Əgər müsəlman ölkəsinin lideri korrupsiyaya bulaşıbsa... - Din xadimləri nə etməlidir?

“Xarab olan şeyi duza qoyurlar, bəs duz xarab olanda nə edək?..” Əgər müsəlman ölkəsinin lideri korrupsiyaya bulaşıbsa... - Din xadimləri nə etməlidir?
Xəbər verdiyimiz kimi, mediada növbəti dəfə müsəlman ölkəsi kimi tanınan Türkmənistan liderinin özünün və yaxın qohumlarının korrupsiyaya, rüşvətxorluğa bulaşması haqda informasiyalar yayılıb.

Demək olar ki, hər çıxışında korrupsiyaya qarşı mübarizədən bəhs edən, məmurları bu bəladan uzaq durmaq üçün hədələyən Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun bacısının kürəkəni Ibabekir Bekdurdyevin 1 milyondan çox dəyərində bir neçə qol saatına malik olduğu üzə çıxıb. Həmin faktın yayılmasına prezidentin yaxın qohumu özü bu barədə sosial şəbəkələrdə paylaşımlar etməklə rəvac verib.

Təbii ki, son zamanlar iqtisadi böhran yaşayan, özü də İslam ölkəsi sayılan Türkmənistan üçün bu heç də ürəkaçan hal deyil. Özü də bu, hələ dövlət başçısının bacısının kürəkəni ilə bağlı faktlardır...

Ümumiyyətlə, son illər müsəlman ölkələrində, hətta Səudiyyə Ərəbistanı, İran kimi “klassik” İslam dövlətlərində liderlər, krallar, şahzadələr, nazirlər səviyyəsində korrupsiya faktları barədə informasiyalar çox yayılmaqdadır. Bəs görəsən, müsəlman ölkəsinin lideri, rəhbərləri, yüksək vəzifəli məmurları korrupsiya ilə məşğuldursa, həmin ölkənin din xadimləri, möminləri hansı mövqedə dayanmalıdırlar? Axı İslamda möminin ən vacib vəzifələrində biri də əmr bə məruf və nəhy əz münkərdir. Yəni yaxşı əmələ dəvət və pis əməldən çəkindirmək...

Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli Moderator.az-ın bu haqda sualını belə cavablandırıb:

“Sözsüz ki, məsələnin siyasi tərəfinə toxunmaq bir ilahiyyatçı kimi səlahiyyətimdə olan iş deyil. Amma rüşvətxorluğun İslamda necə qarşılanmasından danışmaq mümkündür. Allahın nəzdində rüşvətə bulaşmış, rüşvətxorluq şüuru, əqidəsi ilə yaşayan bir qövmün, bir toplumun aqibəti, sonu necə olacaq? Əlbəttə, bu, bütün möminləri, əqidəli vətəndaşları düşündürən suallardandır.
Rüşvət - toplumun mənəvi dəyərlərini məhv edən, insanlığı tərəqqiyə yox, geriyə, tənəzzülə dartan bir bəladır, bir kabusdur. Haqla batilin yerini dəyişən bir bəladır. Peyğəmbər əleyhissəlam öz hədislərində rüşvəti alanı da, verəni də lənətlənmiş bir məxluq sayır...
Dövlətə xidmət isə həm xalqa, həm də geniş mənada Allaha xidmət kimi dəyərləndirilməldir. Əgər vəzifə başında duran insanlar xalqa, dövlətə xidmət əvəzinə əyri yollara, rüşvətə tərəf meyillənirsə, onda həmin xalqın milli-mənəvi dəyərlərinə böyük bir zərbə dəymiş olur”.

