İranda inqilab olsa, Kürdüstana “pay torpağı” verilə bilərmi - rəylər


 
İran hazırda çox gərgin bir dövrünü yaşayır. Şablon olaraq desək, “Tehran rejimi inqilaba hamilədir”.
Ölkənin daxilində xaos hökm sürür, insanlar rejim dəyişikliyi tələbi ilə aksiyalar keçirir. Molla rejimi isə etirazçılarla ən qəddar şəkildə davranır.
Faktiki olaraq İranın dünyada sanki bir dostu qalıb, məscidlərdə donuz saxlayan Ermənistan.
Tehran rejimi qalan hamıya atəş və “atəş” açır, təhdidlə danışır. ABŞ-la toqquşur, İsraillə əzəli düşməndir, Türkiyəyə qəzəbini gizlətmir, Avropa ilə dalaşır və nəhayət, Azərbaycana da diş qıcayır və s...
Bu arada İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq ərazisində terror qruplaşmasının mövqelərini vurub.
APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH İraqın Kürdüstan əyalətində Kürdüstan Azad Partiyasının Kərkük yaxınlığında mövqeyini bombalayıb.
Burada, əlbəttə, ilk baxışdan sıradan bir bombalama görüntüsü var. Ancaq məsələnin arxasında ciddi işlər dayanır.
Diqqət edək: İranda etirazlara ilk olaraq kürdlər başladı. Baş örtüsünü düzgün bağlamadığına görə həbs edilən və işgəncə nəticəsində öldürülən Məhsa Emini də milliyyətcə kürd idi...
İndi isə İranda parçalanma, inqilab küləkləri əsdiyi bir vaxtda İran Kürdüstan əyalətini bombalayır. Bunun alt qatında yatan sirr odur ki, ABŞ projesi kimi təqdim edilən “Kürdüstan dövləti” projesində İrandan da torpaq qoparmaq niyyəti var. İran artıq başa düşüb ki, ölkədə inqilab, rejim dəyişikliyi etmək prosesində Kürdüstana da “pay torpağı” iddiası aktuallaşa və baş tuta bilər. Bu baxımdan vəziyyət İranda daha da təhlükəli və müharibəni, bombalanmanı, qiyamı qaçılmaz edə bilər. Ekspertlər bu gedişatla bağlı nə düşünür?
Tanınmış siyasi yazar Kənan Rövşənoğlu ehtimal edir ki, kürd məsələsi Türkiyə və İran arasındakı münasibətlərdə  yaxınlaşma yarada bilər: “Kürd separatizmi Yaxın Şərqdə 4 ölkəni hər zaman və indi də ciddi təhdid edir. Bunlar İraq, Suriya, Türkiyə və İrandır. Bu ölkələrin hər birində kürd dövləti qurmaq üçün mübarizə aparan təşkilatlar var. O cümlədən İranda. İranda 1946-cı ildə SSRİ-nin dəstəyi ilə Mahabad Respublikası adlı qondarma qurum yaradılsa da, sonradan böyük dövlətlərin İranı bütöv olaraq saxlamaq barədə razılaşmasından sonra kürd dövləti ləğv olundu, İran ordusu tərəfindən. Kürdlər isə SSRİ-yə qaçdılar. Hazırda Komala, Kürdüstan Demokrat Partiyası, PEJAK kimi İranda kürd separatçı silahlı təşkilatlar var. Qərbin İrana qarşı əsas planı bu ölkəni sanksiyalar vasitəsilə zəiflətmək və içəridəki separatizm ocaqlarını alovlandırmaqdır. Son illərdə bu layihə aparılır. İranda 4 əsas etnik qrup var ki, yatırımlar bu qruplara qoyulur. Bunlar, kürdlər, ərəblər - Xuzistan, bəluclar - Sistan-Bəlucistan və nəhayət, azərbaycanlılar. Ancaq azərbaycanlılar hələlik bu 4 qrup içində hazırkı sistemə qarşı ən loyalıdır.

