"Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir" - Tural Abbaslı

"Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir"
Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bu kontekstdə birmənalı rəy yoxdur, çünki hər hansı rəsmi açıqlama verilməyib. Yalnız siyasi dəhlizlərdə eşidilən söhbətlərə əsaslanaraq siyasətçilər bu yöndə rəylər bildirirlər, ehtimallarını səsləndirirlər.

Mediada, sosial şəbəkələrdə də bu müzakirələr intensivləşib. Son iddialar bundan ibarətdir ki, yaxın vaxtlarda parlament buraxılacaq və növbədənkənar seçkilər elan olunacaq. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Həmçinin vurğulanır ki, seçkilərin iyunda, yaxud iyulun əvvəllərində keçirilməsi daha münasib görünür. Çünki payızda ölkədə COP29 kimi böyük miqyaslı tədbir baş tutacaq. Habelə dekabrda da bələdiyyə seçkiləri keçirilməlidir.

Bunun paralelində isə belə rəylər də var ki, ölkədə referendum da keçirilə bilər. Ancaq hüquqi, konstitusion baxımdan buna ehtiyacın, zərurətin olmadığını deyənlər də çoxdur.

Parlament seçkilərinin isə zərurət olduğunu əksəriyyət söyləyir...

Beləliklə, siyasilərdə olan son bilgilər nədir? Parlament seçkilərinə hazırlıq gedirmi? İyunadək bu prosesi yekunlaşdırmaq üçün hazırkı reallıqlar uyğundurmu?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendumun olub-olmaması qərarını iqtidar verəcək: “Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir, yəni prezidentin qərarı olur. Bir çox hallarda iqtidar komandasının belə bu cür verilmiş ciddi siyasi qərarlardan öncədən xəbəri olmur. Məsələn, buna misal kimi bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisini göstərə bilərik. Hansı ki, növbədənkənar prezident seçkisi elan olunanda iqtidarda rəhbər strukturlarda təmsil olunan böyük əksəriyyətin bundan heç xəbəri yox idi. Bu barədə söz-söhbətlər getmir, gözləntilər də yox dərəcəsində idi. Amma siyasi iradə ortada oldu və bu reallaşdı. Bir sözlə, referendumun olub-olmaması iqtidar daxilində gedən müzakirələrdən daha çox birinci şəxsin qərarından asılı olacaq. Referenduma ehtiyac var ya yox, keçirilsin ya keçirilməsin kimi suallar mənə ünvanlansa, o zaman cavab verərdim ki, referenduma ehtiyac var, konstitusiyada dəyişikliklər olmalıdır. Azərbaycanda XXI əsrin, müasir dövrün tələblərinə uyğun konstitusiya formalaşdırılmalı, siyasi idarəetmə təkmilləşdirilməli, siyasi partiyaların siyasi yükləri, çəkiləri dövlət idarəçiliyində artırılmalıdır. Bir çox məsələlər var ki, konstitusiya dəyişikliyi labüddür. Parlamentdə say tərkibinin artırılması, eləcə də fraksiya kimi məsələlərə ehtiyac var”.

