15 Sentyabrı hələ də bayram edə bilmiriksə - içimizdə Şeytan oturub...


"O Gün olmasaydı, nə  “Azərbaycan xalqı” adlı toplum,  nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı..."  
Fikir savaşı...


Sultan Laçın

Sonradan bərpa olunmuş müstəqillik illərində rəsmən Bilik Günü kimi də qeyd edilən 15 Sentyabr – gerçəklikdə 102 ildir ki, ÜMUMMİLLİ XİLAS, ZƏFƏR GÜNÜ kimi qeyd olunmalıydı... Amma nə yazıqlar ki, 70 illik sovet dövrünü çıxsaq, 29 illik müstəqillik dönəmində də bizlər bir toplum olaraq hələ bu günün dəyərini tam dərk edə, onu dövlət səviyyəsində tarixi bir gün, BAYRAM kimi rəsmiləşdirə bilməmişik... 

*** 
Bizi laqeydləşdirən, ümummilli dəyərlərdən, dərdlərdən uzaqlaşdıran bir çox səbəblər var: həm tarixi, həm də çağdaş, həm daxili, həm xarici...

*** 
Osmanlı Türkiyəsinin  Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi və ordusuna  böyük dəstəyi sayəsində bizim bir xalq olaraq faktiki yer üzündən silinməyimizin qarşısının alınması gerçəkliyi yalnız iki il (1918-1920) şüurlarımıza, yaddaşlarımıza təlqin olunub.... 1920-ci ildə bolşevik Rusiyasının işğalından sonra isə nəinki bu fakt, türklüyümüz, müsəlmanlığımız da total və iyrənc bir təbliğatla, eyni zamanda təqib, təzyiq, repressiya, sürgün və güllələnmələrlə unutdurulmağa başlanıb... Əksinə, AXC də, Xoyskilər,  Rəsulzadələr, Nəsibbəylilər də, Həsən bəy Aayevlər də, Xosrov bəy Sultanovlar da, Nuru Paşa da, bütövlükdə bu xalqın düşmənləri kimi təbliğ edilib... Əvəzində Azərbaycan müsəlmanlarının, türklərinin soyqırımının başında dayanmış Şaumyanlar  “qəhrəman”ımız, “xilaskar”ımız kimi şüurumuza da, şüuraltımıza da yeridilib, adlarına rayonlar, şəhər, küçələr, metrolar verilib, heykəlləri ucaldılıb...

*** 

15 Sentyabrı Ümummmilli Qurtuluş, Xilas günü kimi təbliğ edəcək bəylərimizin, ziyalılarımızın, ruhanilərimizin, xanımlarımızın çoxu  1920-30-cu illərdə repressiyların qurbanı olub. Yarım milyona yaxını “Böyük Vətən” müharibəsində qurban gedib... Yerdə qalıb qorxudulmuş, gözüqıpıq edilmiş, beynəlmiləlləşmiş, Zəngəzura, Göyçəyə yiyələnmiş ermənilərlə “kirvələşmiş”, “qardaş”laşmış, komsomollaşmış, kommunistləşmiş, kolxozlaşmış ata-analarımız... Onlar arasında ermənilərin 1905-1906, 1918-ci illərdəki və s. bizlərə qarşı törətdikləri qırğınların şahidi olanlara belə, övladlarına bu haqda danışmaq qadağan edilib... Çox nadir sovet ailələrində Rəsulzadə-Xoyski hökuməti,  Osmanlı, Nuru paşa xilaskarlığı haqqında danışılıb...

***  

Məsələn, bəndənizin ulu babası, yəni atasının babası -Əbdüləli bəy Şirinbəyli I Cahan savaşına könüllü gedərək silahla, qılıncla davranmağı, döyüşməyi öyrənib mənimsəyib və 1917-ci ildə yaralanıb geri dönərək sağaldıqdan sonra o dövrdə Azərbaycanın Zəngəzur-Qarabağ ərazilərinə də gəlmiş Osmanlı və Azərbaycan ordusuna könüllü olaraq dəstək verənlərdən olub.  Babam bəndənizin 3 yaşı olanda dünyasını dəyişib.  Onun  Osmanlı haqqında söylədikləri, xüsusən nağarada çalıb ifa etdiyi “Nuru paşa, səni görüm min yaşa!” kimi türküləri, evimizə dəvət etdiyi aşıqların nəğmələri və s. həmin 3 il ərzində şüuraltı olaraq beynimə, hafizəmə, qanıma həkk olunub. Sonradan atamdan, böyük bacılarım və bizə mütəmadi gəlib-gedən qohum-əqrəbadan Türk ordusunun Azərbaycana, ayrıca Zəngəzura, Qarabağa xilaskarlıq missiyasıyla gəlməkləri barədə artıq şüurlu olaraq eşidib dərk etdiyim söhbətlərin ruhi təsirini artıq heç bir güc ruhumdan, qəlbimdən qopara bilməz...

