Ağ Ev Kremlə fəlakətin mesajını verir: ABŞ Rusiyanı təslimçiliyə məcbur etmək istəyir


Rusiya ABŞ və NATO-nun hərbi-siyasi potensialı qarşısında tamamilə təkbaşına qalıb; Ağ Ev prezident Vladimir Putinə Rusiyanı daha təhlükəli situasiyadan yayındırmaq üçün geri çəkilməyin vacib olduğu barədə xəbərdarlıq edir...  

ABŞ-Rusiya qarşıdurması artıq təhlükəli mərhələyə keçib. Hər iki superdövlət gərginliyi artıran addımlar atnaqda davam edirlər. Və onlardan birisi vaxtında geri çəkilməzsə, ABŞ və Rusiya arasındakı qarşıdurmanın real silahlı toqquşmalara yol aça biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd edək ki, dünyanın ən nəhəng üç dövlətindən ikisinin – ABŞ və Rusiyanın hərbi-siyasi rəqabətində qüvvələr nisbəti qeyri-mütanasibdir. Belə ki, bu qarşıdurmada hazırda Rusiyanın yanında yalnız Kollektiv Təhlükəsizlik (KTMT) Müqaviləsi Təşkilatı yer alır. Ancaq Kremlin patronajlığı altında fəaliyyət göstərən bu hərbi-siyasi alyans əslində, formal qüvvə sayılır.
Məsələ ondadır ki, KTMT-da təmsil olunan dövlətlərin hərbi-siyasi potensialı Rusiyanın bu quruma güvənərək, beynəlxalq məkanda əzələ nümayiş etdirməsi üçün qətiyyən adekvat deyil. Əslində, KTMT-nın hərbi-siyasi potensialı elə Rusiyanın gücü ilə məhdudlaşır. Bu qurumdakı dövlətlər Kremlə beynəlxalq rəqabətdə dəstək olmaq deyil, Rusiyanın hərbi qüdrəti sayəsində elə öz təhlükəsizliklərini təmin etmək məqsədi güdürlər. Və KTMT dövlətlərinə isə əslində, Rusiyadan başqa hərbi təhlükə yaradan elə bir ölkə hələlik yoxdur.
1000-odkb-new-army.jpeg (90 KB)
Ancaq KTMT-da Rusiya ilə hərbi müttəfiqliyə sadiq olan cəmisi bir dövlət mövcuddur. ABŞ və Qərbin sərt siyasi təzyiqləri ilə üzləşən Belarus öz məhdud imkanları çərçivəsində də olsa, Rusiyanın yanında yer almağa hazırdır. Hətta Rusiya ilə hərbi müttəfiqliyi daha da inkişaf etdirmək üçün rəsmi Minsk Kremlə Belarus ərazisində hərbi bazalar yaratmağı təkli edir.
Eyni zamanda, prezident Aleksandr Lukaşenko Rusiyaya Belarusda nüvə başlıqlı raketlərin yerləşdirilməsi məsələsində gecikməməyi məsləhət görür. Onun fikrincə, ABŞ və NATO-nun Almaniyadakı nüvə başlıqlı raketləri Polşaya daşımaq niyyəti qarşısında, bu addım yeganə doğru çıxış yoludur. Üstəlik, “Batka” yaxın bir ay ərzində heç kimin gözləmədiyi addımların atılması ilə yarana biləcək yeni situasiyadan bəhs edərək, ABŞ və Qərbi üstüörtülü şəkildə hədələməkdən də özünün saxlaya bilmir.
Əlbəttə, hələlik “Batka”nın yaxın bir ay ərzində ciddi dəyişikliklər vəd edərkən, nəyi nəzərdə tutduğu tam aydın deyil. Bununla belə, yaxın vaxtlarda Rusiyanın cənub və qərb sərhədləri ətrafında mövcud olan hərbi-siyasi gərginliyin daha təhlükəli istiqamətlər ala biləcəyi artıq inkar edilmir. Və Kreml öz beynəlxalq rəqiblərinə yaranmış vəziyyət ilə bağlı kəskin etirazlarını bildirməklə yanaşı, narahatlığını da qətiyyən gizlətmir.
Təbii ki, Rusiyanın narahat olması üçün kifayət qədər ciddi səbəbləri olmamış deyil. Xüsusilə də, demək olar ki, təklənmiş Rusiyanın qarşısında ABŞ-ın daha geniş hərbi-siyasi ittifaqla dayanması Kreml üçün ciddi diskomfort yaradır. Çünki ABŞ Rusiya ilə hərbi-siyasi qarşıdurmaya yenidən NATO-nu cəlb edə bilib. NATO-nun hərbi qüvvələri hazırda Rusiyanın qərb sərhədlərində cəmləşdirilib, hərbi gəmiləri isə Qara dəniz hövzəsində Krım yarımadası yaxınlığında savaşa hazır vəziyyədədir.
