“Kredit reytinqinin aşağı salınması SOCAR üçün borcların faizlərinin artmasına səbəb olacaq” - Natiq CƏFƏRLİ

“Kredit reytinqinin aşağı salınması SOCAR üçün borcların faizlərinin artmasına səbəb olacaq” - Natiq CƏFƏRLİ “SOCAR-ın daxili və xarici borcu Azərbaycanın dövlət səviyyəsində aldığı bütün xarici borcundan çoxdur”

“Dünyada 3 nüfuzlu reytinq agentliyindən biri olan “Standard&Poors” (S&P) SOCAR-ın reytinqini salıb. Rəsmi məlumatdan sitat: “Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərclərı, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib. Yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi şirkətin öhdəliklərinin yüksək olmasıdır”. Hurriyyet.org xəbər verir ki, S&P reytinq agentliyinin SOCAR-la bağlı məlumatını iqtisadçı Natiq Cəfərli şərh edib.

“Dövlətin resursları SOCAR-ın borclarını ödəməyə çatmaya bilər”

Cəfərlinin fikrincə, SOCAR-ın borcları çox böyük sürətlə artır, elə bir an gələ bilər ki, dövlətin resursları şirkətin borclarını ödəməyə çatmaya bilər: “Yəni Beynəlxalq Bankın borcları bunun yanında qəpik-quruşdu, onu dövlət ödəyə bilər, amma SOCAR-ın borclarını ödəməyə resurslar çatmaya bilər. SOCAR düşünülməmiş, analiz etmədən, riskləri hesablamadan yatırımlar edir ki, bu da rasional deyil. SOCAR daşıya biləcəyindən dəfələrlə artıq yük altına girib, buna görə də ağırlığa davam gətirməyə bilər”.

“S&P-nin ardınca digər iki agentlik də çox güman ki, reytinqi salacaq”

Cəfərli hesab edir ki, kredit reytinqinin aşağı salınması SOCAR üçün bundan sonra borcların faizlərinin artmasına, kreditlərin bahalaşmasına səbəb olacaq: “S&P-nin ardınca digər iki agentlik də çox güman ki, reytinqi salacaq. Bu isə borc faizlərini daha da artırmaqla yanaşı, əvvəlki kreditorlara borcunu daha erkən istəməyə imkan yaradacaq”.

“SOCAR-ın idarəetməsində olan problemlər, qeyri-şəffaflıq və qeyri-rasional yanaşma ölkəmiz üçün təhdid yaradır”

“SOCAR-ın daxili və xarici borcu Azərbaycanın dövlət səviyyəsində aldığı bütün xarici borcundan çoxdur. SOCAR-ın idarəetməsində olan problemlər, qeyri-şəffaflıq və qeyri-rasional yanaşma ölkəmiz üçün təhdid yaradır. Ölkə yaxın 3-4 ildə elə böyük borc bataqlığında olacaq ki, bu ölkədə hakimiyyətə gəlmək istəyi absurd səslənəcək”, - deyə iqtisadçı vurğulayıb.
Tarix: 3-11-2017, 15:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}