kimlər səksəkədədir?
Prezident gözlənildiyi kimi, nazirlərdən sonra icra başçılarını təzələməyə başlayıb. Bu da cəmiyyətin sosial sifarişidir

Binəqədiyə və Tovuzda yeni icra hakimləri təyin olunub. Bakı meri, Gədəbəy və Ağdam rayon icra başçısı postları boş qalıb.

Amma proses bu bölgələrlə məhdudlaşmayacaq. Hakimiyyətdəki mənbələrdən sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli, Nəsimi rayon başçısı Asif Əsgərov da növbəsini gözləyir.

Eynilə Gəncə icra başçısı Elmar Vəliyev, Daşkəsənin icra hakimi Əhəd Abıyev, Lənkərandakı həmkarı Taleh Qaraşov, Ağcabədi icra başçısı Şahin Məmmədov səksəkədədir.

İddialar var ki, Ağstafa icra başçısı Məhərrəm Quliyev, Sabirabad və Saatlıya rəhbərlik edən Nazim İsmayılovla Siraqəddin Cabbarov da təşvişdədirlər.

Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Prezident islahatlar apararaq xalqa xidmət etməyən icra hakimlərini yola salır.

Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Suraxanı rayon icra başçısı İlqar Abbasov, Xızının başçısı Xəzər Aslanov, İmişli rayon rəhbəri Vilyam Hacıyevin də vəziyyəti ürəkaçan deyil.

FİA.Az-ın xəbərinə görə, Hacıqabul, Kəlbəcər, Zəngilan, Biləsuvar, Astara rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.

Prezidentə son zamanlar ən çox şikayətlərin Beyləqan, Göyçay icra başçılarından getdiyi məruzə olunub. Eləcə də Laçın və Sumqayıt icra başçılarının adı çox çəkilib.

Gəncədən də neqativ məlumatların çox gəldiyi bildirilib. Xüsusən də Göyçaydakı vəziyyətlə bağlı qərar veriləcəyi deyilir.

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalıb.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən deyib.

2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır.

Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olub.

Qeyd edək ki, 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı.

Prezident Administrasiyası rəsmisinin rayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcəyi gözlənilən idi.