Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada prezident seçkilərinin sonuncu günüdür
Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür.

“Report” xəbər verir ki, yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq.

Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri də martın 10-da Gəncə şəhərində baş tutub.

Seçkilərin sonuncu günündə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində seçki məntəqəsi fəaliyyət göstərir. Bakıdakı məntəqə seçki komissiyasının katibi, diplomatik nümayəndəliyin müşaviri Roman Popov TASS-ın müxbirinə deyib ki, “səsvermə prosesi maksimum demokratik keçirilir”.

Səsvermədə birinci səs vermiş səfir Mixail Yevdokimov isə Azərbaycana təşəkkürünü bildirib:

“Biz Azərbaycan hakimiyyətinə səsvermə üçün ən əlverişli şərait yaratdıqlarına görə minnətdarıq”

Səsvermə zamanı təhlükəsizliyi Azərbaycan polisi və səfirliyin mühafizə xidmətinin əməkdaşları təmin edirlər.

Seçkilər martın 15-dən 17-dək keçirilir, Rusiya regionlarının üçdə birində səsvermə həm də elektron şəkildə aparılır.

Qeyd edək ki, hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.

Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.

Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.

Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilir.

Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.

İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.
Tarix: 17-03-2024, 12:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}