Aktyordan deputata sərt cavab: “Kostyum geyinib, qalstuk taxıb təlxəklik etmirik”





"Xəzər TV"də yayımlanan “Komedixana” yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevə layihədə rol alan aktyor Cavidan Novruzdan cavab gəlib.

Yenisabah.az-a danışan sənətçi deputatın yanlış fikir bildirdiyini, layihədə rol alanların sənəti üzrə ali təhsil aldığını deyib:



“Dünəndən bəri deputatın sözləri ilə bağlı mənim fikirlərimi bilmək istəyirlər. Bu mövzuya lakonik cavab verəcəyəm. Etibar Əliyev yazdığı statusda sözügedən layihədə yer alanları həm də təlxək adlandırıb. Orada iştirak edən aktyorların hamısı ziyalı ailəsindəndir, üstəgəl Mədəniyyət və İncəsənət universitetini bitiriblər. Onların savadı kifayət qədərdir, səhnə mədəniyyəti, diksiya nədir yaxşı bilirlər. Kostyum geyinən təlxəklərdənsə, deputatın “təlxək” adlandırdığı insanlar daha yaxşıdır! Ən azından biz kostyum geyinib, qalstuk taxıb gedib haradasa oturub yalandan təlxəklik etmirik. O, millət vəkilidir, getsin millətin problemləri ilə maraqlansın, onları həll etsin, televizor qarşısında oturub “Komedixana”ya baxmağa vaxt ayırmasın. “Komedixana”ya rəy bildirməkdənsə, xalqın problemlərini həll etsin! Bizim heç birimizin onun fikirlərinə ehtiyacımız yoxdur. Xalq özü layihəni bəyənir və izləyir. Məmurların problem yaratdığı dönəmdə biz camaatın başını qatırıq, onları əyləndiririk, pis bir şey etmirik. Bizi “təlxək” adlandırıb, biz kostyum geyinib bunu etmirik, sənətimizlə məşğuluq”.

Xatırladaq ki, E. Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları ağır ifadələrlə tənqid etmişdi:

“Təsadüfən “Xəzər TV"-nin “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər.

Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”, - deyə deputat yazıb.
Tarix: 13-07-2022, 18:30




Xəbər lenti

{sape_links}{sape_article}