“Gorbagorlar” yenidən “xortlamaq” istəyirlər?

Mərkəz rəhbəri: “Əks halda Azərbaycan cavab tədbirləri görəcək”
Qarabağda ləğv edilmiş qondarma qurumun İrəvana qaçan “rəhbərləri” yenidən fəaliyyətə keçiblər. Özünü separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyanın “müşaviri” kimi təqdim edən Vladimir Qriqoryan erməni mediasına deyib ki, “Artsax”ın ləğv olunmasına dair “fərman” artıq mövcud deyil. O, iddia edib ki, Şahramanyanın 19 oktyabr tarixli başqa bir “fərmanı” ilə qondarma qurumun bütün “hakimiyyət orqanları” - “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin “meri” fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.
Qeyd edək ki, Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr tarixli antiterror əməliyyatından sonra, sentyabrın 28-də qondarma “Artsax Respublikasının” və onun “müdafiə ordusunun” 1 yanvar 2024-cü ildən etibarən buraxılacağına dair “fərman” imzalamışdı. Şahramanyanın yeni “fərmanında” isə deyilir ki, qondarma “respublikanın” 2023-cü il oktyabrın 1-dən bu yana bütün “sənədləri” etibarlıdır.
Qriqoryan iddia edib ki, Şahramanyanın yeni “fərmanı” ilə onun 28 sentyabrda imzaladığı “sənəd” qüvvəsini itirib və “Artsax Respublikası” fəaliyyətini 2024-cü ildə də davam etdirəcək. O, Şahramanyanın 28 sentyabr “fərmanını” ləğv edən xüsusi “sənəd” imzalamaması ilə bağlı suala cavab olaraq deyib ki, ayrıca “fərmana” ehtiyac yoxdur: “Həmin “sənəd” legitim olmayıb”.

Bu açıqlamadan sonra analitiklər hesab edirlər ki, separatçılar İrəvanda “dirilməyi” qarşılarına məqsəd qoyublar və bu, sülh prosesinə əngəl yaradan amilə çevrilə bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya müsahibəsində deyib ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra separatçıların Bakının şərtlərini qəbul etməkdən başqa yolu yox idi:
- Əməliyyatlardan sonra separatçıların nümayəndələri Yevlaxda görüşə gəldilər, Şahramanyan da bir “fərman” imzaladı. Hansı ki, həmin “sənədin” də bizim üçün hüquqi əhəmiyyəti yox idi. Hər halda bəyan etdilər ki, yanvarın 1-i 2024-cü ildən etibarən qondarma qurumun bütün “orqanlarını” buraxırlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, separatçılar ərazimizi tərk etdilər, bəzilərini həbs etdik. Bundan sonra müəyyən açıqlamalar verilirdi ki, guya Şahramanyan təzyiq altında həmin “fərmanı” imzalayıb, qondarma qurumun buraxılmasından imtina edilməlidir və s.

