Dünyanın ən bahalı şəhəri – çaya görə Bakı


 
Qırx yaz, qırx bir yaz, xeyri yoxdur, bilirəm. Turizm, iaşə, xidmət möhtəkirliyi və kəmfürsətliyi mövzusunda mən də çox yazmışam, həmkarılarım da yazıblar, necə deyərlər, ictimaiyyət nümayəndələri də yazırlar, amma yaxşılığa doğru dönüş yoxdur, eləcə hər şey pisliyə doğrudur. Rejissor Vaqif Mustafayevin yerinə olsam, yeni “Hər şey pisliyə doğru” filmi çəkərəm...
Öncə bir tanınmış həmkarımızın başına gələn olayı yazım, sonra mətləb üstünə qayıdaram. Adamın adını ona görə yazmıram ki, mövzu qalacaq qıraqda, hamı başlayacaq ki, o vaxtilə TV-də işləyəndə elə deyirdi, deputat olanda bu cür danışırdı, ona görə də ona bu da azdır...
Xüləs, həmkarımız bir rəfiqi ilə gedib Atatürk parkındakı çayxanada oturub ki, bir qısmat çay içsinlər, bir az da “dünya düzəlmir ki, düzəlmir, baba” mövzusunda söhbət eləsinlər. (Bunu ondan bilirəm ki, hazırda bütün söhbətlərin əsas mövzusu dünyanın heç cür düzəlməməsi barədədir).
Dostlar bir çaynik çay sifariş ediblər. Ofisiant onlar çayla içmək üçün yeddi cür mürəbbə, şokolad, konfet, şəkərbura, qoğal, bamiyə, Şəki halvası, Quba paxlavası, Antep tatlısı, Antalya əzməsi və sair şirin şeylər təklif edəndə, bəylər görüblər ki, seçim etməsələr, çay içə bilməyəcəklər, ona görə də deyiblər, yaxşı, çayı ləbləbi ilə ver. Ofisiant onlara nəlbəkidə bir ovuc ləbləbi gətirib.
Yoldaşlar çay içə-içə söhbət edərkən ofisiant bir neçə dəfə yaxınlaşıb ki, yenə çay gətirimmi. Dostlar sırf onu başdan eləmək üçün (əks halda, adam dünyanın düzəlməsi istiqamətində gedən söhbəti kəsirmiş) deyiblər, yaxşı, gətir.
Söhbət tamama yetib və tərəflər müzakirələri növbəti danışıqlar raunduna saxlayaraq, saat 19.27-də ayağa qalxıblar, çayın hesabını istəyiblər və Sənan adlı kassir saat 19.28-də onlara aşağıda gördüyünüz qəbzi təqdim edib.
292460276_3141042526134415_7660268719144201522_n.jpg (57 KB)
Sadə çay – iki – 10 manat;
Ləbləbi – bir – 20 manat.
3 manat da xidmət haqqı. Cəmi 33 manat.
Ta bilmirəm dostlar bu açıq soyğunçuluğa görə çayxana rəhbərliyi ilə mübahisə ediblər, ya yox, amma onlardan biri bu qəbzi götürüb sosial şəbəkədə paylaşıb ki, xalq haqq-hesabı görsün. Bu hərəkətin mayasında, söz yox, bir az qısas da var. Adam istəyir ki, iki stəkan çaya görə 33 manat qatlayanlara antireklam olsun. Amma məsələnin savab tərəfi də var: qoy camaat işini bəri başdan bilsin. Birdən kimsə bir başqası cibində 20 manatı olduğu halda, bilməz, gedər, oturar, yuxarıda adları sadalanan delikateslərlə iki stəkan çay içər, nəticədə 40-50 manatlıq hesab gələr, verə bilməz, adama qab yudurdarlar, ya da tutub döyərlər, qanqaraçılıq olar.
İndi Xəlilulhaş eşqinə, özünüz deyin, bu da işdirmi, pul qazanmaq yoludurmu? Ömrümüzün yarısı çayxanalarda keçib, çox olanda 2 manat hesab olurdu – o da 4 çaynik çay içsək. İki stəkan çay nədən bu qiymətə olsun? Ötən zamanlarda bir dəfə biz Gəncədə 4 nəfərə 8 şiş “bülbül kababı” yedik, hesab 25 manat tutdu, indi bu nədir belə? Camaat kartric doldurub printerdə pul kəsir, yoxsa dalandar süpürgəsi ilə pulu xəkəndaza yığır, xarala boşaldır?
Bax, belə olur ki, bir dəfə səhvən o çayçıya yolu düşən, o boyda xərcə düşən, üstəlik, əsəbiləşən, bəlkə də lap axırda yüngülvari döyülən müştəri bir də nəinki həmin iaşə müəssisəsinə, hətta Atatürk parkına getmir ki, soyğunçularla üzləşməsin.
Ölkənin hər tərəfi belədir. Pandemiyadan qabaq Qəbələ tərəflərdə 150 manatlıq toğlu yemiş əcnəbilərdən bir cöngənin pulunu (1200 manat) almışdılar.
Ötən il özüm Göygöldə şahidi oldim. Bir avtobus adam idik, düşdük çay içməyə. Samovarı 30 manat idi. Dedik, eybi yox. Amma ofisiantlar mürəbbələri masaya bol-bol düzəndə, maraqlandım ki, qaqalar, bunun nəlbəkisi neçəyədir. Dedilər, 7 manat. Çox adam mürəbbə ilə çay içməkdən imtina etdi, yanında qadın xeylağı olan bəzi adamlar təşərləndilər, özlərinə sığışdırmadılar, “qalsın” dedilər, axırda iki stəkan çay onlara 27 manata başa gəldi. Əgər masaya qoyulan mürəbbələrin hamısı qalsatdı, bişəkk, pulu düzəldib verə bilməyəcəkdik və bizi girov götürəcəkdilər.
Hərdən belə xəbərlər çıxır: “London dünyanın ən bahalı şəhəridir”; “Tokio dünyanın bahalı şəhərləri arasında ilk üçlüyə daxildir”; “Moskva bahalılıqda Londonu üstələdi” və s. Bakıdan xəbəri olan yoxdur.
Hazırda Bakı dünyanın ən bahalı şəhəridir – sırf çay məsələsində. Otel tarifləri, taksi xidməti, “ailəvi istirahət yerlərində dincəlmək”-filan da ucuz sayılmaz.
Bu minvalla bu ölkəyə bir əcnəbi qırışmal dincəlməyə, gəzməyə gəlməyəcək. Bura iş üçün gələn əcnəbiləri turizmə dair statistikaya salmasınlar, onlar pul xərcləməyə yox, pul qazanmağa gəlirlər, bir də pis çıxmasın, “işbiyonluğa”.
Samir SARI
Tarix: 10-07-2022, 09:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}