“Xatirə İslam, Natavan Həbibi nə olsun ki, cavandırlar, yaxşı edib qonorar istəyirlər..."

“Xatirə İslam, Natavan Həbibi nə olsun ki, cavandırlar, yaxşı edib qonorar istəyirlər...
“Aslanın erkəyi, dişisi olmaz. Düzdür, qarmon kişi sənətidir, amma bizim də gücümüz çatır qarmonu ifa etməyə, qucağımıza götürməyə. Qarmon mənim üçün təkcə alət deyil, doğma bir insanım kimidir. Həm balalarımın çörək ağacıdır, həm də mənim etibarlı dostumdur. Mən bu qarmonla böyümüşəm, tanınmışam, sənət sahibi, ən əsası Gövhər olmuşam. Qarmonum mənə əzizlərimdən də əzizdir. Bəzi insanların əsl üzlərini görüb, bəzən bezirəm, deyirəm ki, əşi birdəfəlik bu sənəti atım, qulağım sakit olsun. O anda qarmonum gəlir gözümün qabağına. O bu illər ərzində mənə xəyanət etməyib, mən ona necə xəyanət edə bilərəm?”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva bildirib. O daha sonra əlavə edib.

“Mənim bir qarmonum var, neçə ildir ki, onunla ifa edirəm. Heç vaxt məni pis duruma salmayıb. Sözün düzü şan-şöhrət xoşlayan biri deyiləm. Bəzən deyirlər ki, filankəsin qarmonunun üstündə brilliant daş-qaş var. Mənim barmaqlarımın özü elə daş-qaşdır. Düzdü, mənim qarmonumun üstü də qızılla bəzədilib, amma bunu mən yox, sənətimi sevənlər, dost-tanışlar hədiyyə edib” deyə Gövhər Rzayeva bildirib.
 
Əməkdar artist müğənnilərin qonorar qarşılığında efirə çıxmaq istəklərindən də danışıb.
 
“Xatirə İslam, Natavan Həbibi cavan olsalar da çox yaxşı müğənnilərdir. Onların da böyük sevənləri var. Nə olsun ki, cavandırlar, fəxri adları yoxdur, qonorar onlara da lazımdır. Yaxşı edib qonorar istəyirlər. Niyə görə? Həmin verilişlərin də sponsorları var, televiziya, aparıcı, verilişin heyəti ordan pul alırlar. O zaman onlar da pul almasınlar da, elə-belə gedib aparıcılıq etsinlər. Gör buna razı olarlar? Onlar qonorar ala bilir, biz yox?! Bu qonorarı onlar öz ciblərindən verməyəcəklər ki! Sponsor verəcək də! Biz verilişə gedəndə xərc çəkirik, gözəllik salonuna gedirik, bahalı geyimlər alırıq, maşınımızın benzinini tökürük. Bunlar hamısı pul tələb edir də. Gərək biz qazanıb özümüzə sığal çəkək ki, efirə çıxanda deməsinlər ki, filankəs gör nə günə qalıb! Ataların bir sözü var, deyir gözəllik ondur, doqquzu da puldur (gülür). Versələr mən də qonorar istəyərəm, amma bilirəm ki, verməyəcəklər. Xarici ölkələrdə tanınmış sənətkarların heç biri qonorarsız efirə çıxmırlar” deyə sənətkar bildirib.

Tarix: 12-02-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}