"Adamların gözündə Manafın müğənnidən çox lotu obrazı var"



Cəmiyyət Manaf Ağayevə qarşı niyə belə aqressivdir, onun həbsini insanlar niyə lağlağı, məsxərə mövzusuna çevirib? Bunun səbəbi nədir? Deyim. Çünki Manaf dəfələrlə telejurnalistlərə qarşı kobud münasibəti, efirlərdə qolunu çırmayıb adamların üstünə cumması ilə yadda qalıb.
Bahalı villalarını, bahalı maşınlarını tez-tez açıq və biədəb bir şəkildə reklam etməsi də kasıb və yoxsul cəmiyyətdə qıcıq yaradırdı. Adamların gözündə Manafın müğənnidən çox lotu obrazı var. Eyni zamanda süni, ucuz reklama hesablanmış davranışları insanları ondan zaman-zaman diksindirirdi. Şəxsən tanımıram, Manaf bəlkə, doğrudan da yaxşı oğlan, yaxşı kişidir, cavan uşaqların təbrincə desək, ağsaqqaldır. Amma yaxşı oğlan, yaxşı kişi, ağsaqqal statusları ilə məsələn, canlı efirdə Telli Borçalını zorla qucaqlayıb öməsi, başqa bir xanım müğənniyə görə efirdə biədəb şəkildə qeyrət davasına çıxması bir-birinə uyğun gəlməyən davranışlardır. Onun vid-fasunu da şou adamına uyğun gəlmir, ya nədirsə, cəmiyyət onu bilmir hara qoysun ki, yerinə rahat otursun. Bir dəfə də efirdə kiminsə haqqında demişdi ki, mənim elə gəlinim olsa, yıxıb yerə, başını kəsərəm. Bu açıqlamaya görə Bakı Şəhər Baş Polis İdarəsinə də çağrılmışdı, xəbərdarlıq olunmuşdu. Və bütün bunların fonunda üstəgəl də ciddi sənət adamı deyil. Üstəgəl də cəmiyyət onu eqoist, loğva, yekəxana bir insan kimi tanıyır. Hökumət isə pulu olan adamların dikbaşlığına qarşı çox dözümsüzdür. Deyir, necə yəni, sənin həm pulun var, həm də qudurmusan, prezidenti yamsılayırsan? O nə maşın markasıdır, o nə nömrədir?
 
Ümumiyyətlə isə kütlə varlı adamlara qarşı çox aqressivdir. Niyəsi məlumdur. Cəmiyyətin böyük bir hissəsi ehtiyac içərisində yaşayan insanlardan ibarətdir, onlar da özlərinə oxşayanı, özləri kimi kasıb, yoxsul, yesir sənət adamlarını daha çox sevir və rəğbət bəsləyir.
 
Kəramət Böyükçöl
Tarix: 18-02-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}