YAP-çıların YAP-çıları işdən çıxardığı günlər...


Qanunlarla idarə olunan, hakimiyyət qollarının seçkilərlə formalaşdığı bütün demokratik dövlətlərdə “dövlət qulluqçusu” adlandırılan bir zümrə var. Onlara qısaca “məmurlar” da deyilir.

Bir çox ölkələrdə onların reputasiyası fərqlidir, bəyənən var, bəyənməyən var, amma hamı anlayır ki, bu məmurlar ordusu olmasa, dövlət də olmaz. Onlar dövlətin fəqərə sütunudur, onun bütün ağır, qara, üzücü işlərini bu şəxslər görürlər.

Adlarının gurultulu səslənməsinə baxmayın, çoxunun, xüsusilə də orta ranqdan aşağı olanların maddi rifahı elə ortabab haldadır. Bəzən ağlımız büdcəni çapıb talayan oliqarxlara, geniş və qanunsuz biznes şəbəkəsinə malik yüksək mənsəblilərə gedir, amma ortadan aşağı məmurlar ordusu maaşa, mükafata baxan adamlardır. Təminatlıdırlar, amma çox da varlı-hallı deyillər.

Ona görə də bir dövlətdə hakimiyyət komandaları nə qədər dəyişir, dəyişsin, dövlətin onurğa sütunu olan məmuriyyətə dəyib-dolaşan olmur, onlar öz yerlərində qalıb işləyirlər. Çünki dövlət qulluqçusudurlar, hakimiyyətə gələn komandanın fəalları deyillər.

Tutaq ki, seçki olur, xalqdan səs almış A. partiyası B. partiyasını əvəz edir, təbii ki, hakimiyyətə yeni gələn qüvvə ilk növbədə strateji nazirliklərin birinci şəxslərini dəyişir, yeni nazir də öz müavinlərini, işləyəcəyi şəxslərin sırasında yerdəyişmə edir, amma ondan əvvəl bu nazirlikdə çalışan adamların 80-90 faizi yerində qalır.

Nazir, komitə sədri anlayır ki, bu adamlar on illərdir bu nazirlikdə işləyirlər və strukturun necə idarə edilməsini əla bilirlər. Onları çıxarıb yerinə naşı adamları təyin etmək, ən azı bir-iki illiyə (yenilər işi tam öyrənincəyə qədər) həmin nazirliyin funksionallığına zərbə vurmaq deməkdir.

Hazırda ölkəmizdə buna bənzər bir proses gedir. Məlum olduğu kimi, 11 aprel seçkisindən sonra prezident 10-dan artıq gənc kadrı nazir, komitə sədri, xidmət rəisi kimi yüksək vəzifələrə təyin edib.

İndi onlar öz komandalarını formalaşdırmaqdadırlar. Başçılıq etdiyi nazirlikdə hələlik heç kəsi işindən ayırmayan nazir də var, gəldiyi gündən dəhlizdə gözünə dəyən hər kəsi işdən çıxaran da.

Belə baxanda ikincilərin işi absurda doğru gedir. Ona görə ki, ölkədə hakimiyyət dəyişikliyi olmayıb, bundan əvvəl də hakimiyyətdə eyni siyasi partiya idi, indi də həmin partiyadır. Bundan əvvəl də nazirliklərdə yüksək vəzifə tutan şəxslər dövlət qulluqçusu və YAP üzvləriydilər, güman ki, onların yerinə təyin olunanlar da YAP üzvləridir.

Elədirsə, nədən bəzi nazirliklərdə “kütləvi təmizləmə” gedir? Bu, güman ki, nazirlikdəki ətalətə qarşı mübarizənin tərkib hissəsidir. Yeni nazir effektiv olmaq, fəaliyyətində uğurlar əldə etmək, ad çıxarmaq istəyir və köhnə komandanı ayağından  asılmış pudluq daş sayır.

Ancaq bu işin də bir həddi, əndazəsi var. Bu dəyişiklikləri də bir yerə qədər etmək lazımdır. Kütləvi dəyişikliyə aludə olaraq bir də ondan ayılmaq olar ki, nazirlikdə, komitədə strukturun işinin incəliklərini bilən kimsə qalmayıb.

Üstəlik, dövlət qulluqçularına bu sayaq münasibət (“köhnə nazir getdi, onunla işləyənlərin hamısı getməlidir”) dövlət qulluğunun fitrətinə ziddir, ona etimadı azaldır. Dövlət qulluqçusu özünü bu işdə müvəqqəti hesab etməməlidir, bilməlidir ki, siyasi komandalar nə qədər dəyişsə də, o, dövlətin kadrıdır və öz funksiyasını yerinə yetirməlidir.

Bir nazirin əmrində çalışaraq, karyeranı ona bağlayıb fəaliyyət göstərmək isə kadrlarda “müvəqqəti vəzifə” hissini gücləndirir və onlar fürsət varkən, daha çox talamağa, rüşvət almağa, qulluq səlahiyyətlərindən sui-istifadə etməyə meyllənirlər. Çünki bilirlər, onları bu nazirliyə gətirən adam başqa bir yerə gedəndə, yaxud da istefaya göndəriləndə, bunlar da işsiz-gücsüz ortalıqda qalacaqlar.

O cür adamların arasında xeyli üçdə alacağı, beşdə verəcəyi olmayan, sıravi məmurlar da var. Məsələn, bəzi strukturlarda mətbuat xidmətlərinin rəhbərlərini ucdantutma dəyişirlər. Söz yox, adam yeni tələblərə uyğun çalışa bilmirsə, işinin öhdəsindən gəlmirsə, dəyişdirilsin, amma görürük ki, hazırda işinin öhdəsindən yaxşı gələn, media camiəsində hörmət qazanmış şəxsləri də işlərindən ayırırlar.

Xalid KAZIMLI
Tarix: 4-06-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}