Əlil gənc: Polis hazırladığım fiqurları satmağa icazə vermədi

            
Elçin Lazımovun arzusu sərgi açmaqdır
Taxtadan düzəldilən tar, kaman, Qız Qalasının maketi… Azərbaycanı turistlərə daha yaxından tanıdacaq bu suvenirləri hazırlayanlar arasında 31 yaşlı Elçin Lazımov da var. Düzəltdiyi əşyaların qiyməti 3-30 manat arasında dəyişir. Gənc usta bunları məişət ehtiyaclarını qarşılamaq üçün satışa çıxarsa da, heç də həmişə əli gətirmir.
Elçin Lazımovun əlilliyi var, danışmaqda və hərəkət etməkdə çətinlik çəkir. O, həyat yoldaşı, azyaşlı qızı və qayınanası ilə birgə kirayədə yaşayır. Ailənin yeganə gəlir mənbəyi onun və həyat yoldaşının əlilliyə görə aldığı pensiya və xeyirxah insanların etdiyi yardımlardır.
Elçin Lazımov
Elçin deyir ki, əşyaları hazırlamağı 2016-cı ildə Ramana 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzində təşkil olunan kursda öyrənib:
“Bizə müxtəlif bacarıqlar öyrədirdilər. Mən də taxtadan belə fiqurlar, suvenirlər düzəltməyi öyrədim”.
Düzəltdiyi əşyaları əvvəllər metronun “Nizami” stansiyasının qarşısında satırmış, amma 3 aydır ki, heç nə sata bilmir. Buna səbəb polislərin yaratdığı çətinliklərdir: “Gün ərzində 1-2 suvenir sata bilirdim. Sonra polislər gəldi, burada satışa icazə olmadığını dedi. Satış üçün məndən haqq istədilər. Mən də ona görə daha ora getmirəm”.
Elçin Lazımovun qaynanası Zabitə Əliyeva deyir ki, onlara ev işlərində, uşağı saxlamaqda, müxtəlif dövlət orqanlarına müraciətlər və şikayətlər yazmaqda yardım edir. O, yaşadıqları şəraitdən gileylənir:
“155 manat Elçin, 155 manat da qızım əlilliyə görə pensiya alır. Bir də arada xeyirxah insanlar kömək edirlər. Telefon nömrəm əldən-ələ gəzdiyi üçün kömək edənlər olur. Bunların vəziyyətinə görə özüm də işləyə bilmirəm. Elçin uşağı əlində saxlaya bilmir. Ailəmiz gəliri 310 manat, evin kirayəsi 200 manat, kommunal xərclər də 80 manatdır. Yerdə qalır 30 manat. O pula bir ay dolanmalıyıq. Dövlət orqanlarına nə qədər yazıram, müraciət edirəm, xeyiri olmur, bir kömək edən yoxdur”.
Zabitə Əliyeva Elçinin sonradan fiziki qabiliyyətini itirdiyini deyir:
“Elçin Ucarda doğulub, sağlam uşaq imiş. Anası deyir, bir dəfə sudurğa tutduğu üçün həkimə aparıblar. Orada həkim nə iynə vurubsa, ondan sonra uşağın danışma, yerimə qabiliyyəti zəifləyib”.

Məhz bu səbəbdən Elçin nə orta məktəbə gedə bilib, nə də hərbi xidmətdə olub.
Elçin müxtəlif idman yarışlarında iştirak etdiyini deyir. Elə həyat yoldaşı ilə də belə yarışların birində tanış olub evləniblər. Bu evlilikdən isə Luiza adlı qızları dünyaya gəlib. Övladlarına bu adı qoymalarına səbəb onun doğulmasına, xəstəxana xərclərinin ödənməsinə və ailəyə maddi-mənəvi kömək edən eyni adlı qadındır. Ailə həmin qadına həmişə borclu olacaqlarını bildirir.
Elçinin ən böyük arzusu öz şəxsi sərgisini keçirməkdir. O, bunun üçün yetərli bacarıq və istedada malik olduğuna inanır. Bu arzunun reallaşması üçün isə pulu və lazımı alətləri olmalıdır:
“İndiki alətlərlə sadə fiqurlar hazırlaya bilirəm. Müxtəlif suvenirlər, əşyalar düzəltmək üçün daha peşəkar alətlərə ehtiyacım var. Onlar isə çox bahadır. 3000 manata kimi pul lazımdır. Təxminən 11 alətdir, nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini nəzərdə tutur- red) yazmışıq, hələ ki cavab gözləyirik”. 
Tarix: 5-03-2019, 09:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}