Avropa Məhkəməsi müxalif fəalların və evləri sökülən bir qrup vətəndaşın şikayətlərini araşdırmağa başlayıb



Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 15 şikayət üzrə kommunikasiyaya başlayıb. Bu işlərdə şikayətçilər müxalif fəallar, jurnalistlər və Bakının mərkəzindəki “Qış Bulvarı”nın inşası zamanı mülklərindən məhrum olanlardır.
Türkel Kərimli Azərbaycana qarşı, Nuriyev Azərbaycana qarşı, Salahov Azərbaycana qarşı
Hər 3 iş 2013-cü ildə müxalif qüvvələrin prezidentliyə namizədinin dinc aksiyasına qatılmalarına görə ərizəçilərin saxlanılmaları və inzibati qaydada həbs olunmaları ilə bağlıdır. Onlar polisin qanuni tələblərinə əməlk etmədikləri əsası ilə saxlanılıb, 25-30 gün aralığında həbs olunmuşdular. Ərizəçilər saxlanılma və həbs edilmələrinin Konvensiyanın 11-ci (birləşmək hüququ), 5-ci (azadlıq və toxunulmazlıq) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddələri ilə təminat altına alınan hüquqlarına zidd olduğunu iddia edirlər.
Zaur Qurbanlı Azərbaycana qarşı, Elçin Namazov Azərbaycana qarşı, Elvin Adıyev Azərbaycana qarşı
Qeyd edilən işlər də ərizəçilərin polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməyə və kiçik xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlıdır. Bu işlərdə ərizəçilər barələrindəki araşdırmaların Konvensiyanın 6-cı maddəsi ilə qoruma altına alınan hüquqlarına müdaxilə məzmunda olduğunu iddia edirlər.
Əfqan Muxtarlı Azərbaycana qarşı, Gülağa Aslanlı Azərbaycana qarşı
Hər iki iş ərizəçilərin müvafiq olaraq, 2011 və 2012-ci illərdə kiçik xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Ə.Muxtarlı Bakı şəhərində keçirilməsi planlanan etiraz aksiyasından əvvəl saxlanılaraq 50, G.Aslanlı isə 20 AZN cərimə ediliblər. Ərizəçilər iddia edirlər ki, azadlıq və toxunulmazlıq hüquqlarına qanunsuz müdaxilə edilib, barələrindəki məhkəmə araşdırması ədalətli olmayıb. Həmçinin, ərizəçilər birləşmək hüquqlarına müdaxilə baş verdiyini iddia edirlər.
Həsən Hüseynov və 3 başqa ərizəçi Azərbaycana qarşı
Bu işlərdə ərizəçilər mülkiyyət hüquqlarına müdaxiləni mübahisələndiriblər. Ərizəçilər iddia edirlər ki, Bakı şəhərində “Qış Bulvarı” inşa edilərkən, onların mənzilləri qeyri-qanuni sökülüb. Bakı şəhər İcra Hakimiyyətinin 2011-ci ildə qəbul etdiyi sərəncam əsasında mülklərindən məhrum olan ərizəçilər yerli məhkəmələrə şikayətlərində evlərinin sökülməsiə görə əlavə təzminat tələb ediblər. Yerli məhkəmələr tələbləri qismən təmin edib, ancaq həmin qərarlar icra olunmayıb.
Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, onların mülkiyyət, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.
Ağayev və Zülfüqarzadə Azərbaycana qarşı, Mehman Ağayev Azərbaycana qarşı
Bu işlər də “Qış Bulvarı”nın inşası ilə əlaqəlidir. Ərizəçilərin mülkləri həmin bulvarın inşa edildiyi ərazidə yerləşirdi. Yerli məhkəmələr ərizəçilərə mülklərinin hər kvadrat metrinə görə 1500 AZN ödənilməsinə qərar versə də həmin qərarlar icra edilməyib. Bu işdə ərizəçilər mülkiyyət, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
AIHM 15 şikayət üzrə hökumətə aydınlaşdırıcı suallar göndərib.
Tarix: 24-06-2021, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}