Sahil Babayevin `şirkəti` niyə pensiya məlumatlarını ört-basdır edir? - İLGİNC

Sahil Babayevin `şirkəti` niyə pensiya məlumatlarını ört-basdır edir?
Qazaxıstanda orta aylıq pensiya 120 min 992 təngəyə (təxminən 268 dollar) çatıb. 2023-cü il martın 1-nə olan məlumat belədir. Keçən il təqaüdçülər ayda orta hesabla 105 min 538 təngə alırmış. Minimum pensiya məbləği 53 min 76 təngədir. Qazaxıstan hökuməti məbləğin yüksəlməsi ilə bağlı üzərinə konkret öhdəliklər götürüb. İctimaiyyətə bununla bağlı mütəmadi məlumat verilir.
SİAM.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Qazaxıstanda pensiyaçıların ümumi sayı 2,2 milyon nəfəri keçib. Hesabatda dəqiq rəqəmlər göstərilib. Məsələn, məlumdur ki, ölkədə 63 yaşına çatmış neçə kişi, 61-i ötmüş neçə qadın var.

Azərbaycanda yuxarıda qeyd olunan məlumat yükünün böyük hissəsini əldə etmək mümkün deyil. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mediaya açıqlamasında bildirib ki, 65 yaşına çatanların 70-75 faizi pensiya hüququ qazanır. Fikir verin, dəqiq rəqəm yoxdur. Nazir müavini əlində konkret rəqəmlər olduğunu deyir, amma ictimaiyyətə məlumat verməyə özünü borclu saymır.

Bir çox suallar açıq qalır. Bilmirik ki, hansı yaş kateqoriyaları üzrə pensiya alanların sayında artım və ya azalma var. Yüksək məbləğdə, məsələn, 1000 manat və daha çox təqaüd alanların sayı ilə bağlı heç nə deyilmir. Hər dəfə mətbuatla belə ünsiyyət imkanlarında ümumi ifadələrdən istifadə olunur. Məsul şəxslər çalışırlar ki, ictimaiyyətə müzakirə üçün çox material verməsinlər. Yəni konkretlik olmasın, sonra irad da eşitməsinlər.

İqtisadçı Rövşən Ağayev də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha şəffaf davranmalı olduğunu düşünür: “Statistikalar ictimiayyət üçün açıq saxlanmır. Məsələn, hər il nə qədər insan pensiya hüququ qazanır və onların hansı hissəsi yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görədir? Eyni zamanda, bu pensiya kateqoriyalarının hər biri üzrə həyatını və buna paralel olaraq pensiya hüququnu itirən nə qədər pensiyaçı olur? Çünki bu rəqəmlər olmadan rəsmi açıqlanan pensiyaçı sayının dinamikasında baş verən dəyişikliklərin mənbəyini də görmək mümkün deyil. Pensiyaçıların sayını cinsə görə açıqlayırlar, amma yaşa görə açıqlamırlar.

Məsələn, nə qədər çətin bir məsələdir ki, hazırda pensiya alanların sayını açıq informasiya mənbələrində hər bir yaşa və yaş qrupuna görə ayrıca görə bilək? Eləcə də yaşa görə pensiya hüququnu qazananların hansı hissəsi muzdlu əmək, hansı hissəsi qeyri-muzdlu peşə fəaliyyətləri ilə bağlı pensiya hüququ qazanmasına dair məlumatlar hər kəs üçün əlçatan olmalıdır”.

Bu münasibətin bir adı var: ictimaiyyətlə hesablaşmamaq. Yaxşı bilirlər ki, pensiya siyasətinə görə keçmiş postsovet məkanında autsayderlər qrupunda yer alırıq. İnsanlar həyatının böyük hissəsini işləyir, amma ahıl vaxtında lazımi sosial dəstək görmür. Yaşlı adamların az qala yarısının pensiya yaşına çatmadan həyatını itirməsini bilmək üçün xüsusi statistikaya da ehtiyac yoxdur. Pensiya yaşı çox yüksək, şərtlər ağırdır. Pul verməyən hökumət, heç olmasa, rəqəmlərə xəsislik etməməlidir.
Tarix: 5-06-2023, 21:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}