Bakıdan 500 milyardlıq tələb: İran təşvişə düşdü – Britaniyada hazırlıq başladı

Bakıdan 500 milyardlıq tələb: İran təşvişə düşdü
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Böyük Britaniyanın dövlət naziri Ceyms Hippi Rusiya müdaxilə edəcəyi təqdirdə, Ermənistana hərbi dəstək verəcəklərini açıqlayıb. Britaniyalı nazirin mesajını necə şərh etmək olar, ümumiyyətlə, proses Ermənistana müdaxiləyə qədər gedəcəkmi?

- Rusiya çoxdan müdaxilə edib. Rusiyanın Ermənistanda hərbi bazası var, bütün sərhəd xidməti rusların əllərindədir. Başqa nədən söhbət gedə bilər? Ermənistanın bütün iqtisadiyyatı, dəmir yolları və nəqliyyat infrastrukturu Rusiyanın əlindədir. Müdaxilə başqa necə olur, müharibə eləməyəcək ki?!

Ermənistanın nəyi var ki, nə də müharibə elan eləsin?! Əslində, bu, diplomatik gedişdir, guya Ermənistanı sevirlər. Bunun arxasında başqa maraqlar durur. Nə Rusiya Ermənistana müdaxilə edəcək, nə də İngiltərə ora gələcək. Belə gedişlərlə insanları özlərinə cəlb edə bilirlər, əsas məqsəd də budur.

- Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycanla sərhədin delimityasiyası Tavuşdan başlaya bilər. Qazaxın bizə qaytarılacaq 7 kəndi də bu istiqamətdə yerləşir. Paşinyanın açıqlamasını bu baxımdan necə dəyərləndirmək olar?

- Qazaxın 4 kəndi sərhədə bitişikdir, bundan başqa, Kərki ilə birlikdə 4 eksklavımız da oradadır. Azərbaycan bu ərazilərin qaytarılmasını tələb edir, bunun üçün heç müharibəyə də ehtiyac yoxdur. Torpaqlar qaytarılacaq. Yəqin ki, ermənilər Başkənd və həmin 4 eksklavın dəyişdirilməsi məsələsini müzakirə etmək istəyirlər. Həmçinin həmin kəndlərin əvəzinə Azərbaycana başqa yerdən torpaq verə bilərlər. Azərbaycan həmin eksklavlara çıxsa, Gürcüstan-Ermənistan yolu tam nəzarətimizə keçəcək. Ermənilər indiyədək buna görə məsələni uzadırlar.

Delimitasiyaya gəlincə, haradan başlayır-başlasın, bizim üçün fərqi yoxdur.

Paşinyan çox çətin durumdadır, çünki onu devirmək istəyirlər. Paşinyan Ukraynanın timsalında gördü ki, ABŞ və Avropanın Rusiya ilə bağlı problemləri var. Buna görə də çalışır ki, sülh müqaviləsi tezliklə bağlansın, ən azı çərçivə sazişi. Delimitasiya-demarkasiya prosesi bundan sonra da ola bilər.

- Paşinyan iddia edir ki, sülh prosesinin gedişinə uyğun olaraq, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdə bir-birinə qarşı şikayətlərini geri çəkə bilərlər. Belə bir gəlişmə nə qədər mümkündür?

- Ermənistan bizi necə məhkəməyə verə bilər?! Ermənilər özləri çıxıb gediblər, torpaq Azərbaycanındır, dünya da bunu belə bilir. Azərbaycan isə Ermənistanı ona görə məhkəməyə verib ki, ərazilərini işğal edib, 30 il ərzində bu torpaqlarda vəhşilik törədiblər, 300-ə qədər yaşayış məntəqəsini dağıdıblar. Azərbaycana böyük ziyan vurublar. Ən azı Azərbaycana 300 milyard dollarlıq zərər dəyib. Bu müddətdə Azərbaycanın oradan götürə biləcəyi gəlirləri də nəzərə alsaq, söhbət 500 milyard dollardan vəsaitdən gedir.

Kimsə Paşinyanı başa salıb, o da bic gediş etmək istəyir. İstəyirlərsə, bizi məhkəməyə versinlər, nəyi sübut edəcəklər? Onsuz da veriblər, ortada heç nə yoxdur. İnanmıram ki, Azərbaycan şikayətlərini geri çəkəcək. Azərbaycan artıq təzminat məsələsini gündəmə gətirib və bunu da almaq istəyir.

Ermənistan qorxur ki, Azərbaycan bu təzminatın müqabilində Zəngəzuru istəyəcək. Dünyada belə bir presedent var, Almaniya ilə Yunanıstan arasında olub. Yunanlar borclarını ödəyə bilmədilər, əvəzində iki adanı almanlara verdilər.

İndi bu məsələdə də beynəlxalq qiymətləndirilmə aparıla bilər. Beynəlxalq audit qurumları gəlib dəyən ziyanı hesablaya bilərlər, bundan sonra təzminatı ödəyə bilməyən Ermənistan buna uyğun ərazi verməlidir. Ermənistan bundan qorxur və indidən qabağını almaq istəyir. Azərbaycanın geri çəkiləcəyinə inanmıram. Eyni zamanda, bu, Ermənistana siyasi təzyiq vasitəsidir, niyə bundan əl çəkməlidir?!