 Kənan Rövşənoğlu: “Kürd mövzusunun aktuallaşması Tehran və Ankaranı yaxınlaşdıracaq”
Digər qruplar isə vaxtaşırı olaraq mərkəzi hakimiyyətə qarşı silahlı hücumlar və terror həyata keçirir. Hazırda aktiv olan iki əsas qrupdur: şərqdə bəluclar, qərbdə kürdlər. Kürdlərin silahlanmış təşkilatları və belə demək olarsa, ideoloji hazırlığı var. Ancaq mən düşünmürəm ki, bu prosesin sonunda İran parçalanacaq və yeni kürd və ya bəluc, ərəb dövləti yaranacaq. Bu qruplar daha çox hazırkı islamçı hakimiyyətə təzyiq məqsədi daşıyır. Yəni sabah İranda hakimiyyət dəyişsə və iqtidara liberal-demokratlar, dünyəvi sistem tərəfdarları gəlsə, o zaman 1947-ci ildə Mahabad kürd dövləti məsələsində olduğu kimi, bütöv İrana üstünlük veriləcək. Digər tərəfdən, yeni kürd dövləti məsələsi yalnız İranı deyil, Türkiyə, İraq və Suriyanı, qismən Azərbaycanı da təhdid edir. Ona görə də kürd sepratizmi mövzusu region ölkələrini birləşdirir. Çünki bu təhdid bir ölkə ilə kifayətlənmir. 2017-ci ildə Bərzaninin İraqda müstəqil kürd dövləti qurmaq cəhdinə qarşı İraq dövlətinin yanında əsas dəstək verən İran və Türkiyə oldu. Çünki özləri də bu təhdidin altındadırlar. Ona görə də düşünürəm ki, kürd mövzusunun aktuallaşması Tehran və Ankaranı yaxınlaşdıracaq, nəinki İranı təkləyəcək. Hər kəs başa düşür ki, İranda kürd dövləti Suriyada olduğu kimi, Türkiyəni təhdid edəcək. Buna görə də bu projenin nəticə verəcəyinə inanmıram. Ancaq dediyim kimi, hazırkı hakimiyyətə təzyiq üçün kürd, bəluc, ərəb və azərbaycanlı faktorundan istifadə olunacaq. Ya da belə desək, buna cəhd ediləcək”.

