Bayram, yoxsa “yolunmuş qaz” günləri?


Bayram yaxınlaşır, hamımızda sevinc qarışıq bir hüzün də var. Yaşlanırıq, yolun sonuna doğru daha bir addım atırıq və sair və ilaxır.

Amma bununla paralel, əcaib bir şadyanalıq sevdası da var içimizdə. Çıxın şəhərin mərkəzinə, kafelərdə oturmağa yer tapa bilməyəcəksiz. Alış-veriş mərkəzlərindəki (xalqımız onlara “mol”, “mal” deməyi tərcih edir) paltar dəyişmə kabinələrində, kassa sıralarında həlak olacaqsız. Bir tikə yemək istəsəz, əlinizdə məcməyi ilə yetim-yetim kiminsə son loxmasını boğazına dizib, masadan qalxmasını intizarla gözləyəcəksiz. Bir ay bundan öncə bir yazı ilə əlaqədar qış turizm komplekslərindən birinə zəng etmişdim. Söhbət əsnasında öyrəndim ki, artıq yeni il günlərində oteldə boş otaq yoxdur. Noyabrın əvvəlindən qosqoca oteldəki bütün otaqları bron ediblər.

Az öncə qəzetin sosial səhifəsi üçün bir yazı hazırlayırdım. Yurdumun insanı üçün yeni il şənliklərinə “ceyran belində” qiymətlər təklif edirlər. Məsələn, iki nəfərlik 1 gecəlik yeni il əyləncəsi şəhərdən 250 kilometr aralıda olan bir rayonda 1700 manata yaxın imiş. Sadəcə, səhər yeməyi ilə özü də. Paralel aparırsan, Parisdə yeni il keçirmək 950 manatdır halbuki. 7 gecə, 8 gün həm də... Paris deyirəm ağzımda, Paris deyə döyəcləyirəm bu klaviaturanı. Mədəniyyətin mərkəzi, dünyanın incəsənət yuvası, yeni ilin cənnət məkanlarından biri... Amma Qubadakı ‘’palas’’ sahibi hesab edir ki, onun oteli Parisə sağda sıfır yaza bilər, palaz-palaz. Əsasən də tariflərdə.

Bu barədə tənqidi fikrini yazan kimi çoxbilmişlər başlayırlar ki, bəs istəməyən getməz, burda məcburiyyət yoxdu, tələb-təklif məsələsidi, azad bazar, iqtisadi azadlıq, bağlar-bostanlar və sair. İnsanlara izah edə bilmirsən ki, bu ölkədə qiyməti tənzimləyən qurum yoxmu? Qiymətlər hansı meyarlarla, nəyə əsasən tənzimlənir?

Niyə haqsız rəqabət yaradılır? Orta təbəqənin əylənmək ehtimalı niyə sıfırlanır bu işbazlar sayəsində? Bir gecəyə 1700 manat ödəyən adamı “qudurğan” adlandırırsan, daha bir demaqoqiya başlanır. “Insanların öz pullarını xərcləmə azadlığına müdaxilə edə, bunu təftiş edə bilməzsiz”. Amma gəlin birgə gedək həmin otellərə və baxaq bu cür absurd qiymətlərlə razılaşıb, işbazları sevindirən şəxslərin kimliyinə. Əksəriyyəti məmur çıxacaq. Aylıq məvacibi dəftər-kitabla 600-700 manat olan məmurların 5 nəfərlik ailələri ilə orda istirahət etdiyini görəndə mən həmin adamlara kalkulyator uzadacam. Gəlin, vuraq, bölək, toplayaq, çıxaq... Görək bu məvacib ona həm ailə dolandırıb, həm uşaq oxudub, həm də gecəsi 1700 manata (bunu 5 nəfərə vurun) yeni il keçirməyə necə imkan verir?

Hamı bir-birinə qıcıqlı, qəzəbli, intiqam doludur sanki. Vergi, sığorta, “sanepidstansiya”, sosial müdafiə...kimi yoxlamalar onları incidibsə, onlar da avtomatik bunun qisasını müştəridən alacaq. Kənd yerində necə deyirlər? Altda qalanın canı çıxsın! Adamlar maya dəyəri 50 qəpik olan çayı sizə 8 manata satacaqlar, məsələn. Niyə? Çünki onların kafesi şəhərin ortasında yerləşir, xərcləri çoxdur, icarə haqları, başağrıları ondan da çox. Müştəri də canı çıxıb ödəməlidir. Hamı bir-birindən, bir-birinin intiqamını alıb qurtarandan sonra isə “əl-əldə”, “baş-başda” qalacaq. Sonuc bu...

Elə bu səbəbdən də azərbaycanlı üçün istirahət, bayram etmək, hardasa xoş bir neçə saat keçirmək sonda əsəb olaraq ona geri qayıdır. Özünü məşhur əsərin qəhrəmanları kimi, alçaldılmış və təhqir edilmiş görür. Həmin oteldən, restorandan çıxanda insan özünü yolunmuş qaz kimi hiss edir. Aldığı təəssüratlar dərhal korlanır.

Həyat bayram olsa... Məşhur mahnıda deyilən kimi. Amma adamlar da bayram kimi olsalar, kaş ki...  Daha yas mollaları kimi bir-birinin kədərinə sevinməsələr...

Sevinc TELMANQIZI
Tarix: 24-12-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}