Primitiv jurnalist sualları


Mehman düz deyir, primitiv və mənasız suallar yazıq siyasətçiləri, məmurları, sənət adamlarını, inqilabçı dissidentləri, media və gəmi kapitanlarını çox bezdirib.

Eyni sualları nə qədər vermək olar: “Filan hadisə baş verməyə bilərdimi?”; “20 il əvvəl filan olay baş verib, o barədə nə düşünürsünüz?”; “Müxalifət qüvvələri yeni blokda nə vaxt birləşəcək?”; “Siz tanınmış sənətçisiniz, sevgiliniz (və ya xanımınız) sizi qısqanırmı?”; “Həbsdən çıxandan sonra fəaliyyətinizi davam etdirəcəksinizmi” və sair və ilaxır.

Primitiv suallardır, həm də mənasız.

Sual ki, özündə “sxolastik”, “konqlemerativ”, “spontan”, “dissonans” kimi sözlərlə bəzənmədi, apar qaytar, demək, primitiv sualdır. Primitiv suala ağıllı cavab vermək olmur. Ağıllı cavab istəyirsən, qəliz sual verəcəksən.

Yoxsa bu nə deməkdir: “Bundan sonra nə etmək fikrindəsən?” Heç bu da sualdırmı? Adam buna necə ağıllı cavab versin? Nə desin? Desin ki, qaldığım yerdən davam edəcəyəm? Olmaz axı. 5 metrlik divarın önündə qalmışdı, dırmaşıb keçə bilmədisə, necə davam eləsin?

Həm də ən pisi odur ki, həbsdən çıxanların hamısına belə suallar verirlər. Tərs kimi, hamı diplomatik cavab verə bilmir. Söz baqajı zəngin olan var, kasad olan var.

Yadımdadır, o vaxt, 1995-ci ilin noyabrında “Çeşmə”çilər  həbsdən çıxıb gələndə biz də Ayaz Əhmədova elə bir sual verdik, dedik, “Çeşmə” fəaliyyətini davam etdirəcəkmi?

Ayaz əvvəlcə mat-mat üzümüzə baxdı, sonra bir az əsəbiləşdi, özünü birtəhər ələ alıb gülümsəməyə çalışdı və dedi: “Mən kamikadzeyəm-nəyəm? Özümü mütləq şəhid eləməliyəm? Görüm, başıma nə iş gəlir”.

Doğrudan da, o, kamikadzelik etmədi, “demokratiya şəhidi”, “azad sözün qurbanı” olmaq istəmədi, başını götürüb ölkədən getdi, sonra səsi Norveçdən gəldi. Bir ara orda taksi sürürdü, indi nə işlə məşğuldur, xəbər yoxdur.

Elə primitiv suallara görədir ki, bəzi oxumuş və sanballı adamlar jurnalistin onlara sual verməsini istəmirlər, özləri özlərinə sual verir, özləri də cavablandırır, sonra kompüterdə yığdırıb saytlara, qəzetlərə göndərirlər. Başlıqda da “sensasion açıqlamalar” ifadəsi olur ki, oxucuya maraqlı olsun.

Hətta uşaqlar danışır ki, öz qoyduğu suala cavab verən müsahib arada belə bir qeyd edib: “Sualınızın qoyuluşu ilə razı deyiləm”.

Bu ondan ötrüdür ki, “jurnalist”in verdiyi primitiv sualın qarşısında müsahibin nə qədər təmkinli, prinisipial və ağıllı olduğu ortaya çıxsın. Adam sualın qoyuluşu ilə razı olmamaqla tələyə düşəcək qədər sadəlövh olmadığını göstərir.

Oxucu nə biləcək ki, bu primitiv sualı o özü qoymuşdu. Bunu bilsə-bilsə, “avtomüsahibə”nin redaktoru biləcək, o da heç nə edən deyil, yeri gələndə bir xeyirdə danışacaq, bir də şərdə. 

Uzun illər (təxminən 1996) öncəydi, Şirzad Məmmədli ilə o zamanın müxalifət partiyalarının birinin sədriylə müsahibəyə getmişdik. Qərara aldıq ki, ona primitiv sual verməyək. Öncədən tərtib etdiyimiz ağıllı və savadlı sualımızı səsləndirdik, müsahibimiz isə sözünə belə başladı: “Hələ sovet vəxtində mənim dənizdə iki dana lotkəm vardu, başımı dolandırırdım”.

“Lotkə”nin ruscadakı “lodka”, bizim dildəki “qayıq” olduğunu anlayan kimi biz ona daha heç bir qəliz suallar vermədik. Eləcə söhbət elədik. Mənim suallarıma Şirzad cavab verdi, Şirzadın suallarına - mən. Gəldik redaksiyaya, oturub yazdıq. Əla müsahibə alındı. Hətta ertəsi gün bəy özü də redaksiyaya zəng edib minnətdarlıq eləmişdi k, uşaqlar sağ olsun, yaxçı sual-cavab yazıblar.

Əsas odur ki, savadlı müsahibə primitiv sual verməyəsən, sadə müsahibə isə qəliz sual. Bundan da ötəsi, gərək sual nə mənasız olmasın, nə də çoxmənalı olmasın. (Belə-belə gəlib çıxırıq müsahibin özünə sual verməsi levelinə).

Hər şeyin yerini, vaxtını bilmək lazımdır. Belə anlaşılır ki, Mehman son iki ildə, içəridə öz üzərində çox hazırlaşıb, çoxlu kitab oxuyub, savadını artırıb, artıq primitiv suallarla tutarlı sualların fərqni bilir.

Siz də siz olun, əziz həmkarlar, mərhələ adlamış adamlara primitiv sual verməyin. Soljenitsın sağ olsaydı, siz ona “indi hansı əsər üzərində işləyirsiniz” deyə sual verə bilməzdiniz. Çünki adam ömrünün son illərində artıq ədəbi əsər üzərində işləmirdi, Rusiyanın 100 il sonrasını düşünürdü...

 

Samir SARI
Tarix: 4-03-2019, 16:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}