. Bir çox vətəndaş bölgələrə tətilə gedir, ailələrini ora aparır. Kimsə qohumlarının yanında qalır, kimsə otellərdə və kirayədə qalır”.
 
“Keçən il Bakıda fərdi evlərin və bağ evlərinin kirayə və satışı xeyli sürətləndi. Ancaq bu ilin əvvəlində vəziyyət dəyişdi. May ayının sonundan etibarən istirahət edənlər paytaxtdan bölgələrə tələsdilər. Eyni zamanda, paytaxtın yaxınlığındakı bağ evlərinin kirayə tələbi keçən ilə nisbətən təxminən 50% azaldı. Bağ evlərinə tələbat, digər amillər arasında, turistlərin hesabına formalaşırdı. Məsələn, yayda Rusiyada yaşayan azərbaycanlılar dənizdə istirahət etməyə gəlirdilər. Bahalı bağlar İran və ərəb ölkələrindən gələn qonaqlar tərəfindən kirayəyə götürülmüşdü. Lakin qapalı sərhədlər buraya xaricdən gələn qonaqların axınının qarşısını alır”, - deyə Fərzəliyev bildirib.
Elnur Azadov: “Meyarlar dəqiqliklə müəyyən olunmalıdır”
Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) sədri Elnur Azadov da AYNA-ya açıqlamasında oxşar fikirlər səsləndirib: “Həqiqətən də, bu mövsüm bağ evlərinə tələb ciddi şəkildə azaldı. Əvvəllər mart-aprel aylarından bəri insanlar münasib qiymətə uyğun ev axtarırdılar, amma bu il vəziyyət fərqlidir. Əvvəlki qədər axtaran yoxdur və təklif çoxalıb. Çünki keçən il çoxlu kirayəçi axını oldu və kirayə qiymətləri kəskin şəkildə artdı. Buna görə bağ evlərinin inşasına qoyulan investisiyalar da artdı. Məsələn, son bir ildə Mərdəkanda tikinti üçün çox sayda torpaq sahəsi satıldı. Artıq icarəyə verilmiş və satılan villalar tikilib. Kirayə və satış üçün daşınmaz əmlakın həcmi artdı, tələb azaldı - özü də nəinki Abşeronda. Bölgələrə bu gün ciddi bir turist axını yoxdur, və bu səbəbdən otellər boşdur”.
 
Mütəxəssisin sözlərinə görə, bunun səbəbi də pandemiya ilə bağlıdır: “Bundan əvvəl qazanc daha yüksək idi və insanlar istirahət üçün pul yığa bilirdilər. Ancaq son bir ildə baş verən pandemiya səbəbindən çoxları işlərini və əvvəlki gəlirlərini itirdilər, qənaət edilən pul ilkin ehtiyaclara xərcləndi. Bir sıra ölkələrdən daxil olanlar üçün şərtlərin yumşalmasına baxmayaraq, bu, vəziyyətə praktik olaraq təsir etmədi”.
 
“Bu il əcnəbilər də daha az ödəmə qabiliyyətli olublar. Pandemiya onların da gəlirlərinə təsir etdi. İnkişaf etmiş qonaqpərvərlik sektoru olan ölkələrdə turizm xidmətləri ucuzlaşdı və turistlər vəziyyəti qiymətləndirirlər: Azərbaycana və ya bir az daha bahalı olan Türkiyəyə və ya Misirə getmək. Rus turistlər çox təcrübəlidirlər, hər il tətilə çıxırlar, öz aralarında məsləhətləşirlər. “Runet”-də bu mövzuda bir çox forum var. Gəlirləri az olan ruslar ümumiyyətlə Türkiyəyə, Krıma tətilə gedir, varlılar Maldivləri, Karib dənizini və s. seçirlər. Pandemiya turizmə, əmlak sektoruna təsir etməyə davam edir və gələn ayın sonuna qədər cari mövsümün nəticələrini daha əhatəli qiymətləndirmək mümkün olacaq”, - deyə ARA rəhbəri vurğulayıb.
 
Azadov hesab edir ki, karantinin yumşalması turizm sahəsindəki vəziyyəti və ölkənin bölgələrinə turist axınını yaxşılaşdıracaq: “Paytaxt və Abşeron ən çox ödəmə qabiliyyəti olan zonalardır və ölkə daxilində sərbəst hərəkət etmək azadlığı əhalinin bölgələrə səyahət etməsinə imkan verəcək. Ötən il pandemiya səbəbindən yollar bağlandı və Bakını tərk etmək mümkün olmadı. Bölgələrdə kirayə evlər günlük 50-70 manata verilir, daha ucuz təkliflər də var - bölgələrdə otellərin sutkası 40 manatdır”.
 
Xülasə olaraq deyək ki, şəhər xaricində daşınmaz əmlak kirayəsi tutmaq istəyənlər üçün qiymətlər keçən ilə nisbətən daha məqbuldur. Ekspertin sözlərinə görə, son bir ildə bir villanın icarə dəyəri 3 dəfə artmışdı, lakin bu mövsüm qiymətlərdə nisbətən kəskin bir azalma var. Artıq şəhər əhalisi sərt karantinin onları şəhərdəki mənzillərində yaxalayacağından  qorxmur.
Tarix: 28-06-2021, 14:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}