İndi də bu məsələni ortaya atıblar ki, özlərini xilas etmək üçün həmin “sənəd” imzalanıb. İndi bu “sənəddən” separatçılar imtina edirlər ki, bu, gözlənilən idi. Onsuz da son həftələrdə separatçıların İrəvandakı “nümayəndəliyində” Azərbaycana qarşı toplantılar keçirilirdi, ərazi iddiaları təkrarlanırdı. Demək istədiyim odur ki, separatçıların qondarma rejimin özünü buraxması ilə bağlı “fərmandan” imtina etməsi gözlənilməz hal deyildi.
- Və separatçıların İrəvandakı toplantılarına Paşinyan hakimiyyəti müdaxilə etmədi...
- Buna qarşı Ermənistan hakimiyyətinin üzvlərindən müəyyən bəyanatlar səsləndirilib. Ermənistan Parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının nümayəndəsi bu yaxınlarda bildirdi ki, Ermənistan ərazisində ikinci “hökumət” və ikinci “parlament” fəaliyyət göstərə bilməz. Həmin yüksək rütbəli məmur “Artsax” deyilən qondarma qurumun “hökuməti və parlamentini” nəzərdə tutur. Hesab edirəm ki, rəsmi İrəvan sözdən əmələ keçməli və separatçıların İrəvandakı cəhdlərinin qarşısını almalıdır.  Yanvarın birinə cəmi 2-3 gün qalıb. Gələn ilin ilk günündən qondarma qurumun İrəvandakı “nümayəndəliyi” bağlanmalıdır.
- İrəvan bu addımı atmasa və separatçılar Ermənistanda qondarma qurumun “strukturlarının” fəaliyyətini davam etdirsələr, nə baş verəcək?
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi çətinləşəcək. Çünki rəsmi Bakı qəbul edə bilməz ki, Ermənistan ərazisindən yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürülsün, təxribat planları hazırlansın. Paşinyan və hökuməti ağlını, məntiqini itirməyibsə, separatçıların fəaliyyətinə imkan verməməlidir.
Yeri gəlmişkən, bu yaxınlarda “Daşnaksütyun” Partiyasının gənclər qolu İrəvanın mərkəzindəki körpülərdən birində Bakıda həbsdə olan separatçı quldurların şəkillərini asmışdılar. Bir neçə saatdan sonra Ermənistan hökuməti həmin şəkilləri körpüdən yığışdırdı. Bu, ona işarə ola bilər ki, rəsmi İrəvan separatçıların fəaliyyətini də dayandırmaq barədə düşünür. Yenə deyirəm, separatçıların İrəvandakı fəaliyyətinin qarşısı alınmasa, birincisi, sülh sazişinin imzalanması çətinləşəcək, ikincisi, Azərbaycan da addımlarını atacaq.
- Azərbaycan hansı addımı ata bilər?
- Məsələn, Bakıda Qərbi Zəngəzurun mühacir hökumətini, mühacir parlamentini formalaşdıra bilərik. Bu, Ermənistan üçün xoş olmayan gediş olacaq və Bakının əlində güclü alətə çevriləcək. Ona görə də Paşinyan hökuməti separatçıların qarşısını almalıdır.
- Paşinyan bunu edə biləcəkmi?
- Bu gün Paşinyanın qarşısında iki güc var: Qarabağ separatçıları və radikal müxalifətdə olan “Qarabağ klanı”. Əgər Paşinyan qondarma rejimin İrəvandakı “nümayəndəliyini” bağlamaq qərarı versə, yəqin ki, hökumətinə qarşı etiraz aksiyaları, qarşıdurmalar olacaq. Amma o, bizim yox, Ermənistanın daxili problemidir. Azərbaycanın mövqeyi bəllidir – Ermənistanda ölkəmizə qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır. İrəvan sülh istəyirsə, müqavilədə əsas bənd ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və bir-birinə qarşı ərazi iddiası irəli sürməmək öhdəliyinin götürülməsi olacaq. Yox, əgər İrəvanda bir qrup şəxs Azərbaycan ərazilərinə iddiasını davam etdirirsə, o zaman bölgədə nə sülh olacaq, nə də əməkdaşlıq.
- Ermənistan rəhbərliyinin bəyanatlarından aydın olur ki, qondarma qurumun İrəvanda fəaliyyət göstərməsini istəmirlər. O zaman Ermənistanda Şahramanyanı, ümumiyyətlə, separatçıları indiki məqamda hərəkətə gətirən hansı qüvvədir?
- Onu qeyd edim ki, Şahramanyanın Rusiyanın kəşfiyyat strukturları ilə bağlılığı var. Qondarma rejimin əvvəlki “rəhbəri” Arayik Arutunyan “postundan” uzaqlaşanda Şahramanyan elə də tanınan fiqur deyildi. Çox güman ki, rus kəşfiyyatı Şahramanyanı gətirib separatçıbaşı qoydu. Bunu sübut edən başqa bir məqam da var: necə oldu ki, Arutunyanı, qondarma qurumun digər “rəhbərlərini” Azərbaycan yaxalaya bildi, Şahmaranyan isə İrəvana qaça bildi?! Bu, o deməkdir ki, ruslar helikopterlə Şahramanyanı İrəvana qaçırdılar. Yəqin ki, indi Şahramanyanın İrəvanda aktivləşməsi ona himayədarlıq edən qüvvələrin göstərişi ilə bağlıdır.
Üstəlik, burada bir qədər psixoloji amil də var. Bunlar 30 ildən çoxdur ki, separatçılıqla məşğul olublar, təxribatlar törədiblər, cinayətlərə imza atıblar. Qəfldən Qarabağdan çıxmalı oldular. İndi bunu separatçılar sakitcə həzm edə bilmirlər. Ona görə də hesab edirəm ki, hələ bir müddət müqavimət göstərməyə çalışacaqlar. Biz düşünməyək ki, problemi həll etmişik və bundan sonra heç bir təxribat olmayacaq. Əlbəttə ki, müəyyən qədər müqavimət göstərməyə çalışacaqlar. Separatçıların və “Qarabağ klanı”nın bütün siyasətləri işğal üzərində qurulmuşdu. İndi işğal yoxdur və bu qüvvələr hər şeydən məhrum olublar. Məhrum olduqlarına görə də müqavimətə can atırlar. Amma Azərbaycan öz addımlarını atır, qərarlı siyasətini davam etdirir. Düşünürəm ki, separatçıların bu müqavimət hissləri zamana bağlıdır. Zaman keçdikcə müqavimət istəkləri sıfıra enəcək.
Müəllif: Anar Bayramoğlu
Tarix: 26-12-2023, 15:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}