*** 

Bununla yanaşı, sovet dövründə on illərlə aparılmış manqurtlaşdırma siyasəti  yüzlərlə, minlərlə Azərbaycan ailəsinin türklərə, hətta ümumiyyətlə, müsəlmanlara yad atmosferdə böyüməsinə, dilimizin Azərbaycan, millətimizin “azərbaycanlı” adlanmasına gerçək şərait yaradıb... 

*** 

Məhz bu səbəbdən artıq bərpa olunmuş  müstəqilliyimizin 3-cü onilliyinin tamamlanmasına rəğmən 15 Sentyabr günlərində kütləvi sevinc, bayramlaşma, Azərbaycan uğrunda şəhid olmuş Türk hərbçilərinin Şəhidlər Xiyabanı yaxınlığındakı abidəsinə kütləvi axın baş tutmur və təşkil edilmir... Söhbət ayrı-ayrı siyasi qrupların, bir-birindən küsülü(az qala qatı düşmən) hakim və müxalif partiyaların dəstə-dəstə ziyarətindən getmir... 

*** 

Öncə dediyimiz kimi, biz 15 Sentyabrı təntənəli şəkildə Xilas, Zəfər bayramı kimi qeyd etməliyik. Bunu etmək istəmiriksə və ya edə bilmiriksə, bu istək, zərurət qəlbimizin dərinliyindən, ruhumuzdan gəlmirsə, Nuru paşaya Bakıda heykəl qoya bilmiriksə, deməli, 1813-1828-dən, 1920-ci ilə və bu günə gələn imperiya və ermənizm xəttini davam etdirən güclər var... Deməli, nəinki Qarabağı(hələ digər tarixi torpaqları demirik), ruhumuzu, qəlbimizi də  xarici və daxili(nəfsimizin, tamahımızın, şəhvətimizin) işğaldan azad etməmişik... Deməli, içimizdə və içimizdə, yəni hər iki mənada(həm bir fərd, həm də ölkə olaraq) şeytanlar var... O şeytanlar ki, müsəlmanlığımızı, türklüyümüzü unutdurub bizləri gah Moskvaya, gah  Vaşinqtona, gah da Tehrana bağlamağa çalışırlar...  O şeytanlar ki, bizlərə Allahı, Quranı, Axirəti bir yalan, bir xülya kimi göstərib məmurlarımızı, alimlərimizi, müəllimlərimizi,  həkimlərimizi, hərbçilərimizi, polislərimizi  və s. rüşvətxorluğa, saxtakarlığa, dələduzluğa alışdırır və bütövlükdə xalqı bu mərəzə yoluxdurmaq üzrədirlər...

***  

Fəqət, bir əsr öncəki babalarımızın hansı zülmlə müstəqil dövlət qurduqlarını xatırlayıb dərk edən olsa, düşünər ki,  1918-ci ilin 4 iyunundan(qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması) 15 Sentyabradək körpə  AXC ilə qocaman Osmanlı qardaşlarımızın birliyi-diriliyi, iradəsi, dəyanəti, şəhadəti olmasaydı, bu gün bütün qüsurları, xətaları, günahları, uğuru, qələbə və məğlubiyyətləri ilə nə  “Azərbaycan xalqı” adlı toplum,  nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı...  15 Sentyabr Zəfəri olmasaydı, bu gün bəlkə Bakıda da, İrəvanda olduğu kimi, bir nəfər Azərbaycan müsəlmanı, türkü, kürdü, talışı, ləzgisi, avarı gəzib dolaşa bilməzdi... Qalsaydı da ya rusun, ya ingilisin qapazı altında qorxa-qorxa gözüqıpıq  dolanardı... 

***

Xülasə, gerçək keçmişini, tarixini, əsl Qurtuluş, Xilas, Zəfər  gününü bilməyən, üstəlik, bu gününü və gələcəyini də nəfsinin, tamahının, şəhvətinin girovuna çevirmiş toplum heç bir qələbəyə nail ola bilməz. Gerçəkləri dərk etmək üçün isə öncə içimizdəki və içimizdəki şeytanı qovmaq gərəkdir. Bunu isə mövhumat, cəhalətlə, baş yarmaq, zəncir vurmaq, ələm uçurmaq, cin çıxartmaqla deyil,  gerçək müsəlman, türk xislətinə sahiblənmək, nəfsinin ağası olaraq etmək mümkündür... Hərə öz tamahına, şəhvətinə qalib olub bu Korrupsiya, Ermənipərəstlik, Moskvapərəstlik Şeytanından ustufca bir çimdik götürsə, o tezliklə baş götürüb Şimal qütbünə qaçar... Əks halda bu cin-şəyatinlər içimizdən hələ çox qanlar axıdacaq, beyinlərimizi, yaddaşlaırmızı hələ çox yuyacaqlar...

Sultan Laçın 
Tarix: 16-09-2020, 07:32




Xəbər lenti