"Pensiya məbləğinin əvvəlki qaydada yenə illik inflyasiyaya uyğun indeksləşdirilməsi daha məntiqli olar"

"Pensiya məbləğinin əvvəlki qaydada yenə illik inflyasiyaya uyğun indeksləşdirilməsi daha məntiqli olar"

Pensiyaçılara ildə iki dəfə bayram münasibətilə əlavə müavinətin verilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib. Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayram münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, pensiya təminatının yaxşılaşdırılması istiqamətində bu tip məsələlərin məntiqi hazırkı pensiya mexanizminin mahiyyətindən irəli gəlir. Belə ki, 2018-ci ildən sonra pensiya məbləğləri hər il ölkə üzrə qeydə alınan orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməkdədir. Həmin dövrə qədər isə indeksasiya il ərzində qeydə alınan inflyasiyaya uyğun aparılırdı.

İqtisadçının sözlərinə görə, hazırda tətbiq olunan əməkhaqqı üzrə indeksləşdirmə cəmiyyətin məhsuldarlığının artımında pensiyaçılara da iştirak etmək imkanı versə də, əvvəla bu metoddan istifadə edən ölkələr ilə bizim ölkəmizdə əməkhaqqının müəyyən olunması yanaşmaları arasında fərqlər var. Bundan başqa, cari mexanizm iqtisadiyyatda baş verə biləcək potensial staqflyasiya kimi risk təhlükəsini özündə ehtiva edir. Hansı ki, faktiki olaraq 2021-ci ildə orta aylıq əməkhaqqının artım tempinin 3.4%, illik inflyasiyanın 12% qeydə alınması pensiyalardakı artımın, qiymət artımını tam əhatə etməməsinə gətirib çıxardı. Vəziyyəti tarazlaşdırmaq üçün isə hökumət pensiya məbləğlərinə 200 manat maddi yardımın əlavə edilməsilə bağlı qərar verdi. Əvvəlcə bu məbləğ hər rüb bərabər hissələrə bölünərək 3 aydan bir 50 manat olmaqla ödənildisə, sonradan pensiyaların tərkibinə daxil edilməklə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksasiya olundu.
Pünhan Musayev qeyd edib ki, ortaya belə bir mənzərənin çıxması daha effektiv indeksləşdirmə metodundan istifadəni şərtləndirməkdədir. Çünki pensiyaçıları maraqlandıran məsələlər pensiyanın nə qədər artması və ələ alınan məbləğin yaşayış standartlarına adekvat olub-olmamasıdır. Bu baxımdan pensiya məbləğlərinin indeksləşdirilməsində qiymət artımını əhatə edəcək daha effektiv formuldan istifadəyə ehtiyac var. Əslində, pensiya məbləğlərinin əvvəlki qaydada yenə illik inflyasiyaya uyğun indeksləşdirilməsi daha məntiqli olar, ancaq o halda ki rəsmi və hiss edilən inflyasiya arasında kəskin uyğunsuzluq olmasın.
“Birincisi, inflyasiya zamanı qiymətlər əhalinin bütün qruplarına proporsional təsir etmir. Bu da qiymət indeksasiyasının əsas parametr kimi tərtib edilməsində müvafiq mal səbətinin nədən ibarət olması sualını ortaya qoyur. Faktiki olaraq bu gün ölkə üzrə hesablanan inflyasiya istehlak olunan təxminən 500-dən çox adda mal və xidməti özündə birləşdirən səbətdəki qiymət dəyişimini əks etdirir. Halbuki praktiki olaraq, pensiyaçılar bu kateqoriyaya daxil olan daha az sayda gündəlik ərzaq məhsulu və zəruri xidmətlərin istifadəçiləridirlər”-deyən Pünhan Musayev bildirib ki, sırf bu nüansı diqqətdə saxlayan bəzi Avropa ölkələrində pensiyaçı ev təsərrüfatları üçün nəzərdə tutulan spesifik inflyasiyadan istifadə edilməkdədir. Hansı ki, bu yanaşma qiymətlərin ölçülməsində pensiyaçıların xüsusi ehtiyaclarına fokuslanan vahid qiymət indeksindən istifadə ilə bağlı bəzi dəyişiklikləri əsaslandırır. İnflyasiya ilə bağlı ikinci bir məqam isə, statistik metodologiyadan irəli gəlir. Konkret bir fakt, 2022-ci ildə qeyd alınan dərman qiymətləri ilə bağlıdır. Rəsmi statistika dərman pereparatları üzrə həmin il sıfır inflyasiya göstərirdi. Bunun da səbəbi statistikanın sırf dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərini əhatə etməsi ilə bağlı idi.
“Yəni ümumiləşdirsək, indeksləşdirmə pensiyaların real dəyərini saxlamaq və yaxşılaşdırmaq üçün güclü təsir vasitəsi kimi yaşlıların gəlir təhlükəsizliyinin qorunmasının ümumi məqsədinə xidmət edən sosial siyasət dizaynı olmaqla yanaşı, həm də mühüm fiskal siyasət aləti olduğundan pensiya sisteminin maliyyə dayanıqlığı və ya nəsillərarası bərabərliyi dəstəkləmək üçün düzgün indeks parametrinin təyin edilməsi də olduqca ciddi məsələdir. Qeyri-kafi indeksasiya isə zamanla əhəmiyyətli pensiya aşınması və alıcılıq qabiliyyətinin kütləvi şəkildə itirilməsi riskini daşıyır”-deyən Pünhan Musayev əlavə edib ki, xüsusi parametrlər nəzərə alınmadan, pensiya məbləği dinamikasının inflyasiya və ya başqa bir ölçüyə uyğunlaşdırılması yekunda artımların sosial əhəmiyyət və mənasını zəiflətmiş olacaq.
Tarix: 23-03-2024, 23:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}