Ölkə boşalır: “beyin axını” hakimiyyət üçün qorxunc silaha çevrilir...

 


 


Ərəb ölkələrində də oxşar tendensiya idi: xalqların fərqli düşünən fərdləri kütləvi şəkildə vətənlərini tərk etmişdilər.
Siyasi mühacirət həyatı isə onların təşkilatlanması və xaricdən daxilə təsiretmə imkanlarını yaratmışdı. Bu, daha qorxunc idi...

Anaxeber.Az son illərdə Azərbaycandan “beyin axını”nın sürətlənməsi probleminə diqqət çəkib. Ekspertlər də o qənaətdədir ki, ölkənin boşalması yaxşı gələcək vəd etmir.
Cəmiyyətin politik, intellektual kəsiminin mühitdən uzaqlaşması, ailələrini də mühacirətə aparması iqtidar üçün indiki şəraitdə əlverişli görünə bilər.
Lakin “beyin axını” ölkədəki ictimai-siyasi düşərgənin totalitarlaşmasına gətirib çıxaracaq. Hakimiyyət özü bu köçün qarşısını almaqda maraqlı olmalıdır.
Son illərdə keçmiş sovet ölkələrindən ən çox Azərbaycandan Avropaya mühacir axını müşahidə olunur.
Statistik rəqəmlər də onu deməkdədir ki, Suriya, Əfqanıstan, Afrika ölkələri ilə Azərbaycan mühacirləri qoşa addımlayırlar.
Ermənistan boşalır deyərək rəsmi informasiya təbliğatında mif yaratmağa cəhd olunsa da, reallıq əksini söyləyir.
Faktiki Azərbaycandan Almaniya başda olmaqla, İsveç, Hollandiya, Belçika, Norveç, Finlandiya, Kanada, ABŞ və s. ölkələrə miqrant axını getdikcə artır.
Xüsusən də gənc nəsil arasında bu hallar müşahidə edilməkdədir ki, son “green card” qaliblərinin siyahısı açıqlananda həmin şəxslərin təvəllüdləri rəsmi təsdiq idi.
Onlar geri qayıtmaq istəməyənlərdir. Çünki gənclik Azərbaycanda perspektiv görmür. Bu, sistemlə əlaqəli problemdir:
***
Tunis və Misirdə hərəkatların liderləri mühacirlər idi. Onlar illərlə Avropa ölkələrində yaşamağa məhkum olmuşdular.
Hərəkat başlananda ölkələrinə qayıdaraq liderlik missiyasını üzərinə götürmüşdülər. Çünki daxildə müxalif lider qalmamışdı ki, prosesləri çiyinlərində daşısın.
Azərbaycanda oxşar ssenari getməsə də, buna bənzər fərdlər xaricdə aktiv işləyirlər. Onlar zaman-zaman kampaniyalar aparır, video çıxışlar edir, səfirliklər qarşısında aksiyalar təşkil edirlər.
Bu, hakimiyyətin yanlış siyasətinin nəticəsidir ki, azərbaycanlıların tənqid səsləri Avropada eşidilir. Etirazları daxildən xaricə, küçədən virtuala transformasiya etmək səhv idi.
Əgər bir vaxtlar daxildə keçirilən mitinqlərin əks-sədası sərhədləri aşmırdısa, mühacir köçü nəticəsində indi Qərb dövlətlərində Azərbaycandakı vəziyyətdən agah olurlar.
İqtidar dərk etməlidir ki, hansı daha pisdir...Ona görə də bu kütləvi tendensiyanın qarşısının alınması üçün proqram olmalıdır, real işlər görülməlidir.
Nəzərə almaq lazımdır ki, gedənlərin şikayəti təkcə insan haqları və azadlıqların boğulması ilə əlaqədar deyil, o cümlədən sosial problemlər, işsizlik köçə vadar edir.
Axı minlərlə soydaşımız var ki, siyasi mühacir kimi deyil, işçi vizası ilə ölkədən gedirlər. Bundan əlavə, Rusiya, Ukrayna, Türkiyə, Amerika bazarlarında işləməyə gedənlər var.
Bu, “beyin axını” sayılmasa da, işsizlərin kütləvi köçüdür. Və hər ikisi istənilən halda ölkənin boşalmasına səbəb olur. Ona görə ki, xalqın gələcək haqda ümidləri tükənir.
***
Vətəni tərk edən intellektuallar cəmiyyətin düşünən beyinləridir. Onlar ədəbiyyatda, siyasətdə, ictimai proseslər, elmdə kifayət qədər potensialı olan aydınlardır.
Siyasi baxışları naminə onları sıxışdıraraq ölkədən getməyə məhkum etmək və potensiallarını başqa ölkələrin maraqlarına xərcləmək imkanı yaratmaq yanlışdır.
Hakimiyyət bu zümrəni düşmən gözündə görməməlidir. Əksinə, onların potensialından istifadə etməlidir.
Hətta xaricdə olsalar belə, Azərbaycanın inkişafı üçün atdıqları addımları dəstəkləməli, aqressiv münasibətin aradan qalxması istiqamətində iş aparmalıdırlar.
İqtidar daxilində dediklərimizi analiz edənlər var və onlar mühacirlərlə işləməyin tərəfdarıdırlar. Bununla belə, prosesin qarşısı alınmasa son 2-3 il ərzində köç daha da intensivləşəcək.
Xüsusən də aprel seçkilərindən sonra şələ-şüləsini götürüb Avropaya sığınacaq almağa gedənlərin yeni dalğası vüsət alıb. Bu, təhlükəli tendesiyadır, bir gün qorxunc silaha çevrilə bilər...
Anaxeber.Az
Turan
Tarix: 11-06-2018, 08:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}