"Sarı jiletlilər"in "yiyə"si kimdir, onların yığdığı pullar kimin cibinə axır? - "Köhnə hamam, köhnə tas"...

"Sarı jiletlilər"in "yiyə"si kimdir, onların yığdığı pullar kimin cibinə axır? -
Bir neçə il əvvəl şəhərin hansı küçəsində avtomobil park etsək, dərhal BNA başımızın üzərini kəsər, protokolunu tərtib edib, cəzalandırardı. Yorulmuşduq, bezmişdik. Dayandığımız hər yer bizə 20 manata başa gəlirdi. Park yerlərinin açılması məsələsi isə sadəcə müzakirə edilirdi. Amma bu gün artıq Bakının küçələrində park yerləri var. Etiraf etməliyik ki, qiymətlər də çox yüksək, ürək ağrıdan və əl "yandıran" dərəcədə deyil. Bəzən yenə qanımızı qaraldanlar tapılır...
Bir müddət əvvəl bazar günü Nərimanovda yerləşən alış-veriş mərkəzinin qarşısında "AzParkinq"in parklama yerində avtomobili saxlayıb, getmişdim. Bir neçə saat sonra qayıdıb, ödəniş etmək istəyəndə park ödəmə prosesi alınmadı. Anladım ki, yəqin ki, bazar günləri parklama yerləri pulsuzdur. Əks halda, parklama yerinin pulu hesabımda əks olunardı. Avtomobili geri verib çıxmaq istəyən başımın üstündə bir sarı jiletli peyda oldu, mənə yol göstərəyə başladı. Mən ona heç bir ödəniş etmədən yoluma davam etdim.

Eyni vəziyyət Nərimanov rayonu Ağanemətulla küçəsində "Azparkinq"in yerlərində də müşahidə edilir.

Düşünməyin ki, məni bu sarı jiletlilərin yığdığı 1 manat narahat edir. Əsla! Məni narahat edən bu vəsaitin kimin cibinə axmasıdır. Əgər bu vəsait həmin "sarı jiletlilər"in cibində qalsa, haradasa bir qədər başa düşmək olar. Bu sual qaranlıq olaraq qaldığı üçün yəqin ki, hamını narahat edir. Və əslində, etməlidir...

Diqqətimi çəkən digər məqam da odur ki, parkinqlərə "gizli" şəxs və ya şəxslər tərəfindən təyin olunan “sarı jiletlilər” əksər hallarda hansısa fiziki qüsuru olan insanlardır. Düşünürəm ki, bu "seçim" də xüsusi məqsəd daşıyır. Bilirsiniz ki, xalqımız mərhəmətli və ürəyiyumşaqdır. Şəhərin "hər yer"indən damıb göl olan irihəcmli bu vəsaitləri cibinə dolduran şəxs və ya şəxslər çox böyük siyasətçilərdəndir. Xalqın damarının yerini bilir, hansı tərəfdən vurmağı əzbərləyib.

Bir yer üçün "AzParkinq" hansısa bir rüsum tələb etmirsə, biz niyə kiminsə və ya kimlərinsə cibini doldurmalıyıq ki?

Şəhərin küçələrində parkinqlərdə görünməyə davam edən “sarı jiletlilər"in "yiyə"si kimdir? Bu vəsait kimin və ya kimlərin cibinə axır? Məsul dövlət qurumları niyə bu vəziyyəti diqqətə almır?

Baxın, bizim dövlət büdcəsinə ödəniş etməyimiz normaldır. Çünki hər bir xidmətin haqqı var. Bilirik ki, nə üçün ödəniş edirik. Amma kimsə ortaya özünü atıb, əlini açanda bu da mənfi mənada təsiredici olur.

Müvafiq qurum bu vəziyyəti də nəzərə alsa çox yaxşı olar. Ən azından canımmız “sarı jiletlilər” və onların himayədarlarından qurtular...

Mövzuya təkrar qayıdacağıq...

Bizimyol.info
Tarix: 5-03-2024, 21:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}