- İran yenidən Zəngəzur məsələsinə qayıdıb. Yenə də bu çərçivədə müxtəlif səviyyələrdə İrandan Azərbaycan əleyhinə hədyanlar səsləndirilir, təxribatçı açıqlamalar verilir. Mollaların bu dəfəki sancısı nədən qaynaqlanır?

- İran vəziyyəti gərgindir. İran daxilindən gələn xəbərlər Tehran üçün ürəkaçan deyil. SEPAH-la molla rejimi arasında güclü qarşıdurma var. Digər yandan, İran daxilində milli azadlıq hərəkatları güclənir. Başda Sistan-Bəlucistan olmaqla, bir neçə vilayətə nəzarət əldən çıxıb. Ayətullahlar Xameneyini qəbul etmirlər. Fars-türk qarşıdurması yaranıb. İranın problemləri sadaladıqlarımdan çoxdur. Kürdlər İranın qərb hissəsini və ya müstəqillik istəyirlər. Daxildəki gərginlikdən diqqəti yayındırmaq üçün Azərbaycana hədyanlar səsləndirirlər.

Zəngəzurla bağlı da ona görə ortaya düşüblər ki, Azərbaycan Orta dəhliz məsələsində İrana yox, Ermənistana üstünlük verə bilər. Bu, molla rejiminin düşüncəsiz siyasətidir. Bu adamlar doğurdan düşünə bilmirlər, psixoloji xəstədirlər. Azərbaycanın öz problemləri var, İranla hansısa düşmənçiliyi yoxdur. Onsuz da, Azərbaycan İranın xəyanətini bilir, görüb. İranın özü də münasibətini ortaya qoydu. İran gedib Suriya və İraqdakı problemlərini həll eləsin.

O həmin İran deyil ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edəndə bəyan etdi ki, biz bacardıq. İki gün sonra İsrail HƏMAS-a cavab verəndə qayıtdılar ki, bizim xəbərimiz yoxdur. ABŞ necə Ukraynanı Rusiyanın önünə yem kimi atdısa, İran da HƏMAS-ı İsrailə yem elədi. Kim zəmanət verə bilər ki, İranla İsrail gizli anlaşmayıb?

İranın dedikləri nağıllardan başqa bir şey deyil. İran gedib öz problemlərini həll eləsin. Bizə ehtiyac yoxdur, İranda güclü inqilab hazırlanır. Bu inqilabın başında da İngiltərədə yaşayan bir iranlı durur, onu hazırlayırlar. İranda texnokratları hakimiyyətə gətirmək istəyirlər. Bu baş tutmasa, İranı parçalayacaqlar, Amerikanın planıdır. Amerikaya söz deyə bilmirlər, Rusiyanın oyununu oynayır ki, Türkiyəni bölgədə zəiflətsin. Amma ağılları kəsmir ki, Azərbaycan bu gedişləri çoxdan oxuyub. Azərbaycan nə baş verdiyini bilir. İranın daxilindəki gərginliklə bağlı kifayət qədər dəqiq məlumatlar var.

- Rəşt şəhərində “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı separatçı tədbir keçirildi. Boris Talışinski adlı separatçı tədbirə “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi dəvət edildi. Bəs mollaların bu təxribatının izahı necədir?

- İranın ağlı yoxdur. 1993-cü ildə “talış-muğan respublikası” yaratmışdılar da. İki ay fəaliyyət göstərdilər, 7 rayonu bağlamışdılar. Bir gecədə hamısı aradan qaldırıldı. İndi İran öz ərazisinə hansı talışınskini gətirir-gətirsin, onun ayağı Azərbaycana dəyə bilməz, dəyməyəcək də, mümkün deyil. Azərbaycan buna imkan verməyəcək, eləcə də talışlar... İranı dəli edən də odur ki, talış xalqı İkinci Qarabağ Müharibəsində böyük qəhrəmanlıq göstərdi.

Talışların qələbəmizdə çox böyük xidmətləri var. İran bunu bağışlaya bilmir. İran mətbuatına baxın: hətta bu məsələdə talışları “xəyanət”lə də ittiham edirlər.

İrandan belə təxribatlar gözlənilən idi, başqa şeyləri də gözləyirik. İranın Azərbaycana qarşı hazırladığı proqramlardan xəbərimiz var. Avropada Azərbaycan diasporuna nələr edirlər, müxtəlif ölkələrdə bizə qarşı iş aparırlar, səviyyəsiz təbliğatlar İranın tapşırığı ilə həyata keçirilir – bütün bunların hamısı məlumdur. İran nə istəyir eləsin, hamısı boşdur. Əgər biz bunları biliriksə, demək, görəcəyimiz tədbirlər də hazırdır.

Bir az da qabağa gedəcəklər, amma bunlar İranın sonunu gətirəcək. Molla rejiminə qarşı inqilab hazırlanır, gedib bununla məşğul olsunlar. Amerikanın hazırladığı bu inqilabın içində ermənilər də var. İran daxilindən informasiyaları ermənilər ötürürlər. Ermənilərin məqsədləri var: Mazandaran, İsfahan və sair şəhərlərə köçmək istəyirlər, indidən özlərinə torpaq ayırırlar. Köçsünlər, lap yaxşı.
Tarix: 13-03-2024, 11:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}