Banklar mobil tətbiqdə müştəriyə əlavə "borc" yazır? - Təhlükəsizliyə "xərclənməyən" vəsait vətəndaşdan "çıxır"...

Banklar mobil tətbiqdə müştəriyə əlavə "borc" yazır?
Bəzi bank şirkətlərinin mobil tətbiqlərində aylıq kredit ödənişləri doğru olmayan və şişirilmiş qrafiklərlə göstərilir. Həmin bankların müştəriləri mobil tətbiqdə onlara göstərilən bu qrafikin yanlış olduğunu, məsələn, 300 azn kredit borcu olmasına rəğmən, bir il boyunca hər ay 115 manat ödəməli olduğu barədə mobil tətbiqin onlara göstərdiyi yalançı qrafik haqda bankın qaynar xəttinə, hətta fiziki şəkildə filialına müraciət etsələr belə, həmin problemə baxılmır, sadəcə "zəng edəcəyik", yaxud da "tətbiqin problemi deyil, siz tez-tez pul nağdlaşdırdığınızdan, tətbiq borcunuzu bu formada hesablayıb" kimi tutarsız, məntiqdən kənar açıqlamalar verirlər. Bank tətbiqlərində yaşanılan bu cür mənfi halların, əslində, həmin tətbiqdəki texniki problemlərdən qaynaqlandığı, tətbiqlərə yenilənmə gətirilmədiyi, bankların tətbiqlərindən məsul İKT əməkdaşlarının bu problemə məqsədli şəkildə, bilərəkdən göz yumduğu barədə iddialar da var.
Həqiqətənmi, banklar mobil tətbiqlərində bilərəkdən belə problemlər yarada bilərlər?
Bu problemin əslində bir növ İKT sahəsi problemi olduğunu demək mümkündürmü? Əgər elədirsə, nəyə görə dəfələrlə müraciətlərə rəğmən, həmin problemi İKT əməkdaşları aradan qaldırmırlar?
Bank şirkətləri öz mobil tətbiqlərində belə süni problemlər yarada bilərlərmi?
Aktual problemlə əlaqədar İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Bank tətbiqlərindəki bu növ problemlərlə bağlı şərh verən mütəxəssis bildirib ki, belə vəziyyətlərdə adətən, ola bilsin, komandaların işində müəyyən axsamalar olur ki, bu da nəticədə qüsurlu proqram təminatının hazırlanmasına gətirib çıxarır.

"Qeyd etdiyiniz problem proqram təminatının birbaşa alqoritmi ilə bağlı olan məsələdir. Texniki komanda hansı ki, texniki tapşırıq hazırlayır və sonradan keyfiyyət təminatı son nəticəni test edir. Komandaların işində görünür, müəyyən axsamalar olub. Bu da nəticədə qüsurlu proqram təminatının hazırlanmasına gətirib çıxarıb. Mən düşünmürəm ki, burada məqsədli şəkildə hansısa çatışmazlıqlar qoyulub, sadəcə proqram təminatının hazırlanması zamanı fəaliyyət planı düzgün tərtib olunmayıb. Deveolper və ya proqramçı dediyimiz yalnız verilən tapşırıqları icra edir və tapşırığın məntiqində xəta olan zaman proqram təminatına yansıyır.

Müştərilərilərə verilən uyğun olmayan cavablar və yaxud kobud davranış artıq başqa bir mövzudur ki, bu da bankın daxili təlimatları, müvafiq departamentləri tərəfindən tənzimlənməlidir. Yazışmalar, zənglər qeydə alınmalı və incələnməlidir. Çox vaxt müştəri xidmətlərində çalışan əməkdaşların problemin texniki aspektləri barədə detallı məlumatları olmur və ya öz anladığı kimi cavab verəndə də absurd vəziyyət yaranmış olur.

Müştəri belə hallarda göstərilən xidmət səviyyəsindən şikayətçi ola bilər və yaxud yazılı şəkildə proqram təminatında aşkarladığı xətanı banka bildirə bilər. Amma bu məsələlər həllini tapacaq, ya tapmayacaq, bu da sonrakı mərhələdə qalır. Ona görə də, ya istifadə etmək ya da imtina etmək artıq müştərinin şəxsi qərarıdır.

Ola bilər ki, problem məsul şöbəyə çatdırılmır. Ola bilər ki çatdırılır, laqeyd qarşılanır. Yenə də banklar müstəqil kommersiya qurumudur. Siz ancaq təklif verə bilərsiniz və ya xidmətlərdən imtina edə bilərsiniz. Müqavilənizi incələyin, əgər orda müvafiq bəndlər varsa və öhdəliklər pozulubsa, məhkəməyə müraciət edinş. Bundan başqa, Mərkəzi Banka da qarşılaşdığınız münasibət ilə bağlı şikayət bildirə bilərsiniz

Ən yaxşı vətəndaş mövqeyi boykotdur. Beləliklə, xidmətdən imtina edərək, digər bankın müştərisi ola bilərsiniz. Amma bizdə hələ o korporativ mədəniyyət formalaşmayıb. Təəssüf ki, aşağı yuxarı hamısı eyni olacaq" - deyə, İKT mütəxəssisi qeyd edib.
Tarix: 5-03-2024, 21:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}