Təhlükəli planlar işə düşüb - NƏ ETMƏLİ?

Təhlükəli planlar işə düşüb
Qərbin Ermənistan vasitəsilə həyata keçirmək istədiyi “təhlükəsizlik planı” Cənubi Qafqazda təhlükəsizliyi yeni təhdid mənbəyinə çevirir. Çünki bu ölkədə Qərbin israrlı dəstəyi ilə hakimiyyətə gətirilən Nikol Paşinyan və komandası bölgənin maraqlarından daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Qərbin həyata keçirmək istədiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsindən daha çox Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına yeni mane yaradır. Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhədyanı bölgədə yerləşdirilən Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə dair sazişi ratifikasiya edib. “Mülki missiya” sayılan bu qurum İttifaqın regiona yeritdiyi ilk hərbi qrupdur. Onların bölgəyə gəlməsini rəsmi Bakı qəbul etməyib. Başqa sözlə, bu layihəni Avropa İttifaqı rəsmi İrəvanın “istəyi” ilə reallaşdırıb. Lakin Ermənistan qonşu dövlətlərlə münasibətini həll etməyib. Ərazisində Rusiyanın hərbi bazası mövcuddur. İran və Türkiyə ilə dövlət sərhədlərinə özü nəzarət etmir, iqtisadiyyatı da Rusiyadan asılı vəziyyətdədir. Oxşar oyunlar Gürcüstanın, ondan 4 il sonra Ukraynanın başına açıldı. Hələ tam formalaşmayan, Rusiyaya qarşı müqavimət göstərmək gücündə olmayan Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün əməliyyata başladı. O zaman Gürcüstanı demokrat cəmiyyət, NATO standartına uyğun hərbi qüvvə sayırdılar. Hətta NATO və ABŞ bu ölkə ilə hərbi təlimlər də keçirirdi. İndiki vəziyyət son olmasa da nəticə məlumdur. Sonra Rusiya Krımı ilhaq etdi. 2022-ci ilin fevralında isə Rusiya bu ölkə ərazisində “xüsusi hərbi əməliyyat” keçirməyə başladı. Ukraynada baş verənlər də eyni ssenari ilə başladı. Cənub və şərqə doğru sərhədlərində baş verənlər Rusiyanın da tezliklə cavab verəcəyi ehtimalını günü-gündən artırır. İranın da baş verənləri sakitcə müşahidə edəcəyi gözlənilmir. İran Ermənistanda xarici qüvvələr, xüsusilə ABŞ, NATO hərbçilərinin mövcudluğunu özünə təhlükə mənbəyi sayır. Rəsmi olmayan mənbələr artıq İranın xüsusi xidmət orqanları əməkdaşlarının ayrı-ayrı adlar altında Ermənistana keçməyə başladıqlarını bildirirlər. Odur ki, bu ölkə ərazisində nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkündür. Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirdi ki, Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq yaradır, çünki Brüssel və Vaşinqton bu cür tədbirlərin anti-Rusiya mahiyyətini birbaşa deyir: "Bundan əvvəl İrəvanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 5-nə planlaşdırılan görüşün heç bir üçüncü tərəfə qarşı yönəlmədiyi bildirilib. Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri bizim tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər”. Zaxarova qeyd edib ki, bu cür görüşlər Bakı ilə İrəvan arasında sülh deyil, Qərbi öz destruktiv yanaşmaları ilə Cənubi Qafqaza tanıtmaq, orada yeni bölücü xətlər yaratmaq, region ölkələrini bu görüşə məcbur etmək məqsədi daşıdığından regionda da narahatlıq yaradır: “Niyə rəsmi İrəvan nədən söhbət getdiyini başa düşmədiyini iddia edir, böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”. Ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Paşinyan AB-nin eyni sülhməramlı missiyasını Ermənistana çağıraraq, Azərbaycana bunun cəmi iki ay olacağını vəd etmişdi. Lakin iki ay sonra Avropa Birliyi Bakıya məhəl qoymadan bu missiyanı ikiqat artırdı: "İndi də Norveç, Kanada və ABŞ-dən yenə də hərbi personal oraya göndərilir və AB-nin missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər. Və son bir neçə ilin bütün bu hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif olunur”. Məlumat üçün deyək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirmişdi ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: "Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ və Avropa ölkələri Ermənistan üzərindən Cənubi Qafqazda öz mövcudluqlarını təmin etmək və regiona nəzarəti ələ almaq üçün ciddi fəaliyyət göstərirlər. Partiya rəhbəri bildirib ki, eyni ssenari Gürcüstan və Azərbaycan üzərində də tətbiq olunub:

"Gürcüstanla bağlı proseslər, qonşu ölkənin hansı aqibəti yaşadığı bəllidir. Zamanında Azərbaycanda qarmaqlar atıldı. Amma Azərbaycan heç bir dövrdə hansısa kənar dövlətin, güclərin əlində alətə çevrilmədi. Qərb artıq bunun fərqindədir. Gürcüstan da son dövrlərdə Rusiya ilə bağlı ehtiyatlı mövqe tutmaqdadır. Amma Ermənistan istənilən dairələrin əlində alət olmağa meyillidir. ABŞ və Avropa ölkələrinin bölgəyə yerləşmə cəhdləri heç bir halda Rusiya və cənub qonşumuz İranın diqqətindən kənarda deyil. Moskva və Tehran Qərbin regiona soxulmasına seyirci mövqe sərgiləməyəcək. Hər bir ölkənin öz marağı var və üst-üstə düşən maraqlar kontekstində Rusiya və İran Qərb-Ermənistan yaxınlaşmasına cavab verəcək. Ermənistan iqtisadiyyatı demək olar ki, bütünlüklə Rusiyadan asılıdır və ölkədə Rusiyanın hərbi bazaları mövcuddur. Ermənistanın sərhədləri rus hərbçiləri tərəfindən qorunur".
A.Əlizadə vurğulayıb ki, Rusiya və İran fərqindədir ki, regiondan kənar ölkələrin bölgəyə müdaxiləsi hər iki dövlətin təhlükəsizliyinə ciddi təhdiddir: "Elə məqsəd də Rusiya və İranın Cənubi Qafqaza təsirlərini azaltmaqdır. Düzdür, Rusiya və İran rəsmiləri zaman-zaman məsələyə münasibət bildirirlər. Ancaq hələlik açıqlamalar İrəvan hökumətini bu addımlardan çəkindirməyə hesablanıb. Şübhə yox ki, məsələ ciddiləşərsə, o zaman Rusiya və İran ciddi adekvat addımlar atacaqlar. Heç bir halda Rusiya və İran Cənubi Qafqazdan çıxmayacaq. Rusiyanın Ukrayna savaşından dolayı zəifləməsi, sanksiyalara məruz qalması fonunda belə Moskvanın İrəvanın üzərindən əlini götürəcəyi inandırıcı deyil. Gümrüdəki bazada 4 min rus hərbçisi var idisə, hazırda onların sayı 6 mindən çoxdur. Rusiya bölgədəki hərbi kontingenti möhkəmləndirməklə regionda qalmaq niyyətini ortaya qoyur".
Tarix: 30-03-2024, 16:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}