İlahiyyatçı dövlət adamının vəzifə başında xalqın mənəviyyatını rüşvət kimi bəlalardan, çirkablardan qorumalı olan bir əsgər kimi dayanmalı olduğunu vurğulayıb:
“Bilirsiz, insan həyatda daim imtahan olunur. Bəzən maddi çətinliklərlə, bəzən bədəni ilə, bəzən də mənəviyyatıyla imtahana çəkilir. Amma istənilən çətinliyə rəğmən hər hansı bir vəzifə başında olan şəxs mənliyini qorumaqla özünün rüşvət adlı o bədnam virusa yoluxmasına imkan verməməlidir. Yəni hər bir dövlət məmuru bir əsgər kimi həm özünün, həm də xalqın mənliyini, şəxsiyyətini, mənəviyyatını, rüşvətxorluq kimi çirkablardan qorumalıdır...
A.Hacıbəyli rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin böyük rolunu qeyd edərək rüşvətə bulaşmış bir məmurun dərhal deşifrə edilərək nüfuzdan salınmasının hələ tam çıxış yolu olmadığını bildirib:
“Əslində rüşvət kimi bəlalara münasibətdə cəmiyyəti din adamına, dünya adamına və digərlərinə bölmək doğru deyil. Azərbaycan tarixən bir müsəlman ölkəsidir. Biz bir demokratik ölkədə yaşayırıq. Təbii ki, demokratiyadan qaynaqlanan dəyərlər sırasında da rüşvət yasaq edilir, bəyənilmir. Dinimizdə isə dediyimiz kimi, rüşvət nəinki yasaqdır, həm də haramdır. Odur ki, cəmiyyətdə gəncindən tutmuş yaşlıyadək hər bir fərdi həm bir müsəlman, həm də vətəndaş olaraq rüşvətxorluğu ifşa edən maarifləndirmə işi aparmalıdır.
Əgər hər hansı vəzifə tutan kimsə rüşvətin haramlığını, müdhiş bir cinayət olmaqla yanaşı, həm də mənəviyyatsızlıq, şərəfsizlik olmasını anlamırsa, onu dərhal deşifrə edib cəmiyyət içində nüfuzdan salmaq lazım deyil. Öncə rüşvətə bulaşmağa meyilli olan məmurlara din adamları, ağsaqqallar nəsihət verməli. Ona bu yolun dövlət və xalq qarşısında bir cinayət, Allah qarşısında isə cəzası hədsiz ağır olan böyük bir günah olduğunu anlatmağa çalışmalıdırlar. Belə məmurlara izah olunmalıdır ki, sən bu xalqın, ümmətin övladısan, rüşvət isə Axirət günü çox ağır bir günah kimi cəzalandırılacaq. Çünki rüşvət yemək sanki, od, atəş yeməkdir. Bu əməllə sən həm də öz ailəni, övladlarını atəşə sürükləyirsən...

İlahiyyatçı bəzən müsəlman ölkələrində İslam xadimlərinin özlərinin də rüşvət kimi çirkaba bulaşmasından təəssüf hissi keçirdiyini söyləyərək din adamlarını, məmurları, müəllimləri, həkimləri və s. öz işləri və əməllərində, eyni zamanda korrupsiyaya qarşı mübarizədə nümunə olmağa çağırıb:

“Bir sözlə, din adamı, ağsaqqallar, möminlər cəmiyyəti, insanlığı fəlakətə sürükləyən bəlalara, mənfi hallara qarşı qətiyyətlə dürüst bir mövqedə durmalıdır. Amma çox təəsüflər ki, bəzən din adamları özləri də belə çirkablara bulaşır. Məşhur bir xalq məsəli var ki, hər şey xarab olanda duza qoyurlar, bəs duz xarab olanda nəyə qoymaq lazımdır. Gerçək din adamı da, müəllim də, həkim də, vəzifəli adamlar da topluma bir nümunə olmalıdır. Nümunəvi insanlar, rüşvətdən, haramdan uzaq məmurlar nə qədər çox olarsa, yalnız o halda tədricən rüşvətin, korrupsiyanın kökünü kəsmək olar..."

Rüşvətin tarixən bəşəriyyətin sağalmaz bir mərəz olduğunu söyləyən A.Hacıbəyli müsəlman ölkəsinin gələcəynin aydın olması üçün xüsusən gəncliyin bu bəladan uzaq tutulmasının vacibliyini vurğulayıb:

“Rüşvət, sələm tarixən bəşəriyyətin tam sağalmayan bəlalarından biridir. Bu gün ən qabaqcıl sayılan ölkələrdə belə, rüşvət, korrupsiya halları var. Rüşvət insanlıq qarşında bir İblis toru, bir tələdir. Təəssüf ki, son zamanlar müsəlmanlar da çox düşür bu tələyə... Əslində həmin bəlanı kənardan düşmənlər içimizə atıblar. Bu gün bu cənnətməkan vətənimizin bütün yeraltı, yerüstü sərvətlərimizdə də dəyərli olan gəncliyimizin beyin sərvəti, könül sərvətidir. Gənclərimizin rüşvət kimi bəlalardan qorunub təmiz saxlanılamsı bəlkə də bu şanlı millətin gələcəyinə açılan ən böyük qapılardan biri olar...”

Sultan Laçın
Tarix: 9-02-2018, 22:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}