PUTİNİN DOSTUNUN TƏHLÜKƏLİ ”UKRAYNA MƏNTİQİ”... – Və ya Rusiya işğalına haqq qazandırmaq Azərbaycanın maraqlarına uyğundurmu?




“Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl başda ABŞ olmaqla bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməliyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı. Bundan əlavə, Ukrayna Prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhədə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?!”
Bu, bir neçə gün əvvəl mətbuata müsahibə verən iş adamı, hüquqşünas və “Putinin dostu” kimi tanınan, eləcə də iyunun 2-də Rusiya Elmlər Akademiyasının akademiki adı verilən İlham Rəhimovun fikirləridir. Yəni ki, hər şeydən, bütün imkanlarından və titullarından öncə azərbaycanlı, Azərbaycan vətəndaşı adı daşıyan bir adamın.
O Azərbaycanın ki, özü 30 il işğalçılıqdan, separatizmdən, ikili standartlardan, beynəlxalq hüququn tapdalanmasından əziyyət çəkib və ona qarşı bütün bu haqsızlıqların başında isə Ermənistanın əsas himayədarı olan Rusiya durub. İndi bu adam məlum maraqlar səbəbindən, özünün bacardığı səviyyədə Rusiyanın Ukraynaya qarşı açıq işğalçılıq müharibəsinə haqq qazandırır.
Nəinki hüquq professoru, hətta hüquq fakultəsinin adi birinci kurs tələbəsi də bilir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı qanlı savaş bütün beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, insanların adi yaşamaq haqlarına qarşı ağır cinayətdir!

Rəhimovin dediklərindən belə çıxır ki, Ukrayna mütləq neytrallığını elan etməli, NATO-ya getməyəcəyini bildirməli, özünün haqq-halal, beynəlxalq birlik tərəfindən tanınan, lakin Qarabağda olduğu kimi, separatçıların uzun illərdir at oynatdığı ərazilərinin sərhədinə qoşun toplamamalı, danışıqlar heç bir nəticə vermədiyi üçün həmin əraziləri hərbi yolla azad etmək niyyətini bildirməməli idi.
Niyə, cənab hüquqşünas? Bəlkə ona görə ki, sadəcə, Rusiya kimi işğalçı, qanun, haqqq-ədalət tanımayan, qonşularını dövlət, xalq, millət yerinə qoymayan, hələ də orta əsrlərin imperiya təfəkkürü ilə yaşayan, geridə qalmış, korrupsiyalaşmış, minlərlə cinayətlərə bulaşmış hakimiyyətə malik qonşusu var? Ukraynanın faktiki işğal olunmuş ərazilərini “Ukraynanın nəzarətində olmayan ərazi” adlandıran hüquq “akademikin”dən soruşan lazımdır ki, axı hansı beynəlxalq hüquq, norma, prinsip Ukraynanın tam legitim qərar və addımlarına məhdudiyyət qoyur? Niyə onun, yaxud hər hansı bir digər müstəqil dövlətin istədiyi beynəlxalq təşkilata qəbul olunmaq, azad cəmiyyətə, iqtisadiyyata, xarici siyasətə malik olmaq hüququ olmamalıdır?
Rəhimovun irəli sürdüyü məntiq eyni ilə Qarabağın uzun illər Rusiyanın himayə etdiyi separatçıların işğalında saxlanmasına haqq qazandırır və belə çıxır ki, Azərbaycanın da öz ərazilərini hərbi yolla azad edəcəyinə dair bəyanatlar verməsi, həmin əraziyə öz silahlı qüvvələrini toplaması doğru olmayıb. Deməli, Azərbaycan da Rusiyadan soruşmamış hansısa beynəlxalq təşkilata, birliyə daxil olmağa can atmamalıdır və sair. Unutmayaq ki, bu məntiq həm də Azərbaycanın dövlət maraqları və xarici siyasəti ilə daban-dabana ziddir!
Nəhayət, axı Putin özü son çıxışlarının birində özünü I Pyotra bənzədərək, etiraf etdi ki, əsas məqsədi Rusiyanın “tarixi torpaqlarını” qaytarmaqdır. Bundan artıq nə deməli və nə etməlidir ki, onun idarə etdiyi dövlətin əsl niyyətlərini anlayasan?! Belə bir dövlət siyasətinin hər hansı azərbaycanlı tərəfindən dəstəklənməsi isə onun bütün yaxşı əməllərinə baxmayaraq, istər-istəməz çaşqınlıq, hətta ikrah hissi yaradır.

Putin Rusiyasının apardığı siyasətin, törətdiyi əməllərin və bu zaman onun söykəndiyi prinsiplərin Azərbaycan kimi ölkələrin gələcəyi, inkişafı, təhlükəsizliyi ilə daban-daban zidd olduğunu anlamaq üçün nə böyük bir siyasətçi, nə də professor, yaxud hüquq akademiki olmağa ehtiyac yoxdur...
Yeri gəlmişkən, insanlara müharibəyə müharibə deməyin belə qadağan olunduğu Rusiya kimi ölkələrdə akademiklərin əsas etibarilə hansı prinsiplər əsasında seçilməsi, eləcə də onların kimə, nəyə xidmət etməsi barədə geniş şərh vermək mənasız olar. Ancaq Rəhimovun məhz bu arada, müharibənin qaynar vaxtında Rusiya Elmlər Akademiyasına akademik təyin olunması istər-istəməz müəyyən assosiasiyalar doğurur.
Məsələn, heç bir eyham vurmadan, qeyd etmək olar ki, İkinci Dünya müharibəsinin sonlarına yaxın, uduzduğunu və sonunun yaxınlaşdığını anlayan Hitler də kimə gəldi general, marşal, admiral və s. rütbələr paylayırdı...
Cəlal (Elxan) Məmmmədov
“AzPolitika.info”
Tarix: 22-06-2022, 22:15




Xəbər lenti

{sape_links}{sape_article}