Azərbaycanın ABŞ-ın “təhlükə” saydığı iki qonşusu....

Azərbaycanın ABŞ-ın “təhlükə” saydığı iki qonşusu....
Rusiya və İran arasında ziyan görməmək üçün nə etməli?

ABŞ prezidenti Donald Trampın açıqladığı yeni Milli təhlükəsizlik strategiyası dünya gündəmini zəbt edib. 53 səhifəlik strategiya sənədində dünyaya və Azərbaycanın yerləşdiyi region ölkələrinə ciddi mesajlar göndərilib. Sənəddə açıq şəkildə Rusiya və Çinin Amerikanın dünya qaydasına təhdid yaratdığını bildirilib. Sənəddə Rusiya və İran təhlükəli dövlətlər kimi xarakterizə edilir.


ABŞ kimi dünya nəhənginin “təhlükə” adlandırdığı bu iki dövlət Amerikadan min kilometrlərlə uzaqda yerləşir. Azərbaycan isə hər iki dövlətlə sərhəd qonşusudur. Xəritəyə nəzər yetirmək kifayət edir ki, Azərbaycanın Rusiya və İranın arasında yerləşən və onlarla müqayisədə çox kiçik olan bir ölkə olduğunu görək. Azərbaycanın məhz bu cür mürəkkəb, çətin coğrafi mövqedə yerləşməsi əsrlər boyu başına bəlaların gəlməsinə gətirib çıxarıb. Rusiya ilə İran tarixdə bir neçə dəfə Azərbaycanı öz aralarında bölüşdürüblər. Nəticədə bugünkü müstəqil Azərbaycan onların arasında kiçik ərazili bir dövlət kimi qalıb. Bu kiçik ərazidə belə, müstəqilliyini qurbanlar bahasına əldə edib.

Bəs Azərbaycanın strategiyası necə olmalıdır ki, ABŞ-ın belə təhlükə saydığı iki böyük dövlətin arasında başını salamat saxlasın, müstəqilliyini qoruya bilsin?



VİP sədri Əli Əliyev “Yeni Müsavat”a öncə bildirdi ki, Donald Trampın açıqladığı milli təhlükəsizlik haqda strategiya dünyaya yeni administrasiyanın baxışını nümayiş etdirir. Doktrina ilə yanaşı ABŞ-ın gələn il üçün hərbi xərcləri də elan edilib-700 milyard ABŞ dolları. Hərbi doktrinanın detalları arasında Rusiya Çinlə birlikdə ABŞ-ı dünya çapında təhdid edən, onun liderliyinə mane olan dövlətlər sırasına aid edilib. İran isə Şimali Koreya ilə birlikdə dünya üçün təhlükə adlandırılıb. Azərbaycana gəldikdə, Rusiya və İran iç həyatımıza həlledici təsirə malik dövlətlərdir: “Rusiyanın açıq, İranın isə alt təsirləri dövlət üçün problem yarada bilmək potensialına malikdir. Azərbaycan hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər iki qonşunun maraqlarını xarici siyasətində nəzərə almalıdır. Belə aqressiv dövlətlər arasında yerləşməyimiz xarici siyasi kursumuzda ehtiyatlı davranmağı şərtləndirir. Hər iki dövlət dünyanın təkqütblü olmaması üçün ciddi addımlar atır. ABŞ isə Trampın dili ilə ”Güc vasitəsilə sülh" şüarını irəli sürüb. Barak Obama administrasiyasının formasız və amorf kursundan sonra Donald Trampın sərt güc tətbiqi ilə bağlı bir illik öhdəliyi bölgəmizə və dünyaya yaxşı heç nə vəd etmir. Hər halda, həm qonşularımızla, həm də dünya güc mərkəzləri ilə dəngəni qorumağımız qaçılmazdır".

Partiya sədrinin fikrincə, ABŞ-ın hər iki qonşumuza qarşı ehtimal olunan təzyiq siyasəti onları yaxın ətraflarına qarşı təhdidə məcbur edəcək.

Etibar SEYİDAĞA
Tarix: 21-12-2017, 08:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}