Partiya başqanı növbədənkənar parlament seçkiləri məsələsinə də toxundu: “Bu artıq müzakirə mövzusu deyil. Çünki labüdlükdür. Ortada bir qanun var. Növbədənkənar seçkilərlə bağlı qanunvericilikdə konkret göstərişlər var. COP29 və dekabrın sonralarında keçiriləcək bələdiyyə seçkilərini hesablasaq, görünən odur ki, parlament seçkiləri yenə də növbədənkənar olmalıdır. Milli Məclis yenə də özünü buraxmalıdır. Haradasa 4-5 ay öncədən yenidən parlament seçkiləri olmalıdır. Bunun başqa yolu da yoxdur. Qanunvericilik və tarixlə hesablayanda iyun ayına qədər bu seçkilər elan olunmalıdır. Ondan o tərəfə saxlanılması mümkün deyil. Qanunvericilikdə tələblər var. Bu da deputatların iradəsindən asılı olmayacaq. Qanunvericiliyin tələbi olacaq. AĞ Partiya olaraq biz də seçkilərə ciddi hazırlaşırıq. Namizədlərin müəyyən edilməsi, partiyanın seçkilərdə ümumi strateji xətti və digər məsələlər müəyyən edilməkdədir. Məndən olsa, parlament seçkiləri nə qədər tez olsa, bir o qədər yaxşıdır. Yeni siyasi reallıqları özündə əks etdirən, daha dinamik, çevik, müasir zamanın çağırışlarına cavab verə biləcək, region və dünyadakı dəyişiklikləri nəzərə alan bir parlament formalaşsa, Azərbaycan üçün daha faydalı ola bilər deyə düşünürəm”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu il üçün parlament və bələdiyyə seçkilərini real görsə də, referendumun olacağını o qədər də ehtimal etmir: “Doğrudan da, son günlər cəmiyyətdə, müəyyən ictimai-siyasi koridorlarda bu il ölkədə keçiriləcək növbəti seçkilərlə-həm parlament, həm də bələdiyyə seçkiləri ilə bağlı söz-söhbətlər gedir. Eyni zamanda, müxtəlif təkliflər də səsləndirilir ki, referendum keçirilməsi məqsədəuyğundur. Artıq ölkənin bütün ərazisində konstitusion hüquq bərqərar olub, yeni bir dövrün, eranın başlanğıcındayıq. Torpaqlarımız işğaldan tam azad edildikdən sonra Azərbaycan üçün yeni bir dövr başlayıb. Buna görə də məhz prezident seçkisinin keçirilməsi bununla əlaqələndirildiyi üçün növbəti fikirlər parlament seçkilərinə yönəlib. Mən də belə hesab edirəm ki, bu il onsuz da qanunauyğun olaraq, parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 98-ci maddəsinin II hissəsində qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ili noyabr ayının birinci bazar günü keçirilir. Yəni 2020-ci ilin fevralında keçirilmiş parlament seçkilərinin beşinci ili dedikdə, bu, 2024-cü ilin noyabr ayına təsadüf edir. Noyabr ayında parlament seçkilərinin keçirilməsi konstitusiya ilə təsbit edilib. Eyni zamanda nəzərə alsaq ki, COP29 noyabr ayında keçiriləcək, o zaman belə bir möhtəşəm tədbirin keçirildiyi bir vaxtda ölkədə seçkilərin keçirilməsi təbii ki, məqsədəuyğun hesab oluna bilməz. Parlament seçkilərinin vaxtının uzadılması isə konstitusiyaya zidd olduğu üçün onda belə bir məntiq ortaya çıxır ki, Milli Məclis buraxılmaqla yenidən seçkilərin noyabrdan əvvəl keçirilməsi mümkündür. Burada da hazırda müzakirələrdə iyunun ayının sonu, iyulunun əvvəli kimi fikirlər formalaşdırılır. Düzdür, bunların hamısını ölkə rəhbərliyindən, yəni cənab prezidentdən və komandasından yaxşı bilən yoxdur. Deyilənlər müəyyən fərziyyələrdir. Hesab edirəm ki, COP29-a ev sahibliyi edəcəyiksə, noyabr ayında belə bir möhtəşəm tədbirin keçirildiyi bir zamanda parlament seçkiləri keçirilə bilməz. Bu, dövlət üçün olduqca çətin olar. Çünki COP-un qonaqlarının təhlükəsizliyi, tədbirin özünün təşkili, COP iştirakçılarının ölkə üzrə səyahətlərinin təşkili və s. kimi ortada yaranacaq bir durumun olması parlament seçkilərini həmin vaxt üçün mümkünsüz edir. Ona görə mən də belə düşünürəm ki, parlamentin buraxılması ilə bu seçkiləri 3-4 ay əvvəl keçirmək olar. Bu da iyun ayının sonu və ya iyul ayının əvvəllərinə təsadüf edir. Unutmayaq ki, dekabrın 19-da da ölkəmizdə bələdiyyə seçkiləri keçirilməlidir. Bilirsiniz ki, bələdiyyə seçkilərini də Mərkəzi Seçki Komissiyası keçirir. Ona görə də onun müddətinin uzadılması MSK tərəfindən ola bilər. Yəni 19 dekabrda deyil, bir həftə sonra da keçirilə bilər. Amma parlament seçkiləri konstitusiya ilə təsbit olunduğuna görə, əvvəldə qeyd etdiyim maddə üzrə bu il seçkilər keçiriləcək. Amma bayaq da qeyd etdiyim kimi, COP-la üst-üstə düşdüyünə görə önə çəkilə bilər”.

Gedən bu müzakirələrə iqtidar cəbhəsinin də rəsmi mövqeyini öyrəndik. Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki deputatı Elman Nəsirov belə müzakirələrin təmsil etdiyi partiya daxilində getmədiyini söylədi: “Doğrudur, mediada, eyni zamanda sosial şəbəkələrdə ölkəmizdə erkən parlament seçkilərinin, yoxsa referendumun keçiriləcəyi ilə bağlı müzakirələrin getdiyinə şahidik. Biz də bu prosesi izləyirik. Müxtəlif versiyalar səsləndirilir, fərqli variantlar dilə gətirilir. Amma bu məsələlərlə bağlı mövqeyim ondan ibarətdir ki, mən Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlardanam, eyni zamanda hakim partiyanın rəhbər qurumlarından birində - Təftiş Komissiyasında təmsil olunuram. Qeyd edirəm ki, YAP-ın nə İdarə Heyətində, nə də Təftiş Komissiyasında parlament seçkilərinin, yaxud referendumun keçiriləcəyi ilə bağlı hər hansı bir müzakirə olmayıb. Belə bir müzakirə olsaydı, xəbərim olardı. Mən də iştirak edərdim. Hazırkı vəziyyətdə bütün bu söhbətlər mülahizə səviyyəsindədir. Rəsmi olaraq, bununla bağlı heç bir mövqe yoxdur. Bununla əlaqədar müvafiq dövlət qurumlarının heç bir rəsmi məlumatına rast gələ bilməzsiniz. Ona görə də rəsmi olmayan, ancaq söz-söhbət predimeti olan məsələlərlə bağlı şərh verməyə ehtiyac yoxdur. Doğrudan da belə bir hadisə, yəni ya erkən parlament seçkiləri, ya da referendum olarsa, bununla bağlı artıq öz mülahizələrimizi ifadə edə bilərik”.
Tarix: 28-03-2024, 09:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}