Arvadının çalışdığı xəstəxananın həkimini ürəyindən vurdu – 7 İL HƏBS

Təcili Tibbi Yardım Stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.



Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.



Hakimlər kollegiyasının hökmünə əsasən, A.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında baş verib.



A.Hüseynovun həyat yoldaşı həmin stansiyada xəstə baxıcısı işləyib. Hadisə baş verən günü A.Hüseynov təcili yardım stansiyasına zəng edib və həyat yoldaşı ilə danışmaq istəyib.



Telefona cavab verən stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov ondan xətti məşğul etməməyi tələb edib. Buna əsəbiləşən A.Hüseynov stansiyaya gəlib və Ə.Yusifovu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.



Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Tarix: 21-02-2018, 16:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}