“Müğənnilərimiz insanlarımızın gözünü yorur, eyni ifayla, paltarla onlara hörmətsizlik edirlər...”

“Müğənnilərimiz insanlarımızın gözünü yorur, eyni ifayla, paltarla onlara hörmətsizlik edirlər...”
“Ötən il barədə danışanda onu deyə bilərəm ki, artıq koronavirus iki ildir ki, bizimlədir. 
Pandemiya bizim ailədən də yan keçmədi və mən də öz yaxın doğmalarımı, qayınımı, dayım oğlunu itirdim. Bu baxımdan istər incəsənət sahəsində, istər konsert, istərsə də yaradıclıq baxımından çox sönük bir il oldu. Amma ən başlıcası, önəmlisi, vacibi bizim 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalmağımız oldu. Çünki artıq 28 il idi ki, biz torpaqlarımızın həsrətini çəkirdik və bu böyük qələbə bütün dünyaya Azərbaycanın nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Mən şəxsən öz ailəm adından Cənab Prezidentə, Ali Baş Komandana təşəkkür edirəm ki, indinin özündə də həmin o işğaldan azad edilən torpaqlarımızda quruculuq işləriylə məşğul olur. Dəfələrlə öz ailəsiylə birlikdə orda iştirak etməklə hamımızı qürurlandırır. Mənə elə gəlir ki, o torpaqları minaları təmizləyəndən sonra biz də o yerlərə ziyarətə gedəcəyik. Çünki mənim qohumlarımdan Şuşada və Füzulidə olanlar var, o əziz torpaqlarımızı görmüşəm və indi də görmək arzusundayam.  Ötən il bizim üçün ən böyük xatirə böyük qələbəmiz oldu”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, kamança ifaçısı Ağacəbrayıl Abasəliyev deyib. A.Abasəliyev təzə ildə də xalqımıza və dövlətimizə uğurlar arzulayıb:  
 
“İnşallah bu il də yaxşı olar. Mənə elə gəlir ki, yeni səslərə, musiqilərə ehtiyac var. Bəstəkarlarımızın yaradıcılığında yeni ifalar olsa, yaxşı olar. Çünki dövlətdən maaş almayan və toy şənliklərindən dolanan musiqiçilərimiz üçün ötən il çox çətin oldu. Bəziləri alətlərini də satdılar. Amma şükürlər olsun ki, hər şey bərpa olunur və elə bilirəm ki, gün-gündən Azərbaycanda irəliləyiş gedir. Cənab Prezident incəsənət xadimlərini diqqətdən kənarda qoymur. Məsələn, sevinirəm ki, mənim birinci tələbəm olan Elşən Mansurov bu yaxınlarda respublikanın Xalq artisti fəxri adına layiq görüldü. Onun fəxri ad almasına çox sevindim. Çünki o, həm Sumqayıt Musiqi Texnikumunda  və həm də Konservatoriyada beş il tələbəm olub. İndi hal-hazırda Milli Konservatoriyada mənimlə çiyin-çiyinə çalışır. Bir tələbəm Xəyyam Məmmədov da Əməkdar artist fəxri adı aldı. Bundan qabaq Fəridə Məlikova da Əməkdar artist fəxri adına layiq görüldü. Yəni bütün bunlar bir müəllim kimi məni fərəhləndirir. Amma arzu edərdim ki, bizim çalışdığımız “Səadət” ansamblının bir nömrəsini Şuşada keçirək.
 
İndiki zamanda biz musiqi sahəmizdə daha dəqiq olmalıyıq ki, hər bir anda öz doğma musiqimizi tərənnüm edək. Ona görə bütün musiqi idarələrində bu işlərə ciddi diqqət olmalıdır. Televiziya kanallarında çox diqqətli olmaq lazımdır. Çünki elə bir zəmanədir ki, hamı sosial şəbəkəyə bağlanıb və gənclərimizi televiziyaya cəlb etmək lazımdır. Ona görə də aparıcılar bir də görürsünüz ki, heç kimin tanımadıqları adamı sənətkar kimi təqdim edirlər, yaxud da elə bir bayağı musiqilər səslənir ki, dinləmək istəmirsən. Bunlar aradan götürülsə, yaxşı olar. Çünki bizim Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə Milli Konservatoriyada musiqiçilər, müğənnilər təhsil alır. Bu insanlara telekanallarda yer vermək lazımdır.
 
Müğənnilər insanların gözünü yorurlar, xüsusən də bayram vaxtlarında bu kanaldan o biri kanala gedirlər, eyni paltar, eyni mahnıda çıxış edirlər. Bu isə bir az tamaşaçılara qarşı hörmətsizlikdir. Mən bir peşəkar musiqiçi kimi istəyərdim ki, telekanal rəhbərlərimiz musiqiçi redaktorlarının kim olmasını bilsinlər. Onların bizim xalq, professional musiqini bilməkləri çox önəmlidir.  Mənə elə gəlir ki, ən çətin şeyi Cənab Prezidentin sayəsində əldə etmişiksə, hər bir şəxs öz sahəsində çalışmalıdır ki, vətənimizə xidmət etsin. Çünki Azərbaycanın əvəzi, misli yoxdur. Dünyanın bir çox ölkələrində olmuşuq, amma heç bir ölkə Azərbaycan qədər bizə doğma olmayıb. Çünki Azərbaycana Allah bütün gözəl nemətləri verib. İnsanlarımız arasında mehribançılıq, bir-birinə qarşı diqqət də olsa, çox yaxşı olar. İstedadlı adamlara yer vermək, onlara şərait yaratmaq lazımdır. 
 
Bir müddət öncə Gəncə Filarmoniyasının Orkestrını dinlədim və çox zövq aldım. Çox gözəl ifa edirlər. Şəxsən zəng vurub rəhbərləri, Əməkdar artist Elçin Elçiyeva öz minnətdarlığımı bildirdim. Çünki zəhmət heç vaxt itmir. Ona görə də o istedadları əmələ gətirmək üçün müsabiqələr olmalıdır. Mən də istəyirəm ki, musiqimiz dünyanın hər bir yerində səslənsin. Allah Üzeyir bəyi qəni-qəni rəhmət eləsin. Onun musiqimizdə qoyduğu təməl Fikrət Əmirovlar, Qara Qarayevlər, Niyazilər, Arif Məlikovlar yetişdirib. Allah ruhlarını şad eləsin, onlardan yenə olmalıdır. Çünki Azərbaycan musiqisi onlara görə tanınır. Hər bir şəxs öz sahəsində fədakar, vətənpərvər olmalıdır. 
 
Televiziya kanallarımız özlərinə qarşı ciddi yanaşmalıdır. Arzu edirəm ki, Şuşa ilimiz olan 2022-ci il xalqımız üçün uğurlu olsun. Allah şəhidlərimizə  rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində biz qələbəyə nail olmuşuq. Allah Ali Baş Komandanı qorusun. Bütün sərhədlərimiz möhkəm olsun və Azərbaycanın adı çəkiləndə insanlarımız böyük fərəh hissiylə desin ki, mən azərbaycanlıyam. Yaşından asılı olmayaraq hamı zəhmət çəkməlidir, necə əvvəldən dünya səviyyəsində olub, yenə Azərbaycanımızı dünya səviyyəsində sevək və onunla fəxr edək”.

Tarix: 15-01-2022, 11:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}