Prezidentin Laçın səfəri: Ermənistanın sonuncu “bal və balta təklifi”


Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfəri baş tutdu.
Səfər çərçivəsinə Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Daha sonra çıxış edən Prezident çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub.  Prezidentin gündəliyində bir çox mövzu olsa da hesab edirəm onlardan ən diqqət çəkəni Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədi istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar və Azərbaycan ordusunun sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar barəsində danışması oldu. Prezident baş verənlər haqda ətraflı olmasa da mühüm məlumatlar verdi.  “Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər” - deyə Prezident bildirib. Dövlət başçısının sözlərində tarixi və siyasi həqiqət var. Məsələ ondadır ki, Ermənistan 27 il ərzində qondarma “arsax”ın öz müqəddəratını təyin etməsi ilə bağlı yalan məlumatlar yaysa da özü heç vaxt bu qurumu dövlət kimi tanımayıb. Çünki Ermənistanın məqsədi regionda ikinci erməni dövləti yaratmaq deyil, Qarabağın işğalını bu yolla legitimləşdirmək idi. Məhz buna görə Prezidentin də dediyi kimi “əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Qondarma qurumun “bayrağına” da diqqət etdikdə Ermənistandan qopma, ayrılma təsviri var. Əslində bu belə rəsmi İrəvanın işğalçılıq siyasətinin bir göstəricisidir. Siyasi reallığa gəldikdə isə, 44 günlük müharibə sonrası rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlanmasını istədi. Mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Lakin həmin komissiya bu günə qədər istənilən səviyyədə iş görə bilmədi. Bunun səbəbi də birbaşa Ermənistandır. Rəsmi İrəvan vaxtaşırı etdiyi təxribatlar və diversiya hücumları nəticəsində komissiyanın işinə açıq şəkildə mane olur.  Nəticə etibarilə bu gün Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi, nə də sərhədlərin demarkasiya və delimitasiyasına dair bir sənəd yoxdur. İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz.  Xüsusilə də Ermənistan. Yeri gəlmişkən, prezident də bu məsələ ilə bağlı bir daha qeyd etdi ki, “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”. Prezidentin çıxışının bir digər diqqətçəkən məqamı isə “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”. Ölkə başçısının bu ifadəsi əslində Ermənistana qarşı "bal və balta" xəbərdarlığıdır. Belə ki, Prezident açıqca qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq. Bu məsələnin bal tərəfidir. “Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir” ifadələri isə balta mahiyyəti daşıyır. Yəni bizim əlimizdə bir yox, bir neçə tarixi xəritə var. Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər. Misal üçün Prezidentin qeyd etdiyi XX əsrə xəritələrdən birində Cənubi Qafqaz ölkələrinin dövlət sərhədləri açıq-aşkar göstərilib. Hətta həmin xəritədə Göyçə gölü iki ölkə arasında tam şəkildə bölünüb.  Prezident bununla bir daha Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çatacağı mesajını verir.  
Müəllif: Politoloq Turan Rzayev
Siam.az 
Tarix: 22-09-2022, 15:19




Xəbər lenti

{sape_links}{sape_article}