Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...


Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...

Hələ XIX əsrdə Azərbaycan satirasının dahi ustası Mirzə Ələkbər Sabir dövrünün səhiyyəsini “Əzrayılın istefası” qəzəli ilə dilə gətirə bilmişdi. Şair yazırdı:

“Əzrayıl ərz edərək, söylədi ey Rəbbi-Ənam,
Bir TƏBİB iştə bu il qullarını qırdı tamam”...
Yəni Azərbaycan səhiyyəsində olan çatışmazlıqlar, həkimlərin savadsızlığı və laqeydliyi, hələ XIX əsrə dayanır.
Böyük tarixə malik olan Azərbaycan səhiyyəsinin yararsızlığı, bu gün də özünü göstərməkdədir. “Sol ayaq əvəzinə, sağ ayaq kəsən”, xəstəyə gəlir mənbəyi kimi baxan, əlavə gəlir ədlə etmək məqsədilə müxtəlif firmaların faydasız dərmanlarını xəstələrə xüsusi olaraq yazan həkimlər...
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da yoluxmalar tüğyan edir. Xəstəliyi ağır olan və xəstəxana şəraitində keçirməyə məcbur olanlar orada müalicə olunmaq üçün belə "haqq" verməyə məcbur qalırlar. Bu səbəblə bir neçə xəstəxananın baş həkimləri və digər vəzifədə olan şəxsləri məsuliyyətə də cəlb edilib.
Səhiyyə sistemində "şirinlik" hər zaman olub, bunu heç kim dana bilməz. Bizim ağ xalatlı “mələklərimizin” bizi soymaq üçün hər zaman müxtəlif bəhanələri olub. Bir lətifə yadıma düşdü. Bir həkim olur, illərlə bir xəstəsini müalicə edir, amma xəstə sağalmır. Uzun illərdən sonra həkim təqaüdə çıxır. Sonra onun yerinə keçən oğlu, xəstələri müalicə edir. Bir gün həkimin oğlu sevinə-sevinə atasına deyir, "sənin sağalda bilmədiyin xəstəni mən sağaltdım". Atası başını bulayıb cavab verir: “Mən də o xəstəni sağalda bilərdim, amma o zaman sənin boğazından kəsmiş olardım. O, mənim aylıq gəlirim idi”.
Təəssüflər olsun ki, bu gün Azərbaycanda həkimlərin müəyyən hissəsi belə davranış nümayiş etdirir. Deyirlər, "balıq, başdan iylənər. Buna səbəb isə səhiyyə sisteminin başında duranların seçiminin uğursuz nəticələnməsi olub. Zaman-zaman nazir təyin edilən şəxslər, ancaq "öz məqsədləri" üçün çalışıblar. Xalqın vəziyyəti, səhiyyənin durumu onları heç maraqlandırmayıb. Bu gün isə Azərbaycanda səhiyyənin sadəcə adı var.
Nəqliyyat Nazirliyi yadınıza gəlirmi? Ziya Məmmədov birdəflik vəzifəsindən azad edilmədi. Addım-addım nazirliyin səlahiyyətləri əlindən alındı və bir gün də nazirlik ləğv edildi. Bu gün Səhiyyə Nazirliyi də eyni aqibəti yaşayır. Ancaq təəssüf olsun ki, sonradan yaradılmış TƏBİB də ümidləri doğrultmadı. TƏBİB yarandığı gündən, keçmiş rəhbəri Ramil Bayramlının davranışları gündəm oldu. Nə biz jurnalistlər, nə də cəmiyyət onu TƏBİB-ə rəhbər kimi qəbul edə bilmirdi. Sonunda uğursuz fəaliyyəti ilə barışıb üzüsulu vəzifəsindən "istefa verdi".
Oqtay Şirəliyev haqqında isə heç danışmağa dəyməz. İşəyaramaz keçmiş nazir uzun illər nazir vəzifəsini sadəcə, məşğul etdi. Azərbaycan səhiyyəsinin inkişafı üçün barmağını belə tərpətmədi. Məhz onun dövründə Azərbaycan vətəndaşları müalicə üçün Türkiyə, İran, İsrail və digər ölkələrə üz tutmağa başladı.
Fikir verirsinizmi, ölkədəki dövlət məmurları, nazirlər, hətta icra başçıları belə müalicə üçün xarici ölkələrə üz tutur. Niyəsi məlum. Çünki hamı ölkədə səhiyyənin vəziyyətindən narazıdır. Sadəcə, kiminsə cəsarəti çatıb dilə gətirə bilmir.
Yadınızdadırsa, sabiq nazir Natiq Əliyev xəstələndiyi zaman ölkə xəstəxanalarından birinə çatdırılmışdı və baxımsızlıqdan dünyasını dəyişmişdi. Bəlkə də Natiq Əliyev Azərbaycana ən sadiq insan, ən sadiq nazir idi. Ölümünü belə vətənində seçmişdi.
Mirzə Ələkbər Sabir "Əzrayılın istefası"-nda belə yazır:
“Mən edincə hələ bir ölməli bimarı həlak,
O alır ÖLMƏMƏLİ MİN NƏFƏRİN CANINI PAK.
Verdiyin canları min-min ki, BU ZALIM ALACAQ,
De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq.
Qoy alım canını barı, qoparım məhşərini,
Yoxsa, Billah, qıracaq qullarının əksərini.
Bu təmənnamı qəbul eyləməz olsan hala,
Kərəm et, ta əməlimdən verəyim istefa.
Başqa bir xidmətə nəsbən məni qıl minnətdar,
ƏZRAİL OLMAĞI VER, İŞBU TƏBİBƏ, ZİNHAR”.
Belə... Bu gün Əzrayılın yerini bizim olmayan Səhiyyə sistemimiz alıb. Səhiyyə sisteminə ayrılan vəsaitlər isə Maliyyə və Səhiyyə Nazirliklərinin "əlbir fəaliyyəti"nin qurbanı olur. O üzdən də Azərbaycanda yaşaya bilmək, xəstə olan zaman həkimə gedib müayinə olunmaq və doğru təyin olunmuş müalicə almaq hər kişinin işi deyil. Bütün bunları bilə insanlar da ən sonda - çarəsiz halında həkimə gedir. Əvvəllər həkimlər bunu vətəndaşların xüsusi vərdişi deyə təqdim edirdilər. İndi isə bunun səbəbi bəllidir. Xəstə bilir ki, ayaq üstə həkimə getsə, canını sağ, cibini dolu görməyəcək. Hətta getdiyi yer, onun son görüldüyü yer olacaq. Orada üzünə açılan isə xəstəxananın deyil, əslində axirətin qapısıdır.
Azərbaycanda xəstələnən şəxs Əzrayılla qarşılaşmadan öncə həkimə böyük ümidlərlə gedir. Ki, bəlkə həkimin ürəyinə rəhm düşə... O da ki, çox çətin. Əzrayılın istefasından sonra onun yerinə TƏBİB təyin olunub axı. Yadınızdadırsa, yuxarıda bu barədə məlumat vermişdik...
Tarix: 6-12-2021, 22:56




Xəbər lenti