Hakimiyyətin islahatlar mifini hansı klan və niyə dağıdır? - sensasion ssenari

Hakimiyyətin islahatlar mifini hansı klan və niyə dağıdır? - sensasion ssenari Azərbaycanda islahatlar nağılı “göydən üç alma düşdü” ilə bitmədi. AnaXeber.az yazır ki, hökumətin statistik miflərini “qucağımda ilan bəsləmişəm” misalına uyğun olaraq öz deputatları dağıdırlar.
Qüdrət Həsənquliyev Azərbaycanı Norveçlə müqayisə edir və hökumətin diqqətinə çatdırır ki, Skandinaviya ölkəsinin əhalisi bizdən daha azdır, fəqət büdcəsi 221 milyard dollardır.


Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik.
Millət vəkili az qala müxalifətçilik edir və həyəcan təbili çalır: Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq.
İnanılmaz çağırışdır: radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq!!!
Bu qədər lakonik, konkret və aydın. Hətta müxalifət liderləri belə açıqlamalar vermirlər. Məsələ isə hökumətyönlü və icazəli bir deputatın həqiqətləri üzə çırpmasındadır.
Ardınca elektron KİV-də xəbər alırıq ki, hökumət 33 rayonun dotasiyasını kəsib. Və başqa bir parlamentari, vitse-spiker Bahar Muradova bu göstəricini böyük nailiyyət kimi qiymətləndirir.

Hər iki parlament üzvündən az əvvəl isə həmkarları Siyavuş Novruzov maaş azlığından gileylənir.
Bu dolanbac çıxışlar və mesajlar, bir-birini təkzib edən mövqelər bir tərəfdən hakimiyyət içində vahid komanda oyunu olmadığına işarədir. İqtidar içindəki qruplaşmalar öz millət vəkilləri vasitəsi ilə cəmiyyətə mesajlar ötürürlər.
Hökumətin bir qanadı iqtisadi siyasəti baltalayıb sərt şəkildə tənqid edirsə, digər cinah nikbin açıqlamalar verir. Bu ondan xəbər verir ki, hökumət ikiyə ayrılıb.
Narazı klan iqtisadi vəziyyətin pisləşdiyini cəmiyyətin nəzərinə çatdırmaq istəyir. Paralel olaraq isə biz həqiqətləri artıq onların dilindən eşitməyə başlamışıq.
Məsələ ondadır ki, ictimaiyyətə islahatlar kimi təqdim olunan qərarlar, yeniliklər əslində, kosmetikdir, keyfiyyətsizdir və xalqın həyatında heç nəyi dəyişməyib.
Posneft dövrünün başlanması xalqı sürətlə yoxsullaşdırıb və hökumətin köklü reformalara gedəcəyi, bürokratik əngəlləri, inhisarçılığı aradan qaldıracağı, aqrar sektorun, turizmin, sahibkarlığın inkişaf etdiriləcəyi gözləntiləri vardı.

Lakin ötən ilin büdcəsini kəsirlə bağlayan hökumət bu il təkrar olaraq 2015-ci ilə qədərki iqtisadi siyasəti bərpa edir.
Ona görə də 33 rayona verilən maliyyənin dayandırılması icra başçılarının korrupsiya bulağını qurutmaq olsa da, bunun ciddi nəticələrə təsiri inandırıcı deyil.
Çünki xalqın həyatında daha çox effektiv iqtisadi metodlar iş yerlərinin açılması, sahibkarlara şəraitin yaradılması, monopoliyanın ləğvi, rüşvətin yox edilməsidir.
Azərbaycan hökuməti isə sadalanan mərəzlərdən imtina edə bilmir. Odur ki, xalq dekorativ iqtisadi islahatlara şahidlik edir.

AnaXeber.az yazır ki, ölkədə yanacağın bahalaşması, ərzaq məhsullarının qiymətinin artması, xarici investorların ölkəni tərk etməsi, iş yerlərində ixtisarlar, maaşların yarıbayarı endirilməsi, sosial xərclərə ayrılan dövlət maliyyəsinin yenə də az təşkil etməsi, bank sektorunun tamamilə çöküşü, tikinti sahəsində bumun dayanması və durğunluq, gəlirlərin xərclərin altında qalması manatın devalvasiyası və neftin ucuzlaşmasından sonra yaşanan iqtisadi deformasiyadır.
Ölkə bir gecənin içində böyük bir iqtisadi sunaminin yaxud zəlzələnin altında qaldı və indiyə qədər dirçələ bilmir. Sadəcə, xalqda imunitet yaranmağa başlayır və status-kvo ilə barışmaq üzrədir.
Artıq əhali hesablaşır ki, neftdən gələn milyardların qırıntısını, tör-töküntüsünü yemək imkanı da əldən çıxıb və qaranlıq bir tunelə daxil olmuşuq.
İndi neft erası deyil və hər şey yaxın keçmişdə qaldı. O baxımdan reallıqla barışmaq və mövcud şərtlər altında gündəlik istehlak səbətini müəyyənləşdirmək lazımdır.
Hökumətin iqtisadi islahat nağılları isə iki il ərzində xəyaldan başqa bir şey olmadı və xalq anlayır ki, axı biz bu iqtidarı illərdir tanıyırıq, niyə 2 ildə ondan gözləntimiz olsun ki?!
Beləliklə, 2018-cı ilə yağlı vədlərlə daxil olmağa hazırlaşan iqtidar yetkililəri yenə də xalqı inandırmağa çalışırlar ki, maddi rifahınız və güzəranınız gözəl olacaq.
Əlbəttə, seçki ilində bu vədlər kəmiyyətcə artacaq və bəziləri qismən yerinə yetiriləcək ki, narazılar ordusu aktivləşməsin.
Amma hakimiyyət daxilində ikitirəlik ciddi narahatlıq doğurur. Çünki ənənəvi klan iqtisadi vəziyyətin ağırlaşdığını öz deputatlarının dili ilə ötürməyə, insanların gözünü açmağa başlayır.
Elmira Axundova həkimlərin 120 manat maaşla ələbaxıma möhtac olduğunu dilə gətirir, bir başqası maaşların bütün sahələrdə artmalı olduğunun vacibliyini vurğulayır, başqası da ölkəni Norveçlə müqayisə edir.
Hakimiyyət isə real islahatlar həyata keçirmək istisna olmaqla, bütün siyasi kombinasiyaları reallaşdırır.
Bu şəkildə “gözə kül üfürmək” siyasətinin bir müddət nəticə verəcəyini söyləmək mümkündür.
Ancaq iqtisadi sürünmə siyasəti hara qədər davam edəcək və ölkədə real vəziyyət kağız üzərindəki rəqəmlərlə daban-dabana ziddir. Düşünün, cənablar, düşünün...
AnaXeber.az
Turan
Tarix: 14-11-2017, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}