Əli Orucov: ““Böyük Kürdüstan" ideyasının nə qədər təhlükəli olduğunu İran da anlayır”
AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov hesab edir ki, Cənubi Azərbaycan məsələsi beynəlxalq supergüclərin masasına gətirilməlidir: “İranda Məsiha Eminin baş örtüyünə görə polislər tərəfindən döyülərək qətlə yetirilməsindən sonra başlayan kütləvi etiraz aksiyaları artıq məzmun və formaca yeni mərhələyə qədəm qoydu. Əvvəl bu etiraz, sadəcə, şəriət qanunlarına qarşı idisə, indi teokratik rejimə qarşı yönəlib və bir sıra əyalətlərdə milli xarakter alıb. İranın bütövlüyünün tərəfdarları molla rejiminin yıxılmasını istəsələr də, İranın parçalanmasının qəti əleyhinədirlər. Buna Avropada mühacir həyatı yaşayan iranlılar da dəstək verirlər. Məqsədləri layiq və güclü, bütöv İran qurmaqdır. Lakin İranda yaşayan etniklər yaranmış böhrandan maksimum bəhrələnməyə çalışırlar. Xüsusən də Azərbaycan türkləri, kürdlər və ərəblər milli problemlərinin həllini vacib hesab edirlər. Böyük güclərin, xüsusən də ABŞ və qərbli müttəfiqlərinin yeni Ortadoğu projesində heç kəsə sirr deyil ki, Kürdüstan dövləti qurmaq masada var. Körfəz müharibəsindən və Səddam Hüseynin süqutundan sonra ilk addım olaraq mərkəzi Ərbil olmaqla, İraq ərazisində Kürdüstan muxtariyyəti yaradıldı və geniş səlahiyyətlər, o cümlədən hərbi siyasi və maliyyə dəstəyi verildi. Hətta muxtariyyətin lideri Bərzani bir az da irəli gedərək İraq kürd muxtariyyətinin müstəqilliyini elan etsə də, Ankaranın, Tehranın və bir sıra ərəb ölkələrinin ciddi təpkisi ilə müstəqillik projesi təxirə salındı. Bərzani istefaya göndərildi. Suriyada rejim əleyhinə başlanan çatışma nəticəsində bu ölkənin Türkiyə sərhədləri boyunca neft-qazla zəngin olan ərazilərdə faktiki kürdlərin tam nəzarətində olan bölgə yaradıldı. Türkiyə-ABŞ gərginliyinə baxmayaraq, Vaşinqton YPK/PYD terror təşkilatına silah yardımları da daxil bütün yardımları etməkdədir. ABŞ və Qərbin bu planı da iflasa uğradı. İndi növbə İrana çatıb. Bildiyiniz kimi, ən çox kürd yaşayan ölkələrdən biri də İrandır. Təxmini rəqəmlərə görə, 2-3 milyon etnik kürd var. Üstəlik də İranın 31 ostanından biri də Kürdüstan adlanır.
Ehtimal var ki, Böyük Kürdüstan ideyasının nə qədər təhlükəli olduğunu İran da anlayır və preventiv addımlar atmaq məcburiyyətini hiss edir. Kürdlər də aktiv hərəkətə keçib. Heç kəs zəmanət verə bilməz ki, ABŞ gec-tez iranlı kürdləri də Suriyada və İraqda olduğu kimi silahlandırmayacaq. Kürd faktoru ABŞ-ın əlində Şərq islam dövlətlərini parçalayıb tam idarə olunan bir vəziyyətə salmaq, eyni zamanda münaqişə ocaqları yaratmaq üçün uğurla sınaqdan çıxarılmış bir vasitədir. Zatən Kürdüstan projesi İraq, İran, Suriya, Türkiyə və bəzən də Azərbaycanı əhatə edir.
Odur ki, Tehran gec də olsa ayılıb ki, kürd faktoru qapısını döyür. Halbuki rəsmi Ankara PEJAK-ın İranda fəaliyyətinin qarşısının alınmasını dəfələrlə tələb edib, yaxud da PKK terror yuvası olan Kandil dağlarında birgə hərbi əməliyyatların aparılmasının vacibliyi diqqətə çatdırıb. Lakin rəsmi Dəməşq kimi rəsmi Tehran da kürd separatçılarından və terrorçularından Ankaraya təzyiq kimi istifadə etməyə çalışıblar. Eyni zamanda kürdləri Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərə köçürməklə qüvvələr balansını guya rejim öz xeyrinə dəyişmək istəyi nəticədə həm rejimin özünə, həm də orada yaşayan soydaşlarımıza əlavə problemlər yaratmış oldu. Təəssüflər olsun ki, nə Qərbin, nə də ABŞ-ın planlarında o taylı-bu taylı Azərbaycanın birləşməsi məsələsi yoxdur. Bizim üçün həyati əhəmiyyətli məsələ də məhz bu projeni supergüclərin masasına gətirməsi üçün inandırmaqdır. Əks halda, İranda gedən proseslərin həm siyasi, həm siyasi-coğrafi, həm də humanitar dalğası ən çox bizə öz mənfi təsirini göstərəcək. İran Avrasiyanın mərkəzi olmaqla geopolitik cəhətdən strateji əhəmiyyətini həmişə saxlayır, vacibdir ki, bu boşluq yaranarsa, bizi daha qlobal təhlükəyə salmasın və öz maraqlarımızı təmin edə bilək".
Ekspert burada Türkiyə faktoruna xüsusi yer ayırdı: “Məncə, Türkiyəni də mövcud durum qane etmir. Çünki real təhlükələrdən və planlardan xəbərdardır. Odur ki, bu məsələdə Bakı və Ankara birgə hərəkət etməlidir. İranı narahat edən əslində etnik Azərbaycan türkləri deyil, daha çox etnik kürdlərdir. Həm də ona görə ki, onların arxasında ABŞ, İsrail və Qərb dövlətləri dayanır. Ona görə də İranın silahlı qüvvələrinin, xüsusən də SEPAH-ın İraqda və Suriyada kürd mövqelərinə zərbələri davam edəcək və təhlükələri önləmək üçün lazımi tədbirləri görməsi adekvatdır. İranın davranışları və sonrakı taleyi çox şeylərə ciddi təsir göstərəcək və ələlxüsus da regionu yenidən şəkilləndirəcək”.

“Yeni Müsavat”
Tarix: 24-11-2022, 08:49




Xəbər lenti

{sape_links}{sape_article}