1635835927_nocomment_505c7c15dedca2db0305ed6e12114fb7_wqsn26xagey54ukr01tm-e1601749849183.jpg (102 KB)
Digər tərəfdən, ABŞ Ukraynanı da növbəti dəfə Rusiya ilə hərbi-siyasi qarşudurmanın mərkəzinə yerləşdirməyə nail olub. Hətta belə təsəvvür yaranır ki, Ağ Ev nəyin bahasına olursa-olsun, Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinə çalışır. Və bununla da, Rusiyanın beynəlxalq səviyyədə əsas hədəfə çevrilməsinə nail olmaq niyyətindədir.
Məsələ ondadır ki, Rusiya öz hərbi potensialının əhəmiyyətli bir hissəsini özünün qərb bölgələrinə, xüsusilə də, Ukrayna sərhədlərinə doğru çəkib. Ağ Evdən verilən məlumata görə, hazırda həmin çoğrafiyada Rusiyanın 120 minlik canlı qüvvəsi cəmləşdirilib. Rəsmi Kiyev isə Ukrayna sərhədləri ətrafında Rusiyanın 90 minlik canlı qüvvəsinin toplandığını bəyan edib.
Göründüyü kimi, qlobal savaşa çevrilə biləcək silahlı toqquşma təhlükəsi tamamilə realdır. Ona görə də, Ağ Ev və Kreml təmsilçilərinin diplomatik təmasları da artıq savaş əhval-ruhiyyəsində keçməyə başlayıb. ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarisi işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə əməlli-başlı mübahisənin yaşandığı barədə məlumatlar mövcuddur.
ABŞ dövlət katibi E.Blinken son açıqlamasının məzmunu ilə bu məlumatların doğruluğunu dolayısı ilə təsdiqləyib. O, bildirib ki, görüşdə Rusiya xarici işlər nazirinə onun ölkəsinin yerini göstərməyə məcbur olub: “Mən ona bildirdim ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, bunun çox pis nəticələri ola bilər”.
Əlbəttə, ABŞ dövlət katibi “pis nəticələr” dedikdə nələri nəzərdə tutduğuna aydınlıq gətirməyə hələlik həvəs göstərmir. Ancaq ABŞ və NATO ilə silahlı toqquşma ehtimalı nəzərə alınmazsa, Rusiyaya qarşı əlavə təzyiq planı qurulduğu da qətiyyən şübhə doğurmur. Çünki, bir müddət əvvəl Ağ Ev Rusiyanı fəlakətə səbəb ola biləcək cavab addımları ilə hədələmişdi: “Ukraynaya hərbi müdaxilə olarsa, biz Rusiyaya qarşı özümüzün də istəmədiyimiz sanksiyaları tətbiq etmək məcburiyyətində qala bilərik. İndiyə qədər biz belə sanksiyaların tətbiq olunmasından ehtiyat edirdik. Çünki, bu, sosial-humanitar fəlakətə yol aça bilər”.
usa-russia-summit.jpg (44 KB)
Belə anlaşılır ki, Ağ Evdə Rusiyanı və ümumiyyətlə, bütün dünyanı şoka salmağa hazırlaşırlar. Bayden administarasiyası Kremli tamamilə küncə sıxışdırmaq niyyətində tamamilə ciddi görünür. Yəni, ötən dəfədən fərqli olaraq, ABŞ və NATO Rusiyanın üzərinə getməkdə daha qərarlı görünür.
Təbii ki, vəziyyətin ciddiliyini və təhlükəli görüntülər almaqda olduğunu elə Kremldə də yaxşı anlamağa başlayıblar. Ona görə də, Kremldə vəziyyətdən siyasi-diplomatik yolla çıxmağın variantlarını axtarırlar. Bu bazımdan, Rusiya prezidenti Vladimir Putinlə Ağ Ev sahibi Co Bayden arasında noyabrın 7-nə təyin olunmuş telefon müzakirəsi böyük önəm daşıyır.
Kremldən verilən açıqlamaya görə, Bayden-Putin onlayn görüşündə Ukrayna böhranı, NATO qoşunlarının Rusiya sərhədlərinə doğru irəliləməsi və prezident V.Putinin təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsü müzakirə ediləcək. Yəni, müzakirə gündəliyi kifayət qədər ağır mövzularla yüklənib. Və bu mövzular ətrafında iki prezidentin prinsipial anlaşmalar əldə etməsi o qədər də asan olmayacaq.
Ona görə də, əvvəlki birbaşa Bayden-Putin görüşündən heç bir nəticə çıxmadığı halda, iki liderin bu dəfə telefonla anlaşa biləcəkləri qətiyyən inandırıcı görünmür. Çünki, prinsipial anlaşma üçün qarşıduran tərəflərdən birinin mütləq geri çəkilməsi vacibdir. İndiki haldasa, Ağ Ev məhz Rusiya prezidenti V.Putindən geriyə addım atılmasını istəyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 6-12-2021, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}